Mingəçevir su anbarı və onun təhlükəsizliyi
Kür çayının Bozdağdan keçdiyi hissəsində yaradılan Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib. Su anbarının 83 metrlik normal dolma səviyyəsində ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni bənddə 3 km-dən başlayır və Alazan çayı tökülən yerdə 18 km-ə qədər dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su səthinin sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir. Sonuncu göstərici Mingəçevir su anbarının bəndini Avropadakı suvarma vasitəsiylə inşa edilən ən hündür bəndlərdən birinə çevirir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları Mingəçevir su anbarından qidalanır. Su anbarından enerji istehsalı, su təchizatı, balıqçılıq və çaylarda suyun səviyyəsinin idarə olunması məqsədi ilə istifadə olunur.
Mingəçevir su anbarının bəndində ümumi gücü 401.6 meqavatt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilib. Su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulub. Su anbarının qidalanmasında Kür, Alazan, İori və Gəncəçaydan gələn su axınından istifadə edilir. Anbarı ərazisinə Mingəçevir, Yevlax, Samux və Gəncənin bir hissəsi daxildir.
Anbardan 172 km uzunluğundakı Yuxarı Qarabağ kanalı və 123 km uzunluğundakı Yuxarı Şirvan kanalı su götürür. Mil, Muğan və Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda əhalinin elektrik enerjisi ilə təminatında xüsusi rolu olan Mingəçevir su anbarı aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları yerləşdiyindən hövzədə suyun miqdarı artdıqca, onun seysmik fəallığının da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarını ciddi təhdid mənbəyi hesab etmək olar. Qeyd edək ki, yaz aylarında Mingəçevir su anbarındakı seysmiklik artır. Çünki yaz aylarında çaylarda suların artması ilə anbarda da suyun həcmi artır.
Lakin su anbarı kifayət qədər yüksək seysmik dayanıqlığa dözümlü konstruksiya ilə inşa edilib. Mingəçevirin özü 8 ballıq seysmik zonaya düşür. Anbarın maksimum yükgötürmə qabiliyyəti 18 milyard tondur. Ancaq onu kritik həddə qədər doldurmaq olmaz. Mingəçevir su anbarındakı suyun həcmi daim tənzimlənir. Gürsululuq dövründə kritik həddin keçilməsinə yol verilmir, artıq su kanallarla buraxılır.
Azərbaycanın həm içməli su, həm enerji, həm suvarma, həm də çay sularının idarə olunmasında Mingəçevir su anbarı çox böyük əhəmiyyətə malikdir. İşğalçı Ermənistan ilə mövcud müharibə vəziyyəti siyasi və hərbi rəhbərliyi cəbhə bölgəsinə çox da uzaqda olmayan strateji dövlət obyektinin həm havadan, həm də qurudan qorunması üçün ciddi tədbirlər görməyə vadar edir.
Mingəçevir su anbarının qurudan mühafizəsi
Azərbaycan Prezidentinin 2011-ci il fevralın 25-də imzaladığı Fərmana əsasən Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan Su Ehtiyatları Dövlət Agentliyinin səlahiyyətlərinə dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin etmək, ölkədə qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirmək, yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparmaq daxil edildi.
Mingəçevir Su Elektrik Stansiyasında təhlükəsizliyin təmin edilməsi strateji məsələ kimi daim diqqətdə saxlanılır, 16 milyard kubmetr su ehtiyatına malik anbarın kənar müdaxilələrdən qorunması üçün müasir avadanlıqlardan istifadə edilərək mükəmməl təhlükəsizlik sistemi qurulub. Bu təhlükəsizlik sistemi stansiyanın perimetrini, su bəndini və xüsusi əhəmiyyətli üç mühəndis qurğusunu kənar müdaxilələrdən qoruyur. Stansiyaya mükəmməl təhlükəsizlik cihazlarına malik dörd nəzarət-buraxılış məntəqəsindən (NBM) daxil olmaq mümkündür. Bütün NBM-lər texnologiyanın son nailiyyətləri olan təhlükəsizlik sistemləri ilə təchiz edilib. Su Elektrik Stansiyasının perimetri boyunca 4350 metr xəbərdarlıq və 3950 metr əsas elektron qoruyucu çəpər çəkilib. Çəpər boyunca hər 50 metrdən bir qurulan dayaqlarda 240 sabit videokamera vasitəsilə perimetrə nəzarət olunur. Həmin dayaqlarda 55 səsləndirmə sisteminin səsucaldanları quraşdırılıb ki, bunların köməyi ilə əraziyə xəbərdarlıq və ya həyəcan anonsları verilir. Bundan başqa, strateji nöqtələrdə qurulan 360 dərəcə fırlanan 20 ədəd video kameradan, 19 ədəd isə termal kameradan istifadə olunub ki, bunlarla da hər hansı hadisəni və obyekti tam analiz etmək mümkündür.
Bu mühüm ərazidə ümumilikdə 852 kvadratmetr yeni tikinti işləri aparılıb, 300 kvadratmetrdən çox isə yenidənqurma işləri görülüb, ərazi boyunca 11 min kvadratmetr yola asfalt örtüyü çəkilib. Binalar yanğın siqnalizasiya və avtomatik qaz söndürmə sistemləri ilə təchiz olunub. Bütün bu tədbirlərin əsas məqsədi Mingəçevir su anbarının ərazisində xüsusi rejim formalaşdırmaq və təhlükəsizliyin təmin edilməsidir.
Su anbarının girişləri 8 şlaqbaum və 4 taran əleyhinə maneə ilə qorunur. NBM-ə yaxınlaşan avtomobilin nömrəsi və sürücünün sifətinin görüntüsü haqda məlumatlar bazada toplanır və identifikasiya edilir, şlaqbaumla taran əleyhinə maneə arasında avtomobil yoxlanılır. Xaricdə istehsal olunan taran əleyhinə maneə 50 tona qədər zərbənin qarşısını ala bilir. Obyektə daxil olan piyadaların sifətini identifikasiya etmək üçün isə NBM-də xüsusi kamera quraşdırılıb. Buraxılış məntəqəsinə daxil olan şəxs feys-inspektor sistemindən keçir, sifətin identifikasiyası aparılır, xüsusi plastik kartı turniketə yaxınlaşdıraraq keçidə icazə alır. Təhlükəsizlik sisteminin bir özəlliyi də ondan ibarətdir ki, 4 nəzarət buraxılış məntəqəsinin hər biri vahid mərkəzdən idarə olunur.
Təhlükəsizlik sisteminin ən mühüm elementindən biri də çəpərlərdir. Bu çəpərlər xüsusi materialdan hazırlanıb. Stansiyanın qorunan ərazisi bir-birindən bəzi yerlərdə 2 metr, bəzi yerlərdə isə 15-20 metr məsafədə yerləşən ikiqat məftil çəpərlə əhatələnib. Birinci çəpər tikanlı məftillə təchiz edilib ki, onu keçmək və üstündən aşmaq mümkün olmasın. Bu çəpər qorunan əraziyə adamların və heyvanların təsadüfi keçidinin qarşısını almaq üçün nəzərdə tutulur. Birinci çəpərdə həyat üçün təhlükəli olan hər hansı elektrik cərəyanı və digər elementlər yoxdur. İkinci çəpərin üzərində yüksək həssaslığa malik, titrəyişlə işləyən mühafizə detektorları quraşdırılıb. Çəpərə hər hansı toxunuş haqda məlumat bu detektorların köməyi ilə dərhal mərkəzə ötürülür və müdaxilə aşkar olunur. Bundan əlavə, birinci və ikinci çəpərlər arasındakı dəhlizdə radiodalğalı hərəkət detektorları quraşdırılıb.
Anbarın təhlükəsizlik sistemində ən mühüm element mini radiolokasiya stansiyasıdır. Bu stansiya ən çətin və ən mürəkkəb hava şəraitində müşahidəyə imkan verir, axtarış-xilasetmə işlərində naviqasiyanın təhlükəsizliyini təmin edir. Sistem dəniz üzərində 25 metrlik yüksəklikdə qurulduqda 1200 tonluq obyekti 23 dəniz mili, 400 tonluq obyekti 16 dəniz mili, 4.5 tonluq kiçik obyektləri 3 dəniz mili məsafədən müəyyənləşdirə bilir. Bu sistem mürəkkəb hava şəraitlərində axtarış xilasetmə işlərində də naviqasiyanın təhlükəsizliyini təmin edir. Obyektə hər hansı bir kənar müdaxilə olarsa bu sistemin vasitəsi ilə bütün məlumat mərkəzə ötürülür və müdaxilənin qarşısını almaq üçün həyəcan siqnalı verilir.
Təhlükəsizlik sistemində ən mühüm elementlərdən biri də sərhəd boyunca hər 50 metrdən bir quraşdırılan 5 və ya 7 metr hündürlüyündəki dayaqlardır. Bu dayaqlarda quraşdırılan avadanlıq vasitəsilə tam qaranlıq şəraitdə bir kilometr məsafəni müşahidə etmək mümkündür. 360 dərəcə fırlanaraq müşahidə aparan kamera -50 dərəcə şaxtadadan +50 dərəcə istiyə qədər temperaturda işləmək imkanına malikdir. Görüntünü 43 dəfə yaxınlaşdıran bu cihaz və xüsusi futlyarda yerləşdirilən statik videokameralar gecə-gündüz müşahidə aparır. Dayaqlar üzərində perimetr boyunca yerləşdirilən işıqlandırma projektorları perimetrin daimi olaraq mühafizə çəpəri boyunca işıqlandırılmasına imkan verir. Belə yüksək həssaslıq qabiliyyətinə malik təhlükəsizlik sistemlərindəki əsas çatışmazlıqlardan biri təbii təsirlərin təhlükəli müdaxilələrdən fərqləndirilməsi sahəsindədir.
Belə ki, bu cür fərqləndirmə mexanizmlərinin olmaması "aldadıcı həyəcan siqnalları"nın tez-tez baş verməsinə səbəb olur. Onların qarşısını almaq üçün 800 metrdən bir yerləşdirilən dayaqlarda meteostansiyalar quraşdırılıb. Bu meteostansiyanın köməyi sayəsində çəpər-mühafizə sistemini aldatmaq mümkün olmur. Hətta hava şəraiti haqqında bütün sinoptik məlumatları qəbul edən stansiya bu informasiyanı mütəmadi olaraq mühafizə panelinə ötürür. Nəticə etibarı ilə Mingəçevir su anbarına istənilən icasəsiz kənar müdaxilə istisna təşkil edir.
Mingəçevir su anbarının hava hücumundan müdafiəsi
Mingəçevir su anbarı tikildiyi gündən həm havadan, həm də qurudan qorunur. Müstəqilliyin ilk illərindən isə Ermənistanla mövcud münaqişə bu məsələni daha da aktuallaşdırırdı. Azərbaycan ordusu Sovetlərdən qəbul etdiyi HHM avadanlıqlarının mühüm bir hissəsini işlək vəziyyətdə saxlamağa müvəffəq oldu. Sonrakı illərdə Sovet istehsalı olan S-125, S-75 və S-200 hava hücumundan müdafiə sistemlərini Azərbaycan xarici mütəxəssisləri cəlb etmək, zabitləri xaricdə təhsilə göndərmək, Ukrayna və Belarusun müvafiq müəssisələri ilə təmir və modernləşdirmə müqavilələri bağlamaq yolu ilə modernləşdirdi. Digər Sovet respublikalarından fərqli olaraq Azərbaycan Hava Hücumundan Müdafiə sisteminin döyüş hazırlığını kifayət qədər yüksək səviyyədə saxlamağa nail oldu. Azərbaycanın HHM sistemi Mingəçevir su anbarı ilə bərabər respublikanın bütün strateji əhəmiyyətli obyektlərini bir neçə eşalonda, həm də müxtəlif yüksəkliklərdə etibarlı qorumağa imkan verir. Tək Mingəçevir su anbarının və elektrik stansiyasının hava hücumundan müdafiəsi üçün 5-dən çox zenit raket divizionunun və ən azı 1 əlahiddə radiotexniki taborun cəlb edildiyini düşünə bilərik.
Hazırda Azərbaycanın silahlanmasında əvvəllər mövcud olan maye yanacaqlı raketlər çıxarılır. Onlara texniki xidmət çox zəhmət tələb edir, xüsusi nəfəs və dəri qoruyan geyim vasitələrindən istifadə etməklə zəhərli və çox təhlükəli yanacağın müntəzəm olaraq süzülməsi və yenisinin doldurulması lazım gəlirdi. Son maye yanacaqlı S-75M3 divizionu 2016-cı ilin ortalarında döyüş növbətçiliyindən çıxarıldı.
XXI-ci əsrin əvvəllərində Azərbaycan S-200VM komplekslərini tam modernləşdirmədən keçirdi. Ukraynadan əlavə alınan 5B28 ağır zenit raketlərinin hesabına sursat ehtiyatları artırıldı.
Həm Bakıda, həm də Mingəçevirə çox yaxın yerləşdirilən S-200 komplekslərinin divizionlarının zərbə radiusu digər obyektlərlə yanaşı, bir neçə su anbarlarının hava hücumundan müdafiəsi üçün tam məsuliyyət daşıyırdı. Bu komplekslər bütün ölkənin hava məkanına nəzarət etməklə orta yüksəkliklərdə, həm Xəzərin əksər akvatoriyası, həm də bəzi qonşuların ərazisi üzərində uçan hədəfləri məhv etməyə qadir idi. Lakin bu komplekslərin də saxlanılması çox zəhmət tələb edirdi və istismarı bahalı idi. S-200VM ZRK-nın son hərbi paradda görünməsi, onların hələ də silahlanmada qaldığına işarə edir.
Maye yanacaqlı raketlər olan S-75 və S-200 komplekslərindən fərqli olaraq, S-125M/M1 sərt yanacaqlı ZRK-lar hələ uzun müddət silahlanmada yer alacaq, çünki aşağı hündürlükdə hava hücumundan müdafiə sistemi olan ZRK böyük bir modernizasiya potensialına malikdir.
Bu kompleksin yenilənən versiyaları Polşa, Ukrayna, Rusiya və Belarusda hazırlanır. Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2014-cü ildə nəşr etdiyi məlumatlara görə, Azərbaycan 2011-ci ildə Belarusdan sifariş etdiyi S-125TM "Peçora-2T" modifikasiya olunmuş zenit raket kompleksinə malik 9 ədəd divizionu 27 ədəd atıcı qurğu ilə əldə edib. Bu komplekslərin 2030-cu ilə qədər istismar ediləcəyi şübhəsizdir.
2008-ci ildən etibarən Azərbaycan SSRİ-də istehsal olunan hava hücumundan müdafiə qoşunlarının silahlarının modernləşdirilməsi və əvəz edilməsi zərurətini nəzərə alan ölkə rəhbərliyi bu məqsədlər üçün əhəmiyyətli maliyyə resursları ayırdı. 2007-ci ildə Azərbaycan Rusiyadan hər birində səkkiz atıcı qurğu və 200 ədəd 48N6E2 zenit raketi olmaqla 2 ədəd S-300PMU-2 "Favorit" divizionunun alınması üçün 300 milyon dollar dəyərində müqavilə imzaladı. Avadanlıqların çatdırılması 2010-cu ilin yayında başladı və 2012-ci ildə başa çatdı.
Döyüş mövqelərinə yerləşdirilən bu komplekslər paytaxt Bakını, əsas aerodromları, limanı, sursat anbarlarını, neft terminallarını və su anbarlarını hava hücumlarından və operativ taktiki raket komplekslərindən qorumaq üçün nəzərdə tutulur.
