Reklam

“Salamı da siqnalla veririk” – Sürücülük mədəniyyətimiz niyə yoxdur

Öyrənək 8 İyul 2019 10:30 Oxunub 2570
“Salamı da siqnalla veririk” – Sürücülük mədəniyyətimiz niyə yoxdur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səs siqnalından “təşəkkür” və hətta digər avtomobilin sürücüsü üçün “söyüş” kimi də istifadə olunur

Bakı dünyanın az saylı şəhərlərindən biridir ki, şəhərdaxili yollarda səs siqnallarından yeri gəldi, gəlmədi istifadə edilir. İşıqfor yanan kimi arxada olan avtomobillər öndə olan avtomobilə, sürücülər yol verdikləri piyadaya, eləcə də avtomobillər biri-birinə səs siqnalı verərək xəbərdarlıq etməyə çalışırlar. Bəzən isə səs siqnalından “təşəkkür” və hətta digər avtomobilin sürücüsü üçün “söyüş” kimi də istifadə olunur.

Qanunla isə şəhər daxilində ehtiyac yaranmadığı təqdirdə səs siqnalından istifadə qadağan edilir. Bəs sürücülər bu qadağalara niyə önəm vermirlər?

Nəqliyyat eksperti Elməddin Muradlı da etiraf edir ki, Azərbaycanda lüzumsuz yerə səs siqnallarından istifadə halları geniş yayılıb: "İnsanlar az qala bir-biri ilə salamlaşanda belə səs siqnallarından istifadə edirlər. Sürücülər bir-birinə xəbərdarlıq edəndə, piyadaya yol verəndə səs siqnalları işə düşür".

Ekspertin sözlərinə görə, "Yol hərəkəti haqqında" qanununda isə səs siqnallarının iki halı müəyyən edilib.

Belə ki, avtomagistralda, yəni yüksək sürət tətbiq edilən yollarda ötmə əməliyyatı apararkən qarşıdakı sürücünü xəbərdar etmək məqsədilə səs siqnallarından istifadə edilə bilər. Şəhərdə və yaşayış məntəqələrində isə baş verə biləcək qəzanın qarşısını almaq üçün səs siqnalından istifadə etmək olar.

Muradlı hesab edir ki, ümumilikdə bunu sübut etmək çətindir: "Məsələn, sürücü səs siqnalına görə polis tərəfindən saxlanıla bilər. Və sürücü iddia edə bilər ki, digər sürücü ona qəza şəraiti yaratdığı üçün o, səs siqnalından istifadə edib. Bu zaman gərək polis digər sürücünü də tapsın. Bu səbəbdən də, çox zaman polis əməkdaşları səs siqnalına görə sürücünü saxlayıb cərimə etmirlər".

Ekspert vurğulayıb ki, səs siqnallarından istifadə etmək mədəniyyət məsələsidir. Lüzumsuz yerə səs siqnallarından istifadə etmək olmaz.

"Xüsusən də, yüksək, çoxavazlı səs siqnallarından istifadə qadağan edilsə də, hələ də özünü imtiyazlı və kimlərdənsə üstün hesab edən bəzi sürücülər öz avtomobillərində bu səs siqnallarından istifadə edirlər. Bəzən tıxac olur, amma hansısa təfəkkürlü sürücü sayrışan çoxavazlı siqnaldan dəfələrlə istifadə edir. İnsanların şüuru o səviyyədə qalıb ki, belə səs siqnallarından istifadə edərək, özlərini imkanlı kimi göstərirlər. Bəzən elə yol polisləri də bilir ki, bu kimin balasıdır, kimin nəyidir. Səs siqnallarında heyvan səsləri, teatr səhnələrində müəyyən sitatlar səsləndirirlər. Bu sadəcə mədəniyyətsizlikdir," – deyə ekspert əlavə edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə qeyd edib ki, qanunvericilik səs siqnallarından istifadə ilə bağlı məsuliyyəti də hüquq pozuntusuna görə fərqləndirir.

"İnzibati Xətalar Məcəlləsinin (İXM) 329-cu maddəsi nəqliyyat vasitəsində mövcud olan standarta uyğun səs siqnalından qaydaları pozmaqla istifadəyə (yəni yuxarıda göstərdiyim iki haldan başqa digər hallarda səs siqnalı verməyə) görə 30 manat cərimə nəzərdə tutur," – Əsədov qeyd edib.

Onun sözlərinə görə, nəqliyyat vasitəsinə standartdan kənar çoxavazlı səs siqnallarının qoyulması zamanı 500 manatdan 800 manatadək cərimə tətbiq edilir: "Belə siqnal müsadirə edilməli, siqnal nəqliyyat vasitəsinin dayandırıldığı yerdəcə sökülməlidir. Bu mümkün olmadıqda isə həmin nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilməlidir. Siqnallar söküldükdən sonra avtomobil sahibinə qaytarıla bilər".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh