Reklam

Sürətlə hərəkət etmək nə qazandırır? - Dəhşətli RƏQƏMLƏR

Öyrənək 23 İyun 2020 12:08 Oxunub 2650
Sürətlə hərəkət etmək nə qazandırır?  - Dəhşətli RƏQƏMLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təəssüf ki, sürücülərin əksəriyyəti elə düşünür ki, yüksək sürət zamana qənaət edir. Bəzən sürət həddini aşanda "tələsirəm" ifadəsi bir çoxlarının bəhanəsinə çevrilib.

Bəs görəsən həqiqətən də yüksək sürət bizə nə qədər vaxt qazandırır?

Saatda 80 km sürətlə hərəkət etdikdə 16 km-lik bir məsafəni 12 dəqiqəyə qət etmək olur. Bu sürətlə qəza riski çox aşağıdır. Amma cəmi 10 km/saat sürəti artırmaq bizə 2 dəqiqə vaxt qazandırır. Qəza riskini isə 2 dəfə artırır. Beləliklə, hər 10 km/saat sürəti artırdıqca qazanacağımız vaxt 1-2 dəqiqə arasında dəyişir. Amma qəza riski hər dəfə ikiyə vurulur. Saatda 50 km/sürət həddini aşanda isə cəmi 5 dəqiqə vaxt qazanmış oluruq. Amma 12 dəfə qəza riski artır.

Ekspert Elməddin Muradlı “MediaPost”a açıqlamasında bildirib ki, daha çox qəzalar sürət həddini aşanda baş verir: "Xüsusilə də köhnə maşınlarda bu daha ciddi problemdir. Müasir avtomobillərdə əyləc sistemi elə qurulub ki, sürəti qısa zaman kəsiyində aşağı salmaq olur. Amma bu, yenə qəzadan tam sığorta olunma deyil. Amma köhnə avtomobillərdə bu sistem ümumiyyətlə yoxdur. Bəzən görürsən ki, 70-80-ci illərin istehsalı olan avtomobilləri yüksək sürətlə idarə edirlər. Qarşıya çıxan ani maneə zamanı isə ağır yol-nəqliyyat hadisəsi baş verir. Təxminən 20 gün əvvəl Ağdaş yolunda analoji qəza baş vermişdi. Saatda 130 km/sürətlə hərəkət edən "VAZ 21011" markalı avtomobil ağaca çırpılmışdı. Maşın 4-5 hissəyə bölünmüşdü. Sürücü isə yerində keçinmişdi. Bu cür hadisələri görən digər sürücülər ibrət almalıdır".

Ekspert deyir ki, sürücülərimiz xüsusilə magistral yollarda yüksək sürətə üstünlük verir: "Boş yoldur deyib sürəti artırırlar. Sanki avtomobili test edirlər. Amma düşünmək lazımdır ki, bu test sizin həyatınız bahasına tamamlana bilər. Eyni zamanda qazanılan vaxt da çox cüzi olur. Dəfələrlə elə şəhərin içində yüksək sürətlə gedən sürücü cəmi 200 metr irəlidə işıqforda gözləməyə məcbur olur. Normal sürətlə sürən şəxslə eyni vaxtda ünvana çatır".

Elməddin Muradlı onu da qeyd edib ki, son illərin statistikasına görə, sürət həddini aşmaqla baş verən qəzaların sayında artım müşahidə olunur: "Ən çox rayon yollarında analoji hadisələr baş verir. Bu barədə dəfələrlə danışmışıq. Bir şeyi tövsiyə edərdim ki, 5 dəqiqə tez çatmaq sizin həyatınızdan önəmli deyil".

“MediaPost”

İnfoqrafika: Xəyal Balayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh