Reklam

Etibarnamə ilə sürülən avtomobili sığortalamaq sərfəlidirmi?

Öyrənək 19 Noyabr 2020 12:20 Oxunub 1712
Etibarnamə ilə sürülən avtomobili sığortalamaq sərfəlidirmi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda sürücülərin bir çoxu istifadələrində olan avtomobili etibarnamə əsasında idarə edirlər. Yəni avtomobilin mülkiyyətçisi həmin avtomobildən digər şəxsin istifadə edə bilməsi üçün ona vəkalət sənədi verir.

Nəzərə alaq ki, ölkədə avtomobil sahibləri onların mülki məsuliyyətinə görə icbari sığorta olunmalıdır. Sığortanın bu növü üzrə sığorta haqları və ya ödəmələrdə isə bonus-malus sistemi tətbiq edilir.

Sığorta sahəsi üzrə mütəxəssis Xəyal Məmmədxanlı “Report”a bildirib ki, avtomobillərin etibarnamə sənədi əsasında idarə edilməsi bonus-malus sisteminin işləməsinə mane olur.

“Dünya praktikası da göstərir ki, etibarnamə əslində lazımsız bir sənəddir. Çünki etibarnamə olmasa belə, avtomobil oğurlanıbsa, şikayət verildiyi təqdirdə onu tapmaq mümkün olar. Hazırda polis də avtomobili saxlayıb etibarnaməsinin olub-olmamasını yoxlamır. Bütün dünyada praktika belədir ki, şəxsin sürücülük hüququ varsa, avtomobilin sənədi maşındadırsa və onun haqqında hər hansı cinayət axtarışı yoxdursa, şəxs həmin avtomobili qanuni əsaslarla idarə etmiş hesab olunur”.

Bizdə isə ünvan və vahid reyestr məlumatlarının olmaması səbəbindən etibarnamə olmadıqda bir çox hallarda avtomobili kimin idarə etməsini tapmaq çətin olur. Bu cür məsələlərə görə Azərbaycanda etibarnaməni tam ləğv etmək olmur. Dünyanın əksər ölkələrində artıq bu məsələ tarixə qovuşub. Bizdə də belə olmalıdır. Əks halda, etibarnamə olduğu müddətdə bonus-malus sistemini lazım olduğu qədər tətbiq etmək olmayacaq və nəticədə həmişə icbari sığorta zərərdə olacaq”.

Ekspert bunun səbəbini də izah edib:

“Azərbaycanda avtomobili sığortalamağa hüquqi çatan şəxs onu istifadə edən istənilən şəxsdir. Yəni avtomobili etibarnamə ilə sürən adamın belə onu sığortalamaq hüququ var.

Tutalım bir şəxsin avtomobili var və o iki-üç il ard-arda qəza hadisə törədir. Növbəti il həmin şəxs malus əmsalı ilə sığorta haqqı ödəməlidir. Yəni əvvəl 100 manat olan məbləğ artıb 150 manat olur. Bu zaman həmin şəxs ailəsində hər hansı adamın, bəzi hallarda çox yaxşı sürücülük təcrübəsi olan adamın adına etibarnamə yazır və 150 manat ödəməli olduğu halda güzəştlə 50-60 manat ödəyir. Nəticədə sığorta bazarını və sığorta portfelini korlamağına baxmayaraq cəzadan yayınmış olur”.

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov isə bildirib ki, etibarnamənin mövcudluğu sığorta hadisəsi zamanı problem yaratmır:

“Avtonəqliyyat vasitəsi sahibi tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş etibarnamənin mövcudluğu avtonəqliyyat vasitəsini həmin etibarnamə əsasında idarə edən vətəndaş üçün “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə müvafiq sığorta müqaviləsinin əldə edilməsinə, həmçinin sığorta hadisəsi baş verdikdə zərər çəkən qarşı tərəfə zərərin ödənilməsi ilə bağlı heç bir maneə yaratmır.

Bu hal "İcbari Sığortalar haqqında" Qanununun aşağıdakı maddələrində öz əksini tapıb:

53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar”.

İSB sədri etibarnamə sənədinin bonus-malus sisteminə təsiri məsələsinə də münasibət bildirib:

Bonus-malus – əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemidir

Yeni sığorta müqaviləsinin bağlanması zamanı (“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə) avtonəqliyyat vasitəsi sahibi tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş etibarnamənin mövcudluğu avtonəqliyyat vasitəsini həmin etibarnamə əsasında idarə edən vətəndaş üçün sığorta haqlarının azalmasına və ya artmasına (bonus-malus) təsir göstərmir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh