Ucuz sığınacaq, yoxsa metal tələsi? - Konteyner evlər

Son illərdə qlobal daşınmaz əmlak bazarında və fərdi tikinti sektorunda “kiçik ev” (tiny house) fəlsəfəsinin bir qolu kimi konteyner evlərə maraq sürətlə artmaqdadır. Əvvəllər yalnız yükdaşıma və ya müvəqqəti tikinti sahələri üçün nəzərdə tutulan bu metal konstruksiyalar, bu gün innovativ dizayn həlləri sayəsində lüks bağ evlərinə, kafelərə və hətta çoxmərtəbəli yaşayış komplekslərinə çevrilir. İnsanları bu seçimi etməyə vadar edən əsas amillər təkcə iqtisadi qənaət deyil, həm də sürətli həyat tempinə uyğun olaraq evin qısa müddətdə hazır olması və ekoloji dayanıqlılıqdır. Lakin dəmir qutunun komfortlu bir yuvaya çevrilməsi prosesi zahirən sadə görünsə də, dərin mühəndislik bilikləri və düzgün material seçimi tələb edir. Konteyner evlər bir tərəfdən azadlıq və mobillik vəd edir, digər tərəfdən isə peşəkar yanaşma olmadıqda həm sağlamlıq, həm də təhlükəsizlik baxımından ciddi sınaqlara yol açır.

Avtosfer.az-ın məlumatına görə, Nocomment.az-a məsələni şərh edən tikinti eksperti İlqar Əsədov bildirib ki, konteyner evlərin ən böyük xeyiri onların inanılmaz dərəcədə mobil və seysmik cəhətdən dayanıqlı olmasıdır:
“Bu evlər klassik daş və ya beton konstruksiyalarla müqayisədə 3-4 dəfə daha sürətli ərsəyə gəlir. Bünövrə xərclərinin minimal olması və əsas karkasın poladdan ibarət olması onu zəlzələyə qarşı ən etibarlı sığınacaqlardan birinə çevirir. Maddi baxımdan yanaşsaq, xüsusən gənc ailələr və bağ evi istəyənlər üçün bu, ən sərfəli modeldir. Lakin insanlar çox vaxt ‘ucuzdur’ deyib keyfiyyətsiz izolyasiya materiallarına qaçırlar ki, bu da sonradan evi yaşanmaz hala salır”.

Ekspert bu konstruksiyaların ziyanlı və təhlükəli tərəflərinə də xüsusi diqqət çəkdi:
“Əsas ziyan və risk düzgün qurulmayan istilik-izolyasiya sistemində gizlənir. Konteyner metaldır – o, yayda “soba” effekti yaradaraq hədsiz qızır, qışda isə buz kimi olur. Peşəkar izolyasiya edilməzsə, içəridə nəfəs almaq çətinləşəcək, divarlarda yaranan kondensat isə rütubət və kifə səbəb olacaq. Təhlükə məsələsinə gəldikdə, metalın elektrik keçiriciliyi ən kritik məqamdır. Elektrik naqillərinin çəkilişi zamanı kiçik bir səhv bütün evi elektrik tələsinə çevirə bilər. Həmçinin, daşınmada istifadə olunmuş köhnə konteynerlərin döşəməsində çox vaxt kimyəvi qalıqlar olur. Onlar təmizlənmədən və ya xüsusi qoruyucu qatlarla örtülmədən istifadə edilərsə, uzunmüddətli perspektivdə tənəffüs yollarına ciddi ziyan vura bilər”.

İlqar Əsədov sonda vətəndaşlara tövsiyələrini də çatdırıb:
“Konteyner ev sadəcə bir metal qutu deyil, o, kompleks bir mühəndis həllidir. Alarkən mütləq ventilyasiya sisteminə, yanğın təhlükəsizliyinə və istifadə olunan izolyasiya materialının keyfiyyətinə diqqət yetirilməlidir. Düzgün icra olunan konteyner ev onillərlə xidmət edə bilən ekoloji bir yuva olduğu halda, səhv icra olunan konstruksiya həm maddi, həm də sağlamlıq itkisinə səbəb ola bilər”.
"Bunlar səhər qazır, axşam da asfalt vurur" - Ona görə də ... - Elməddin Muradlı
Paytaxtda daha 5 yolda təmir işləri aparılacaq - Sürücülərin diqqətinə!
Bu marşrutda gedişhaqqı azaldılıb? - FOTOFAKT
Bulud dağıdan toplardan niyə istifadə etmirik? - Axırıncı dəfə Sovet dövründə...
Üstünlüyün piyadalarda olduğu şəhər modeli hansı prinsiplərə əsaslanır? - VİDEO
Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? - Çexiya təcrübəsi öyrənilir
Azərbaycanda kommunal xidmətlər yenidən bahalaşacaq? - VACİB AÇIQLAMA
Bu sahədə işləyənlər 4000 manatdan çox maaş alırlar - SİYAHI
DSX müsabiqə elan etdi - VİDEO
Bakıya yağan dolunun səbəbi AÇIQLANDI - VİDEO
İmtahan suallarının məzmunu və obyektivliyi sual altındadır – TƏHSİL EKSPERTİ








