Tur-paket yoxsa fərdi səyahət: Hansı daha sərfəlidir?
Səyahət edənlər əsasən iki yerə bölünürlər, fərdi səyahətçilər və tur-paket alanlar. Bunların fərqi haqqında bu yazıda açıqlama verəcəyik.
Təcrübəyə əsasən, fərdi səyahətçilər azadlığı, sərbəstliyi və çoxlu gəzməyi sevən şəxslərdir. Tur-paket alanlar isə rahatlığı, passiv istirahəti və planlı səyahətə üstünlük verirlər. Səyahətçi nöqteyi-nəzərdən baxsaq, fərdi səyahət daha üstündür. Fərdi səyahətin verdiyi sərbəstlik tur-paketdə yoxdur. Misal üçün, Bakıdan gediş və Bakıya qayıdış biletimi alırıq və həmin aralıq üçün sərbəst səyahət marşrutu seçirik, və ya aeropora enən kimi avtomobil kirayələyib istədiyimiz yerə, macəra axtarışına çıxırıq.
Bu qidalanmaya da aiddir, tur-paketdə qiymətə daxil olduğu üçün səyahətçi kənarda qidalanmaq istəmir adətən, amma fərdi marşrut ilə səfər edənlər hər gün müxtəlif mətbəxin təamlarını dada, müxtəlif restoranların mənzərəsindən zövq ala bilərlər. Amma bir məsələ var ki, bu halda bizi qəfil xərclər də gözləyə bilər. Misal üçün, turizm mövsümündə öncədən hotel reserv etməyəndə, yerində bəzən otaq tapmaya və ya çox baha qiymətə təklif ala bilərsiniz.
Tur-paketdə isə bir qədər fərqlidir, səyahətçi öncədən, hətta aylar öncə hansı oteldə, hansı növ otaqda qalacağını, aeroportdan otelə necə gedəcəyini, qidalanma təminatının necə olacağını bilir, yəni əlavə alış-veriş etməsəniz tur-paketə ödədiyiniz puldan başqa pul xərcləməyəcəksiniz. Tur-paketin daha bir üstünlüyü odur ki, bəzən elə fürsət və qaynar turlar olur ki, bütün tur həmin istiqamətdə olan tək aviabiletdən daha ucuz başa gəlir. Nümunə üçün, hazırda oktyabr ayı üçün hər şey daxil Alanya turları 1 nəfər üşün 350 manatdan başlayır. Amma bu tur-paketin normal qiyməti 1000 manatdan çox olur. Tur-paketin mənfi tərəfi odur ki, alınandan sonra dəyişiklik etmək çox vaxt baha başa gəlir.
Səyahət blogeri Azər İsmayıl ilk dəfə xaricə səyahət edən şəxslərə riskləni minimuma salmaq üçün tur-paket tövsiyə edir. “Mən ilk 2014-cü ildə ilk böyük Avropa səfərimdən 2 ay sonra Antalyaya tur-paketlə getdim. Avropa turunun hər bir detalını ayrıca planlamışdımsa, tur-paketdə hər şey qiymətə daxil idi, xüsusi plana ehtiyac görməmimşdim.
Antalyadan qayıdandan sonra hər iki səfərimi özüm üçün müqayisə etdim və qərara gəldim ki, tur-paket mənlik deyil. O vaxtdan bəri heç vaxt turpaket almadım” deyə o, öz tərcrübəsini bölüşür. Blogerin sözlərinə görə, ilk səfərdən sonra səyahətçi özü üçün yaxşı təcrübə toplayır və nəticə çıxarır. Bu nəticəyə əsasən, gələcək səfərlərini özü fərdi şəkildə, yoxsa hazır tur-paket formasında edəcəyini müəyyən edir.
Hansı formada səyahət edirsiniz, edin, əsas odur ki, hərşey ürəyinizcə olsun.
Həmişə gəzməkdə!