2016-cı ilin dekabrında Azərbaycan Silahlı Qüvvələri İsrailin "Israel Aerospace Industries" (IAI), "Elta Systems", "Rafael" və digər şirkətlərinin birgə hazırladığı uzaq mənzilli "Barak 8" ZRK-dan döyüş atışları keçirməklə 90 km məsafədə ballistik və aerodinamik hədəfləri məhv etmək imkanlarını nümayiş etdirdi. Bununla da Azərbaycan İsrailin ən müasir hava hücumundan müdafiə kompleksinin yerüstü versiyasının ilk alıcısı oldu.
Azərbaycan hazırda "Barak-8" kompleksi ilə silahlanan ən azı bir ədəd zenit batareyasına və 75 ədəd raketə malikdir. Bir batareyanın dəyəri 25 milyon dollardır, bir ədəd raket isə təxminən 1.5 milyon dollar dəyərindədir.
Sovet hərbi texnikasının bölünməsi zamanı Azərbaycanın Silahlı Qüvvələri "Kruq-M" və "Kruq-M1" 9 ədəd tırtıllı şassiyə malik mobil zenit raket kompleksi də əldə edib. Müəyyən qədər köhnə hesab edilən komplekslər sonradan orta mənzilli "Buk-MB" kompleksləri ilə əvəz edildi.
Azərbaycan hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi həm xaricdən yeni avadanlıqların alınması, həm də mövcud nümunələrin modernləşdirilməsi yolu ilə həyata keçirilir.
2007-ci ildə Belarusla Azərbaycan "Osa-AKM" hava hücumundan müdafiə sisteminin "Osa-1T" səviyyəsinə qədər modernləşdirilməsi üçün müqavilə bağladı. Nəticədə maksimum hədəf aşkaretmə məsafəsi 40 km-ə qədər artdı.
2011-ci ildə Azərbaycan "Osa"nın 2 dəfə üstün xüsusiyyətlərinə malik, Ukrayna-Belarus birgə istehsalı olan "Stilett T38" zenit raket kompleksini aldı. Hazırda ən azı bir divizionu döyüş növbətçiliyinə cəlb edilib.
2013-cü ildə keçirilən hərbi paradda Belarusdan alınan və dərin modernləşdirilməyə məruz qalan "Buk-MB" kompleksləri nümayiş olundu.
zərbaycanın HHM qoşunlarının İsraildən əldə etdiyi "Spayder" ZRK və "Dəmir Qübbə" RƏM sistemi ölkənin təhlükəsizliyi baxımından çox böyük əhəmiyyətə malikdir.
Təbii ki, bu komplekslərin fəaliyyətini təmin etmək üçün radiotexniki bölmələrə, mobil və sabit RLS-lərə, altimetr (yüksəklik) stansiyalarına ehtiyac yaranır. 2000-ci ildən başlayaraq istifadə edilən avadanlıqlar yenilənməyə başladı. Modernləşmə nəticəsində stansiyaların resursu uzadıldı, elektrikə tələbatı isə azaldıldı.
Azərbaycanın 2000-ci illərin əvvəllərində Ukraynadan aldığı 36D6-M hava sahəsinin üçkoordinatlı RLS-i 360 km-ə qədər müşahidə dərinliyini təmin etdi. Hazırda ən azı 3 belə RLS aşağıdan uçan hava hədəflərini aşkar etmək üçün müasir avtomatlaşdırılmış hava hücumundan müdafiə sistemi ilə birlikdə fəaliyyət göstərir.
2007-ci ildə Ukraynada aktiv fazalı barmaqlı antenə (AFAR) sahib 80K6 üçkoordinatlı dairəvi müşahidə RLS-nin kütləvi istehsalına başlandı. 2012-ci ildə Belarusun "Buk-MB" ZRK-sının alınması Ukraynadan yeni 80K6M RLS-nin alınması ilə əlaqələndirildi. 400 km müşahidə məsafəsinə sahib 80K6M stansiyası ilk dəfə 2013-cü ilin iyunun 26-da nümayiş etdirildi.
Məlumatlara görə, 80K6M RLS-in əsas taktiki-texniki imkanları ABŞ-ın üçkoordinatlı AN/TPS 78 və Fransanın "Thales Raytheon Systems" şirkətinin GM400 RLS-ləri ilə rəqabət apara bilər.
Ukrayna radarından əlavə, Azərbaycan İsraildən ELM-2288 AD-STAR və ELM-2106NG üçkoordinatlı mobil RLS-lər də əldə edib. ELM-2288 AD-STAR stansiyası 480 km məsəfədə yüksəkdən uçan hədəfləri aşkar etməyə imkan verir.
ELM-2106NG stansiyası isə 90 km-ə qədər məsafədə aşağı yüksəklikdə uçan təyyarələri, helikopterləri və PUA-ları aşkar etmək üçün nəzərdə tutulub, eyni zamanda müşayiət olunan hədəflərin sayı isə 60-a bərabərdir. ELM-2288 AD-STAR və ELM-2106NG stansiyalarının "Barak 8" ZRK ilə eyni müqavilə üzrə alındığı ehtimal edilir.
SIPRI-nın iddialarına görə, Azərbaycan 2011-ci ildən raket əleyhinə radarlarla təmin edilməsi üçün yeni müqavilə bağlayıb. 500 km-dən uzaq məsafədə hava hədəflərini aşkar edən 60 tonluq EL/M-2080 "Green Pine" radarının əsas məqsədi operativ taktiki raket hücumunu aşkar etməkdən, "Barak 8" və S-300PMU ZRK-lara hədəf göstərməkdən ibarətdir.
Təxminən 15 il əvvəl Azərbaycan aktiv şəkildə hava hücumundan müdafiə qoşunlarının və döyüş təyyarələrinin idarəetmə sistemlərinin əsaslı inkişafına başladı. Bu prosesdə İsrail, Türkiyə, Ukrayna, Belarus və ABŞ Azərbaycana böyük yardım göstərdi. Avtomatlaşdırılan idarəetmə avadanlıqları və yüksək sürətli məlumat mübadiləsi ilə yanaşı yerli kadrların hazırlanması da təşkil edildi.
Bütün bu göstərilənlər nəinki Mingəçevir su anbarının, bütövlükdə Azərbaycan hava məkanının etibarlı müdafiəsinin təşkil edildiyini göstərir. Azərbaycan ərazisi üzərində çoxsaylı RLS-lər vasitəsilə tam bağlanan radiolokasiya sahəsi yaradılıb. İstifadədə olan stansiyalar isə ölkəmizin sərhədlərindən uzaqlara da nəzarət etməyə imkan verir.
Rəqib ölkələr tərəfindən belə Azərbaycanın HHM imkanları çox yüksək dəyərləndirilir. Azərbaycan bu gün istənilən istiqamətdə potensial təcavüzkara ciddi zərər vurmağa qadir olan kifayət qədər mükəmməl hava hücumundan müdafiə sisteminə malikdir.
Ermənistan tərəfinin ehtimal olunan müharibə zamanı Mingəçevir su anbarına zərbə endirilməsi ilə bağlı səsləndirdiyi sərsəm bəyanatlar isə əslində "dil pəhləvanlığından" başqa bir şey deyil.
Aşağıda sadalananlara nəzər yetirək:
- Bu su anbarının inşasında mövcud təhlükələr nəzərə alınıb;
- Ermənilərin Mingəçevirə zərbə endirmək üçün ciddi silah sistemi hesab etdikləri "İsgəndər" OTRK-nın Gürcüstandakı rüsvayçı tətbiqindən sonra Rusiyanın onların tətbiqinə yenidən icazə verəcəyi real görsənmir;
- Ermənistan ərazisində də dövlət əhəmiyyətli strateji obyektlər mövcuddur və Azərbaycan ən azından on dəfələrlə daha çox sayda OTRK xüsusiyyətlərinə malik müxtəlif mənzilli YARS-lara sahibdir;
- Naxçıvan istiqamətində yerləşdirilən uzaq mənzilli silah sistemlərinin təyinatını unutmaq olmaz;
- SOM, LORA, "Polonez" qısa zamanda ən isti beyini belə soyutmaq funksiyasına malikdir.
Hərbi ekspert Ədalət Verdiyev