Reklam

Bakıda qarajlar neçəyə satılır və almaq üçün hansı sənədlər vacibdir? - FOTO

Öyrənək 17 Yanvar 2022 14:30 Oxunub 3864
Bakıda qarajlar neçəyə satılır və almaq üçün hansı sənədlər vacibdir?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının daşınmaz əmlak bazarında müxtəlif təyinatlı qarajlar satılır. Bunlara müxtəlif küçə, prospekt və məhəllələrdəki daş və dəmir qarajlar, yeni tikili binaların altındakı avtomobil qarajları və qaraj tipli qeyri-yaşayış obyektləri aiddir.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Report”a bildirib ki, daş qarajların alqı-satqısı üçün texniki pasport olmalıdır:

“Bakıdakı daş qarajların böyük əksəriyyəti sovet dövründən qalanlardır. Onların çoxunun sənədi texniki pasportdur. Texniki pasport elektron çıxarış kimi alqı-satqıya yararlıdır və onunla rahat şəkildə alqı-satqı etmək olur. Daş qarajlar üçün elektron çıxarış verilmir. Çünki çıxarış verilmiş olsa, həmin əmlaka tam mülkiyyət hüququ verilmiş olur. Odur ki, bu qarajlara texniki pasport verilir və sənədin aşağısında qeyd olunur ki, bu ərazidə hər hansı dövlət əhəmiyyətli bir söküntü olarsa və ya bu ərazi dövlət layihəsinə düşərsə, bu qaraj başqa bir yerlə əvəzlənəcək. Yəni qaraj söküləcək və onun sahibinə başqa bir ərazidən həmin ölçülərdə qaraj tikilib veriləcək.

Bəzi qarajlar sərəncam əsasında tikilmiş qarajlardır. Hansı ki, onlara texniki pasport verilməyib və onların sahibi özlərinə verilmiş sərəncamı vaxtında texniki pasporta çevirməyib. Belə qarajların alqı-satqısı bir qədər riskli ola bilər. Belə qarajların alqı-satqısı üçün mütləq həmin sərəncamı verib çıxarış və ya texniki pasport almaq lazımdır. Əgər sərəncam qaraj yox, qaraj tipli qeyri-yaşayış obyektinin tikintisi üçün verilibsə, ona çıxarış verilir. Adi daş və ya dəmir qarajlar üçün isə texniki pasport alınmalıdır.

Onun sözlərinə görə daş qarajların qiyməti təqribən 10 min manatdan başlayır:

“Qiymətlər 50-70 min manata qədər dəyişə bilir. Köhnə daş və dəmir qarajların qiymətində artım qaraj olmağına görə deyil, onların qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərməsinə görə dəyişir. Yəni daha çox avtoyuma, meyvə-tərəvəz və ofis təyinatı ilə fəaliyyət göstərən, icarədə olan qarajlar daha qiymətli olur. Qarajın yerləşdiyi ərazi də onun qiymətinə təsir edir. Bu qarajların bir kvadrat metrinin qiyməti isə 800-1000 manatdan başlayır 4-5 min manata qədər dəyişə bilir. Bir kvadratının qiyməti 1 500-2 000 manatdan yuxarı olanlar qeyri-yaşayış obyekti kimi fəaliyyət göstərən qarajlardır.

Ekspert yeni tikili binaların altındakı qarajların çox baha olduğunu bildirib:

 

“Burda da qiymətlər 10 min manatdan 50 min manata qədər dəyişir. Təbii ki, ayrıca tikilinin olması daha yaxşıdır. Yeni tikili binaların altında qarajda sadəcə avtomobilin özü boyda yer ayrılır, yerə onun nömrəsi yazılır, hər hansı arakəsmə və ya qapı olmur. Verilən əraziyə, onun ölçüsünə və açıq sahə olmasına baxsaq, yeni tikili binaların altındakı qarajların qiymətlərinin fantastik olduğunu deyə bilərik. Bu qarajların alıcıları da çoxdur. Bu gün Bakıda yetəri qədər çoxmənzilli bina inşa olunub. Paytaxtda avtomobillərin sayı 30 il bundan əvvəlki dövrlə müqayisədə dəfələrlə artıq olduğuna görə bu gün avtomobilin saxlanılması üçün yerlər də məhdud şəkildədir”.

“Daş qarajlara yatırım etmək daha məsləhətlidir. Çünki bazarda onların alıcı qüvvəsi həmişə olub. Daha çox avtomobil qarajı, depo və digər təyinatlı qarajlar satılır”, - E.Fərzəliyev əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh