“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri: Prezident İlham Əliyevin reallaşdırdığı islahatlar sahibkarlığın inkişafına geniş imkanlar yaradır

Öyrənək 11 Sentyabr 2020 12:14 Oxunub 1524
“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri: Prezident İlham Əliyevin reallaşdırdığı islahatlar sahibkarlığın inkişafına geniş imkanlar yaradır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlətimizin həyata keçirdiyi məqsədyönlu iqtisadi islahatlar və ən əsası Prezident İlham Əliyevin verdiyi praqmatik qərarlar qlobal pandemiya dövründə iqtisadi biznes subyetklərinin və sahibkarların öz fəaliyyətlərini yüksələn xətlə davam etdirmələri üçün böyük stimul və dəstək olub. Xüsusi olaraq vurğulamaq istərdim ki, dövlətimizin dəstəyi bizim ən böyük təminatımızdır.

Bu sözləri Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov Azərtac-a müsahibəsində deyib.

- Faiq müəllim, Prezident İlham Əliyev çıxışlarında hər zaman sahibkarlığın dövlət üçün əhəmiyyətini xüsusi olaraq vurğulayır, daim sahibkarların yanında olduğunu ifadə edir. Son illər uğurla həyata keçirilən iqtisadi islahatlar 2020-ci ilin əvvəllərindən başlayan COVID-19 pandemiyası fonunda ləngimədi və ölkəmizin makroiqtisadi göstəricilərinin stabilliyinin qorunması ilə yanaşı, sahibkarlara da böyük dəstək verildi. Mövcud vəziyyət rəhbərlik etdiyiniz “Xaliq Faiqoğlu” şirkətinin fəaliyyətinə və inkişafına necə təsir edir?

- Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən etibarən qeyri-neft sektorunun və sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqaməti kimi müəyyən olunub, bu siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdə sahibkarlıq mühiti yaxşılaşıb, infrastruktur müasirləşib, sahibkarlığın inkişafı üçün dövlət təminatı artırılıb və ən əsası dövlət-özəl sektor münasibətlərinin inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında özəl sektorun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Dövlətimizin başçısının bəyan etdiyi “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” məramına uyğun olaraq, qəbul edilmiş qanun və fərmanlar, xüsusi ilə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin güclənməsi ilə yanaşı, birmənalı şəkildə iş adamlarına verilən siyasi dəstək olub.

Həyata keçirilən islahatlar nəqliyyat sektorunun, xüsusilə ictimai nəqliyyatın inkişafına müsbət təsir göstərib. İctimai nəqliyyatda yeni inkişaf mərhələsinin başlanğıcı olaraq Bakı Nəqliyyat Agentliyinin yaradılması ilə daha çevik və optimal idarəetmə formasının tətbiqini vurğulamaq yerinə düşər. Sahibkarlığın inkişafının dövlətimizin iqtisadi siyasətinin prioriteti kimi müəyyən edilməsi 2003-cü ildə qurulan və hazırda mülkiyyətində 300-dək nəqliyyat vasitəsi olan “Xaliq Faiqoğlu” şirkətinin müasirləşməsi və inkişafında əhəmiyyətli rol oynayıb. Hazırda 800 nəfərdən çox işçi heyəti ilə “Xaliq Faiqoğlu” şirkəti müntəzəm sərnişindaşıma sahəsindəki ən böyük özəl daşıyıcı şirkətdir. Biz buna Prezidentin həyata keçirdiyi iqtisadi siyasət sayəsində nail olmuşuq və dövlətimizin başçısının mövcud pandemiya şəraitində sahibkarlıq subyektlərinə verdiyi dəstək sayəsində heç bir ixtisara yol vermədən yolumuza davam edirik. Aparılan iqtisadi siyasət koronavirus pandemiyasının vüsət almağa başladığı dövrdə yarana biləcək bütün sualların tezliklə cavablandırılmasını, sahibkarların rahat nəfəs almasını təmin etdi. Sonrakı aylarda həyata keçirilən tədbirlər nəticəsində virusun yayılmasının azalması, karantin rejiminin xeyli yumşalması bizləri yolumuza elə əvvəlki tempdə davam etməyə, daha da inkişaf edərək ölkəmizin və cəmiyyətimizin gələcəyinə töhfələr verməyə sövq edir.

- Son illər ölkəmizdə və paytaxt Bakıda nəqliyyat şəraitinin xeyli yaxşılaşdığını, müasir yanaşmanın tətbiq edilməyə başladığını və bu sahənin xeyli inkişaf etdiyini görürük. Hazırki inkişaf mərhələsində “Xaliq Faiqoğlu” şirkətinin yeri və rolu nədən ibarətdir?

