Təhlükəli manevrlərə şərait belə yaradılır

Avqustun 13-də Avtosfer.az saytında gedən bir xəbər məni məsələyə təkrar qayıtmağa vadar etdi.
Xəbərdə yer alan videoda görünür ki, sürücü qoşa xəttin tələbini şüurlu surətdə pozaraq təhlükəli ötmə edir və qarşıdakı avtomobilin yoluna çıxır. Bəs bu təsadüfi haldırmı?
Şəxsi təcrübəmə əsaslanaraq əminliklə, “yox” deyə bilərəm. Uzun illərdir Azərbaycanın müxtəlif bölgələrinə gedib-gəlirəm və yollardakı vəziyyətlə bağlı kifayət qədər məlumatım var.
İş burasındadır ki, bizdə hələ də sovet dövründə formalaşmış sürücülük vərdişlərindən imtina edə bilmirik. Rayon yerlərində sürücülər hələ də yolun ortası ilə gedir, təhlükəli yerdə ötmə edir, radarın altından icazə veriləndən 2 dəfə az sürətlə keçir, 10 addım sonra isə nağıl personajlarının sürətinə çatırlar.
Rayon yollarında, xüsusən Bakı-Şamaxı-İsmayıllı yolunda və Xaldan-Şəki istiqamətində məhdud görmə şəraiti olan ərazilər çox olduğundan ötmə qadağaları var. Bir çox sürücü axınla getməyə səbri çatmır və sərt döngədə ötmə edir.
Bakı-Qazax yolu isə əsasən düzənlik ərazidən keçir və ötmə üçün texniki olaraq imkan çoxdur: ərazi düz və hamardır, hətta bir neçə kilometrlikdəki nəqliyyat vasitəsini də görmək mümkündür. Burada isə vəziyyət fərqlidir.
Sürücülər əksər hallarda ötmə zamanı qarşıdan gələn avtomobillə məsafəni düzgün hesablamadıqları üçün əməliyyatı başa çatdıra bilməyərək yenidən cərgəyə qayıtmağa məcbur olurlar.
Hər 2 halda sürücü həmrəyliyi adlanan anlayış işə düşür: öz yolu ilə gedən sürücülər həyatlarını riskə ataraq sağa çəkilir və qayda pozan avtomobilin cərgəyə qayıtmasına şərait yaradırlar. Bu da intizamsız sürücülərin növbəti dəfə oxşar riskli manevrləri üçün ilham mənbəyi olur.
Əlbəttə ki, mən rusiyalı sürücülər kimi davranmağı da tövsiyə etmirəm. Şimal qonşumuzda adətən bu cür səhv edən sürücülərin təhlükəsiz şəkildə öz yoluna qayıtmasına imkan verilmir və səhv əksər hallarda ağır qəza ilə nəticələnir. Bu səbəbdən Rusiyada belə riskli manevlərə gedən sürücülərin sayı azdır.
Bəs çıxış yolu varmı?
Əlbəttə, var. Dünya təcrübəsindən görürük ki, polis qayda pozuntuları ilə mübarizədə elektron vasitələrin köməyindən daha çox istifadə edir. Həm də söhbət təkcə DİN-in nəzarətindəki kamera və radarlardan getmir.
Bir çox ölkədə polis sosial mediada çox asan bir sistem tətbiq edib: istənilən yol hərəkəti iştirakçısı qeydə aldığı qayda pozuntusunu vatsap, teleqram, feysbuk və digər platformalardan polisin rəsmi media hesabına yollayır.
Fakt araşdırılıb hüquqi qiymət verildikdən sonra məlumatı göndərən şəxsə rəsmi məlumat verilir.
Azərbaycanda belə yanaşmanın yoxluğundan danışmaq doğru olmaz.
Mediada ciddi qayda pozuntusuna dair yayılmış xəbərlərdən sonra yol polisi adətən intizamsız srücülər barədə tədbir görüb. İş burasındadır ki, bir çox avtomobildə kamera olsa da, sürücülərin çoxu qeydə aldıqları qayda pozuntuları ilə bağlı kimə və necə müraciət edəcəklərini bilmirlər. Bu məsələdə müəyyən maarifləndirmə həyata keçirilsə, yerinə düşər.
Vüqar
Mərdəkanda yolayrıcına necə gəldi girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Nəsimidə piyadaların yolunu kəsən sürücülər CƏZALANDIRILDI - VİDEO
Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi - FOTOLAR
Əllərini sükandan çəkir, gözü isə telefonda qalıb: DYP TƏDBİR GÖRDÜ - VİDEO
Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi - FOTO
Əks yola çıxan sürücü döngədə qəza riski yaratdı – 77-QS-220 - VİDEO
İsmayıllıda təhlükəli ötmə: Qarşıdan gələn sürücü son anda qəzadan yayındı - VİDEO
Zolağa yerləşməyən sürücü tuneldə də təhlükə saçmağa davam etdi - VİDEO
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Özünü maşının qabağına atıb sürücüyə hədə-qorxu gəldi - VİDEO
İki maşının arasından ruh kimi keçən sürücü qəza şəraiti yaratdı - VİDEO










