Banner

Paralel idxal avtomobil bazarına necə ziyan vurur?  - Dövlətdən gözləntilər var - VİDEO

Avtosfer TV 21 Yanvar 2025 13:18 Oxunub 778
Paralel idxal avtomobil bazarına necə ziyan vurur?  - Dövlətdən gözləntilər var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Artıq 8 ilə yaxındır ki, ekoloji təmiz avtomobillərdən istifadə beynəlxalq miqyasda trendə çevrilib. Ölkəmizə isə bu avtomobillərin gəlişi 5 ildən bir az çoxdur. 2019-2020-ci illərdə Azərbaycanda ekoloji təmiz avtomobillərin kütləvi sifarişi, dövlət başçısının göstərişi ilə bu sahədə güzəştlərin tətbiqi bu avtomobillər üçün infrastruktur yaradılmasını ön plana çıxarmaqla nəticələndi.

Ekoloji təmiz avtomobillərin sifarişinin artması fonunda ənənəvi mühərriklə işləyən - benzin, dizel avtomobillərin istehlakçıları hələ də seçimlərinin üstünlüklərindən faydalanmağa davam edir. Növbəti 10 ildə isə inkişaf etmiş ölkələrin ekologiyanı qorumaq məqsədilə benzin və dizel mühərrikli avtomobillər əvəzinə hibrid avtomobillərdən daha çox istifadə edəcəyi gözlənilir.

Bundan başqa, ölkədə avtomobilləşmənin sürətlə inkişafı, insanların fərdi avtomobil sahibi olmağa həvəsi xaricdən gətirilən avtomobillərin sayının artmasına gətirib çıxarır. Buna səbəb isə insanların maşın alarkən maksimum qənaət etmək istəyidir. Mütəxəssislər bildirir ki, ucuz qiymətə əldə edilən nəqliyyat vasitələri müəyyən dövr içində insanalara qazanc gətirmiş olsa da sonrakı dövrdə böyük məbləğlərdə itkilərə səbəb olur.

Avtosfer.az xəbər verir ki, Azərbaycanda avtomobil satışı ilə məşğul olan şirkətlər xırda bir ofis icarəyə götürür və qeyri-rəsmi şəbəkələrdən əldə etdikləri nəqliyyat vasitələrini ölkəmizə idxal edirlər. Ancaq digər tərəfdən rəsmi dilerlər böyük işçi qüvvəsinə sahib olurlar və hüquqi olaraq təklif etdikləri xidmət və məhsula görə məsuliyyət daşıyırlar.

Son dövrlərdə paytaxt ərazisində çoxsaylı avtomobil markalarının Çindən və Dubaydan gətirilən versiyalarını görürük. Bu avtomobillərin qiymətləri rəsmi mərkəzlərdəkindən aşağı olur. Məsələn, “Toyota Corolla Cross” və “Toyota Corolla” modellərinin arxasında çincə yazılar görürük. Məlumdur ki, həmin nəqliyyat vasitələri ölkəmizə Çindən gətirilir və onların hər birinin konstruksiyası həmin ölkənin nəqliyyat infrastrukturuna uyğunlaşdırılır. Beləliklə, ölkəmizə rəsmi şirkətlərin gətirdiyi avtomobillərlə paralel bir də kiçik sifarişçi şirkətlərin idxal etdiyi nəqliyyat vasitələri də gətirilir. Belə olan halda rəsmi dilerlərin satışı aşağı düşür, rəsmi zəmanəti olmayan maşınlar bazara daxil olur və hər hansı fəsad ortaya çıxanda da, həmin avtomobili alan şəxs əziyyət çəkir.

Bütün bunları nəzərə alaraq bu cür suallar ortaya çıxır; dövlət rəsmi dilerlər üçün hansısa təşviqedici mexanizmlər tətbiq etməlidirmi? Paralel idxalın sürücülərə nə kimi zərərləri ola bilər? İstehlakçılar bu idxaldan dəyəcək zərərlərdən özünü necə qoruya bilər?

Bu sualları mütəxəssislərdən soruşduq. İqtisadçı ekspert Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, bəzi ölkələrdə Çindən gətirilən maşınlara daha ciddi rüsumlar tətbiq edilir: “Avropa Birliyinə üzv olan, eləcə də ABŞ və Yaponiya kimi inkişaf etmiş ölkələrdə daxili bazarın qorunması ilə bağlı qərarlar alınır. Bununla da daxili istehsalçıların, eləcə də satış mərkəzlərinin hüquqları qorunmuş olur. Belə ölkələrin Azərbaycandan fərqi ondan ibarətdir ki, bu ölkələr həm də avtomobil istehsalçılarıdır. Məhz buna görə onların daxildəki istehsalçı şirkətlərə dəstək proqramı mövcuddur. Bu proqram çərçivəsində xaricdən, xüsusən də Çindən gətirilən avtomobillərə məhdudiyyətlər tətbiq edilir. Yaxud da ki, həmin nəqliyyat vasitələrinin gətirilməsi zamanı tətbiq edilən rüsumlar o qədər yuxarı olur ki, vətəndaşlar üçün daxili istehsalçılara aid satış məntəqələrindən alınan avtomobillər daha sərfəli hesab edilir. Ölkəmizdə avtomobil istehsalı olmadığı üçün bu məsələnin həssas qızıl ortasının tapılması mütləqdir. Birincisi, istehlakçıların hüquqlarını qorumaq lazımdır, çünki onların ucuz avtomobil əldə etmək kimi istək və hüquqları var. İkincisi, rəsmi dilerlərin hüquqlarıdır. Onların bütün xidmətləri rəsmi olduğuna, daha çox vergi və rüsum ödədiklərinə görə qiymətləri daha yüksək olur. Nəticə etibarı ilə Çindən gələn avtomobillər rəsmi dilerlərin xidmət və məhsullarına nisbətdə qiymət məsələsində qalib gəlir. Düşünürəm ki, rüsum olaraq eyni ola bilər, lakin Çindən idxal edilən avtomobillərin qiyməti rəsmi mağazalardakından ucuz olduğuna görə onlar gömrük rüsumu daha az ödəyirlər. Yəni rəsmiləşdirmə prosesi zamanı gömrük rüsumu, aksiz və digər vergilərlə bağlı ödənişlərdə heç bir fərq yoxdur. Sadəcə rəsmi dilerlərin gətirdikləri avtomobillərin öz qiyməti daha baha olduğu üçün onlar daha çox ödəniş etməli olurlar. Bu da bazardakı rəqabətlərdə problemlərə səbəb olur. Mənə elə gəlir ki, rəsmi dilerlər təqdim etdikləri xidmətlər, proqram təminatları və ehtiyat hissələri ilə bağlı məsələləri qabardaraq vətəndaşlara təqdimatda irəlini düşünməlidir. Çünki vətəndaş 8-10 min manat ucuzuna Çin avtomobili alanda əvvəlcə sevinir, daha sonra isə, necə deyərlər, “ucuz ətin ucuz şorbası olur” misalındakı kimi, həmin aşağı qiymətə əldə edilən avtomobillərin proqram təminatı, ehtiyat hissələri ilə bağlı ilkin alışda udduqları o vəsaitdən daha çox xərcləməyə məcbur qalırlar. Faktiki olaraq, vətəndaş ucuz məhsul aldığı zaman udmuş olmur”.

İqtisadçı əlavə edib ki, dövlətin əsas məqsədi vətəndaşların bütün sahələrdə məmnuniyyətini təmin etməkdir:

“Buna görə də vətəndaşlar öz məsuliyyətlərinə görə seçim edirlər. Doğrudur, çox vaxt seçimlərində ucuz modellərə üz tutub, daha sonra batareya və ehtiyat hissələri ilə bağlı problemlər çıxır. Belə hallarda artıq vətəndaş özü məsuliyyət daşıyır, dövlət burada heç bir halda müdaxilə edə bilmir. Çünki müqavilə, alqı-satqı öhdəlikləri var və bütün bunlar həmin sənədlər əsasında tənzimlənir. Yəni alıcı ilə satıcı arasındakı münasibətlərə dövlət müdaxilə etmir. Ona görə də rəsmi dilerlərə bir formada, kiçik sahibkarlara başqa formada şərait yaradılması dövlətin ədalətlilik prinsipinin pozulmasına gətirib çıxara bilər. Vətəndaş -  müştəri məmnuniyyəti dövlət üçün vacib olduğundan rəsmi dilerlər üçün ikinci əl avtomobillərin daha ucuz qiymətə ölkəmizə gətirilib satılması üçün təşviq proqramları ola bilər. Rəsmi dilerlərin məsuliyyəti var: siz onu məhkəməyə verə bilərsiz, bu yolla hansısa problemləri həll edə bilərsiz, çünki rəsmi dilerlə aranızda müqaviləniz var. Lakin kiçik sahibkardan aldığınız avtomobillə bağlı həmin sahibkarların heç bir öhdəliyi olmur. Sabah maşını alıb həmin salondan çıxdınız, o maşının başına nəsə gəldi, məsuliyyət öz üzərinizdədir. Vətəndaşlar da çox vaxt ucuz qiymətə aldandıqları üçün sahibkarla arasında heç bir öhdəlik müqaqviləsi bağlamadan alış-verişi həyata keçirirlər. Bəzən hətta alqı-satqı sadəcə notarial yolla, etibarnamə ilə həyata keçirilir. Bu, ümumiyyətlə, doğru deyil. Vətəndaş üçün problemlər yarada bilər. Ona görə də rəsmi dilerlərə ikinci əl avtomobil bazarında rahat hərəkət edə bilmək üçün müəyyən təşviq proqramlarına həqiqətən də ehtiyac var. Məsələn, hibrid və elektrikli avtomobillərin ölkəyə gətirilməsi üçün avtomobilin maksimum 3 il istismar müddəti olmalıdır. Lakin rəsmi dilerlər üçün bu məsələdə 2 il güzəştə getmək də onlar üçün yaradılacaq şərait ola bilər”.

Natiq Cəfərli sonda qeyd edib ki, paralel idxalçıların qeyri-rəsmi mənbələrdən əldə edərək ölkəmizə gətirdikləri avtomobillər rəsmi dilerlərə qiymət məsələsində böyük ziyan vurur: “Digər bütün məsələlərdə rəsmi dilerlər üstünlüyə malikdir. Həm ehtiyat hissləri, həm də göstərilən xidmətlər baxımdan dilerlər yüksək keyfiyyəti ilə fərqlənir. Amma burada rəsmi dilerlər mütləq şəkildə göstərilən xidmətlərin, ehtiyat hissələrinin qiymətlərinə də diqqət etməlidirlər. Burada rəsmi servislə yanaşı paralel fəaliyyət göstərən servislər də var. Onlar ucuz xidmət təklif etdikləri üçün sürücülər yenə də ucuz olanı seçirlər. Vətəndaşlar baha, amma keyfiyyətli olan ehtiyat hissəsinə üstünlük verməlidirlər. Çünki rəsmi diler, məsələn 100 manata təqdim etdiyi məhsula, ehtiyat hissəsinə 2 il zəmanət verirsə, qeyri-rəsmi servis 50 manata təqdim etdiyi məhsulu 6 aydan bir dəyişmək mütləqdir. Məntiqlə də düşünsək, 2 ilə 100 manat xərcləmək daha sərfəlidir, nəinki 6 ayda bir dəfə 50 manat. Sadəcə olaraq, vətəndaşların vərdişləri var. Bu vərdişləri dəyişdirmək üçün rəsmi dilerlər reklam və məlumatlandırma kampaniyalarına önəm verməlidirlər. Onların rəqabətdə uda biləcəyi sahə qiymət deyil”.

 

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh