Narkotikin təsiri altında avtomobil idarə edənləri hansı cəza gözləyir? – Qanun sərtləşəcək
"Narkotik vasitələrin təsiri altında avtomobilləri idarə edən sürücülərin sayı son vaxtlar kəskin şəkildə artıb. Daha doğrusu, düşünürəm ki, indiyə qədər də belə imiş. Sadəcə olaraq nəzarətdən kənar qala biliblər, ciddi yoxlanılmayıblar və s”. Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Müsahibimizin sözlərinə görə, narkotiklərlə mübarizə çərçivəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər eyni zamanda yol hərəkəti təhlükəsizliyinə də yönəldi və burda da narkotiklərin təsiri özünü göstərdi:
"Yəni yol qəzalarının, qayda pozanların sayı artır və DİN bunları təhlil etdikdən sonra, burada müəmmalı məsələnin olduğu ortaya çıxır. Bu da elə narkotiklərin təsiri imiş. Təsəvvür edin, bu ilin 9 ayı ərzində Baş Dövlət Yol Polis İdarəsinin yol patrul xidməti alayı 630-dan artıq narkotik vasitənin təsiri altında olan sürücü aşkarlayıb. 12 ayı hesablasaq, rəqəmlər hardasa 800-ə çatar. Bu hələ stasionar postlarda aşkar olunan faktlardır. Narkotik qəbul edən sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücüləri kölgədə qoyub desək yanılmarıq. Onların bir neçəsi ilə ünsiyyətdə olmuşam, adətən peşman olduqlarını, ilk dəfə qəbul etdiklərini deyirlər. Amma həmin şəxslərin davranışlarına baxdıqda, yerində dayana bilmədiklərini, vərdişkar olduqlarını görməmək mümkün deyil”.
Ekspert deyib ki, bu gün sözügedən şəxslərə qarşı tətbiq edilən cəza tədbirləri yüngüldür:
"İllər əvvəl bu problem bizdə olmayıb. Ona görə sərxoş sürücülərlə, narkotik vasitələrin təsiri altında olan sürücülərin cəzası eynidir. İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsində eyni cəza göstərilir – 400 manat cərimə 5 bal yaxud sürücülük hüququnu məhdudlaşdırmaqla 15 gündən 1 aya, 1 aydan 2 aya qədər həbs. Sərxoş da olsan bu belədir, narkotik təsiri altında avtomobil idarə etsən də. Fikrimcə, bu yanaşma doğru deyil. Narkotiklərlə bağlı görülən işlərin effektivliyini artırmaq üçün eyni zamanda qanunvericilikdə də dəyişiklik edilməlidir. Narkotik qəbul etdiyinə görə tutulan şəxsi dərhal 2 il müddətinə sürücülük hüququndan məhrum etmək lazımdır, 3 aya qədər ona həbs verilməlidir ki, heç olmasa bu müddətdə orqanizmi təmizlənsin və 2 ildən sonra etibarlı tibbi mərkəzlərin birindən sağlamlıq arayışı gətirməlidir. Həmin arayış əsasında sürücü yenidən imtahana buraxılmalıdır, çünki narkotik insanın yaddaşına mənfi təsir edir, onun yol hərəkəti qaydaları ilə bağlı bilikləri mütləq yoxlanılmalıdır.
Əgər həmin şəxs bunlardan müvəffəqiyyətlə çıxarsa, həqiqətən sağlamlığı təsbit olunarsa, ona 3 ay sınaq müddətində sürücülük hüququ verilə bilər. Bu zaman ərzində heç bir problem olmasa, yenidən narkotiklə tutulmasa, kobud qayda pozuntularına yol verməsə, mərhələli şəkildə hüquq müddətini artırmaq olar. Onun sürücülük hüququnu birbaşa bərpa etsək, çox böyük problemlər yarana bilər. Dünyanın bir çox ölkələrində bu cür təcrübələr var. Ciddi nəzarət mexanizmi olmadan çox çətin olacaq”.