Reklam

Xəbərdarlıq nişanlarından xəbərdar olaq - FOTO

Yol nişanları 22 Aprel 2015 23:39 Oxunub 22248
Xəbərdarlıq nişanlarından xəbərdar olaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəbərdarlıq nişanları-6

Əvvəlki yazılarımda ölkəmizdə tətbiq olunan yol nişanlarının 1-ci qrupunu təşkil edən xəbərdarlıq nişanlarından ilk 43 ədədini izah etmişdim. Bu yazıda xəbərdarlıq nişanlarından sonuncu 9 nişanı diqqətinizə çatdırıram. Bununla da xəbərdarlıq nişanlarının hamısının izahını vermiş oluruq.

1.27 «Yandan əsən külək» nişanı yandan əsən və hərəkətdə olan nəqliyyat vasitəsi üçün təhlükə doğura biləcək güclü küləyin ola biləcəyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. 1.27 nişanı belə küləyin daha çox ola biləcəyi yerlərdə — dərələrdən açıq sahəyə çıxan yollarda, yatağı xeyli hündürə qaldırılmış yollarda, su hövzələrinin yanından keçən yollarda, böyük körpülərin üzərində və s. bu kimi yol sahələrində quraşdırılır. Bu nişanı görən sürücü (xüsusən yüklə birgə və ya yüksüz vəziyyətdə hündür olan nəqliyyat vasitələrinin sürücüləri) sürəti azaltmalı, sərt manevrlərdən çəkinməli və güclü küləyin yarada biləcəyi gözlənilməzliklərə hazır olmalıdır.

1.28 «Alçaqdan uçan təyyarələr» nişanı üzərindən nisbətən alçaqdan təyyarə və vertolyotların uçub keçdiyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan aeroportların, vertolyot meydanlarının yaxınlığından keçən yol sahələrinə quraşdırılır.

1.29 «Tunel» nişanı daxilində süni işıqlandırılma olmayan tunelə (yeraltı yol ötürücüsünə), habelə ətrafın relyefi səbəbindən giriş yeri 150 metrdən az məsafədən görünən istənilən tunelə yaxınlaşma barədə xəbərdarlıq edir. Tunelin girişindən onun çıxışı görünmədikdə 1.29 nişanı tunelin uzunluğunu ifadə edən 7.2.1 lövhəciyi ilə birlikdə tətbiq olunur.

1.30 «Digər təhlükələr» nişanı başqa xəbərdarlıq nişanları ilə nəzərdə tutulmayan təhlükənin olduğu yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Məsələn, bu nişan vasitəsilə yolda təhlükəli maneələrin (kənar əşyaların, tikinti materialları qalağının və s.) olması barədə xəbərdarlıq edilə bilər.

1.31.1, 1.31.2 «Döngənin istiqaməti» nişanları yolun kiçik radiuslu məhdud görüntüyə malik döngələrində hərəkət istiqamətini, habelə təmir olunan yol sahəsinin yanından keçmənin istiqamətini göstərmək üçün tətbiq olunur. Bu nişanlar döngənin xarici tərəfində (döngənin qırağında) döngəyə doğru hərəkət edən sürücünün qarşısında (yəni nişanın müstəvisi döngəyə yaxınlaşan yola istiqamətlənmiş olmaqla 1—1,5 metr hündürlükdə quraşdırılmalıdır. Yolun döngə sahəsi uzun olduqda bu nişan təkrar (dönmə bucağı nəzərə alınmaqla) qurula bilər.

1.31.1 nişanı stasionar işıqlandırılması olmayan dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dairənin mərkəzindəki adacıqda, bu yolayrıcına müvafiq girişin qarşısında da quraşdırılmalıdır.

1.31.3 «Döngənin istiqaməti» nişanı «T» şəkilli yolayrıclarında və yolların şaxələnməsindən sonra düzünə hərəkətin olmadığı yerlərdə quraşdırılır. Bu nişan düzünə hərəkətin mümkün olmadığını bildirir (şəklə bax). 

1.31.3 nişanı «T» şəkilli yolayrıcına çıxan və düzünə davamı olmayan yolun qarşısında, yaxud şaxələnən və düzünə davamı olmayan yolun qarşısında (şaxələnmə yerindən sonra) 1—1.5 metr hündürlükdə quraşdırılır.

1.32 «Qəza» nişanı müxtəlif xarakterli yol-nəqliyyat hadisələrinin baş verdiyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Bu nişan müvəqqəti xarakterli ola bilər

1.33 «Tıxac yaranmış sahəyə yaxınlaşma barədə xəbərdarlıq» nişanı yolda tıxacın olmasını bildirir (qanunvericilikdə bu nişan sadəcə «Tıxac» adlandırılsa, daha doğru olardı). Mahiyyətindən göründüyü kimi, bu nişan da yalnız müvəqqəti xarakterli ola bilər.

İzahını verdiyim nişanların şəkilləri, habelə 1.31.3 nişanının tətbiqinə dair şəkil əlavə olunur.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh