Banner

Aşağı pensiyalar daha çox artacaq? – İndeksasiya ilə bağlı AÇIQLAMA

Sosial 7 Oktyabr 2026 12:00
Aşağı pensiyalar daha çox artacaq? – İndeksasiya ilə bağlı AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Eyni faizlə indeksasiya zamanı yüksək pensiya alan şəxslərin əldə etdiyi artım məbləği aşağı pensiya alanlarla müqayisədə daha çox olur. Bu isə uzunmüddətli perspektivdə pensiyalar arasında fərqin daha da böyüməsinə səbəb ola bilər.

Bəs aşağı məbləğdə pensiya alan vətəndaşlara daha yüksək, yüksək pensiya alanlara isə nisbətən aşağı faizlə artım tətbiq etmək mümkündürmü?

Avtosfer.az xəbər verir  ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, pensiyanın məbləği yüksəldikcə eyni faizlə hesablanan artımın pul ifadəsində fərqi də artır.

“Bu baxımdan diferensial indeksasiya mexanizminin tətbiqi nəzəri olaraq mümkündür və sosial baxımdan müəyyən üstünlüklər yaradır. Aşağı pensiya alan şəxslərə daha yüksək, yüksək pensiya alanlara isə nisbətən aşağı artım əmsalının tətbiqi məbləğlər arasındakı fərqin yumşaldılmasına xidmət edə bilər.

Lakin burada əsas məsələ balansın düzgün qurulmasıdır. Yüksək pensiya alan şəxslərin artımının kəskin şəkildə məhdudlaşdırılması əvvəlki dövrlərdə formalaşmış pensiya hüquqları baxımından ədalətsizlik yaradır. Buna görə daha optimal yanaşma pensiyanın müəyyən həddinə qədər yüksək indeksasiya əmsalının tətbiqi, həmin həddən yuxarı məbləğ üçün isə daha aşağı əmsalın müəyyənləşdirilməsidir.

Belə mexanizm bir tərəfdən inflyasiyanın pensiyalara təsirini kompensasiya edir, digər tərəfdən aşağı pensiyaların daha sürətli yüksəlməsinə şərait yaradır. Bununla da pensiya təminatındakı fərq müəyyən qədər azalır. Əsas məqsəd bütün pensiyaçılara eyni faiz tətbiq etmək deyil, sosial ədalətlə yanaşı, pensiya sisteminin maliyyə dayanıqlığını da qorumaqdır”.

Ekspert vurğulayır ki, digər vacib məsələ isə əməkhaqqının, xüsusilə özəl sektorda, real gəlirdən aşağı göstərilməsidir.

“Belə hallara olduqca çox rast gəlinir. Şəxsin faktiki aldığı maaş rəsmi sənədlərdə daha aşağı göstərildikdə, pensiya yaşına çatarkən onun pensiya məbləği də aşağı olur. Nəticədə vətəndaş aldığı ödənişdən narazılıq edir.

Digər tərəfdən, freelance fəaliyyət göstərən və əmək münasibətləri rəsmiləşdirilməyən şəxslər də var. Belə şəxslər əmək pensiyası hüququ əldə etmədikdə yaşa görə sosial müavinət alırlar.

Ona görə də mətbuat vasitəsilə vətəndaşlara səslənirəm ki, bu kimi hallara şərait yaratmasınlar. Bu gün dövlətə ödənilən sosial sığorta haqqı gələcəkdə yaşlılıq dövründə maddi təminatın formalaşmasına xidmət edir.

Hər bir vətəndaş əmək hüquqlarını bilməli və haqqını tələb etməlidir. İnsan gənc yaşlarında gəlir və xərclərini müəyyən qədər tarazlaya bilir, çünki sağlamlığı və əmək qabiliyyəti buna imkan verir. Pensiya yaşında isə əvvəlki gəlir imkanları ilə yanaşı, fiziki imkanlar da məhdudlaşır. Buna görə gələcək maddi təminat məsələsinə əmək fəaliyyətinin ilk illərindən diqqət yetirmək vacibdir”.

 
 

 

Oxunub : 84
ŞƏRH YAZ
Ad

E-mail

Şərh