Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA

Öyrənək 6 Avqust 2026 20:20
Sürücülərin bu səhvləri avtomatik sürətlər qutusunu sıradan çıxarır - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə olun

Avtomatik ötürücülü avtomobillərdə edilən bəzi səhvlər sürücülərə bahalı təmir xərcləri ilə nəticələnə bilər. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda sürücülər düzgün hesab etdikləri vərdişlərlə avtomatik transmissiyanın xidmət müddətini əhəmiyyətli dərəcədə azaldırlar.

Avtosfer.az xəbər verir ki, ən çox rast gəlinən səhvlərdən biri hər iki ayağın eyni vaxtda pedalların üzərində saxlanılmasıdır. Belə vərdiş fövqəladə vəziyyətlərdə qaz və əyləc pedallarının səhv salınmasına səbəb ola, sürücünün avtomobil üzərində nəzarətini zəiflədərək qəza riskini artıra bilər.

Digər geniş yayılmış yanlış davranış isə hərəkət zamanı yanacağa qənaət etmək məqsədilə ötürücünün "N" (Neytral) rejiminə keçirilməsidir. Bu zaman mühərriklə transmissiya arasındakı əlaqə kəsilir, nəticədə avtomobilin idarəolunması zəifləyir və gözlənilməz vəziyyətlərdə sürücünün reaksiyası gecikə bilər.

Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, uzun müddət güclü yağış altında qalan və ya sel sularından keçən avtomobillərdə ötürücü qutusuna su sızması ciddi nasazlıqlara səbəb ola bilər. Transmissiya mayesinə qarışan su daxili metal hissələrin sürətlə aşınmasına, korroziyaya və hətta ötürücü qutusunun tam sıradan çıxmasına gətirib çıxara bilər.

Bundan əlavə, avtomobil tam dayanmadığı halda ötürücünü irəli (D) və geri (R) hərəkət rejimləri arasında dəyişmək də transmissiyaya əlavə yük yaradır. Belə vərdiş uzunmüddətli istismar zamanı mexaniki hissələrin zədələnməsinə səbəb ola bilər.

Ekspertlər qeyd edirlər ki, avtomatik transmissiyanın uzunömürlü olması üçün istehsalçının tövsiyə etdiyi texniki qulluq qaydalarına əməl edilməli, transmissiya yağı vaxtında dəyişdirilməli və düzgün sürüş vərdişləri formalaşdırılmalıdır. Bu, həm bahalı təmir xərclərinin qarşısını alır, həm də avtomobilin təhlükəsiz istismarına töhfə verir.

Eltac Zülfüqaroğlu

Oxunub : 206
ŞƏRH YAZ
Ad

E-mail

Şərh