- Öncə onu qeyd edim ki, 2015-ci ildən Bakı Nəqliyyat Agentliyinin yaradılması paytaxtda nəqliyyat məsələlərinin həllində, ictimai nəqliyyatın inkişafında vacib addım olub. Fəaliyyət göstərdiyi 5 il ərzində Bakı Nəqliyyat Agentliyi paytaxtda illərlə yığılıb qalan bir çox taleyüklü məsələlərin həlli istiqamətində vacib addımlar atıb, dediyiniz kimi müasir yanaşma tətbiq edilir. Hazırda da bu proses davam etməkdədir. Bakı şəhərində müntəzəm sərnişindaşıma işinin təşkilində və həyata keçirilməsində fəal iştirak edən və nümunəvi fəaliyyəti ilə seçilən “Xaliq Faiqoğlu” şirkətinə gəlincə, şirkət 2015-ci ildə yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2015-ci ildən etibarən “Xaliq Faiqoğlu” şirkəti avtobus parkının ən müasir tələblərə - “Avro-5” və “Avro-6” standartlarına cavab verən nəqliyyat vasitələri ilə yenilənməsinə başlayıb. Ötən dövr ərzində şirkətimiz ümumilikdə 117 ədəd müasir tələblərə cavab verən “Isuzu” və “BMC” markalı avtobusun alınması layihələrini uğurla başa çatdırıb. Şirkət avtobus parkının yenilənməsi, müasir istehsalat bazasının yaradılması, müşahidə mərkəzinin qurulması kimi layihələrə son 5 il ərzində 70 milyon manatdan çox investisiya yatırıb. Belə ki, şirkət “Paşa Bank”, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Eximbank Türkiye” kimi nüfuzlu bank və maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və ölkəmizə xarici investisiyanın cəlb edilməsi üçün fəaliyyətini daha da gücləndirir. Ötən dövrdə xarici maliyyə qurumlarından 20 milyon manatadək vəsait cəlb edilib ki, bu da şirkət tərəfindən ölkə iqtisadiyyatına xarici investisiyanın yatırılması baxımından əlavə töhfə olub.

2016-cı ilin sentyabrın 1-dən isə şirkətin istismarında olan 200-dək avtobusda elektron (“BakıKart”) ödəniş sisteminin tətbiq edilməsinə başlanılıb və yaxın vaxtlarda 100-dək digər avtobusda da elektron ödəniş qurğularının quraşdırılması planlaşdırılır. Onu da bildirmək istəyirəm ki, “Xaliq Faiqoğlu” şirkəti iri vergiödəyicisi kimi vergiödəyiciləri arasında öz yerini tutub və vergi öhdəlikləri daim vaxtında, tam olaraq icra edilir. Eyni zamanda, işçi heyətimizin sosial təminatı və sığortası daim diqqətdə saxlanılır.

- Dövlətimizin başçısının elan etdiyi iqtisadi inkişaf proqramının ana xəttini sahibkarlığın və qeyri-neft sektorunun inkişafı təşkil edir. Nəqliyyat sahəsində fəaliyyət göstərən iri özəl şirkət olaraq gələcək planlarınız barədə nə deyə bilərsiniz?

- Son illərdə Azərbaycanda qeydə alınan iqtisadi göstəricilər Prezident İlham Əliyevin təyin etdiyi iqtisadi siyasət xəttinin məntiqi nəticəsi kimi qeyri-neft sektorunun payının əhəmiyyətli dərəcədə artdığını və bu faizin ilbəil yüksəldiyini göstərir. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində ümumdaxili məhsulun həcmində özəl sektorun payının artması ölkə iqtisadiyyatındakı şaxələnməni və bu tendensiyanın dərinləşməsini təmin edir. Planlarımıza gəlincə, nəqliyyat daim hərəkətdə olan bir sahə olmaqla hər kəsin həyatında vacib rol oynayır. Odur ki, bu sahədə daim yenilənmələr olmalı, inkişaf təmin edilməlidir. Bizim də qarşımızda duran əsas hədəf yeni zamanın tələblərinə uyğun olaraq fəaliyyətimizi təşkil etməkdir. Bu baxımdan avtobus parkının yenilənməsi - ekoloji-təmiz, texnoloji cəhətdən təhlükəsiz, sərnişinlərin rahatlığını təmin edən nəqliyyat vasitələrinin istismara verilməsi çox vacibdir. Bu istiqamətdəki layihələrimizi bundan sonra da davam etdirəcəyik və qarşıdakı 2 il ərzində avtobus parkımızın böyük hissəsinin yenilənməsi məqsədilə “Paşabank”la həyata keçirdiyimiz layihə çərçivəsində 120 ədəd CNG yanacaq növlü iritutumlu avtobusun alınaraq sərnişinlərimizin istifadəsinə verməyi planlaşdırırıq.

“Xaliq Faiqoğlu” şirkəti müntəzəm sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl şirkət olaraq daim dövlətimizin və Prezident İlham Əliyevin özəl sektora verdiyi əhəmiyyəti, diqqəti hiss edib. Bununla əlaqədar olaraq Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bir sahibkar olaraq özümün və rəhbərlik etdiyim kollektivin adından təşəkkür edirəm. Şirkət bundan sonrakı dövrdə də ölkə rəhbərliyinin etimadını doğrultmaq, xidmət keyfiyyətinin artırılması istiqamətində var qüvvəsi ilə çalışacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh