Azərbaycanda əsgərliyə gedənlərə xoş xəbər – “Razılıq əsasında ola bilər”

Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin kredit və nisyə ödənişləri ilə bağlı problemlər yaşaması zaman-zaman müzakirə obyekti olur. Bildirilir ki, xüsusilə, hərbi xidmətə yollanan şəxsin əvvəlcədən götürdüyü kredit və ya məhsula görə borcu qaldıqda, ödənişlərin davam etdirilməsi ailələr üçün çətinlik yarada bilər.
Hərbi xidmətə çağırılan şəxslərin kredit və digər borc öhdəlikləri ilə bağlı qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulub? Onlar xidmətdən qayıdana qədər ödənişlərin təxirə salınması mümkündürmü və bu məsələdə vətəndaşlar hansı hüquqi imkanlardan istifadə edə bilərlər?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, belə hallarda əsas məsələ ödənişlərin təxirə salınması və borc öhdəliklərinin icrası ilə bağlı mövcud hüquqi imkanlardır:
“Konstitusiyanın 76-cı maddəsinə əsasən, Vətənin müdafiəsi hər bir vətəndaşın borcudur. Lakin hərbi xidmətə çağırılma şəxsin əvvəlcədən yaranmış kredit və digər mülki-hüquqi öhdəliklərini avtomatik olaraq aradan qaldırmır. Mülki Məcəlləyə əsasən, borcalan müqavilədə müəyyən edilmiş müddətlərdə borcunu qaytarmalı və nəzərdə tutulan ödənişləri həyata keçirməlidir. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin bütün kredit ödənişlərinin xidmət başa çatanadək avtomatik dayandırılmasını nəzərdə tutan ümumi hüquqi qaydanın mövcudluğu təsdiqlənmir. Amma hərbi xidmətə çağırılan şəxslər kredit ödənişlərinin təxirə salınması, şərtlərinin dəyişdirilməsi üçün banka və ya digər kreditora müraciət edə bilərlər. Onlar əsas borcun ödənişinə möhlət verilməsini, kredit müddətinin uzadılmasını, aylıq ödənişlərin azaldılmasını və ya borcun restrukturizasiyasını xahiş etməlidirlər. Bu güzəştlər, bir qayda olaraq, kreditorun razılığı və tərəflər arasında müvafiq razılaşma əsasında tətbiq olunur. Müraciətə hərbi xidmətə çağırılmanı təsdiq edən sənədin və şəxsin maliyyə vəziyyətini əsaslandıran digər materialların əlavə edilməsi məqsədəuyğundur”.
Hüquqşünas bildirib ki, diqqət yetirilməli məsələlərdən biri də faizlərin və gecikmə ilə bağlı ödənişlərin hesablanmasıdır:
“Əsas borcun ödənişinə möhlət verilməsi faizlərin də avtomatik dayandırılması demək deyil. Buna görə də bankla razılaşma əldə edilərkən möhlətin hansı ödənişlərə şamil olunduğu, faizlərin hesablanmasının davam edib-etmədiyi və yeni ödəniş qrafikinin şərtləri yazılı şəkildə müəyyən edilməlidir. Hərbi xidmətdə olmaq özlüyündə bütün faiz və cərimələrin qanunsuz hesablanması üçün əsas sayılmır. Tələb olunan məbləğlərin qanuniliyi müqavilə və qüvvədə olan qanunvericilik əsasında qiymətləndirilməlidir.
Kredit ödənişlərinin gecikdirilməsi borcalanın kredit tarixçəsinə mənfi təsir göstərə və müqavilə ilə qanunvericilikdə nəzərdə tutulan digər nəticələrə səbəb ola bilər. Kreditor qanuni əsaslar olduqda borcun tutulması üçün məhkəməyə müraciət edə bilər. Bütün borc növlərinə eyni hüquqi rejim tətbiq olunmur. Bank kreditləri, ipoteka öhdəlikləri, fiziki şəxslərdən alınmış borclar, istehlak kreditləri və digər müqavilə öhdəlikləri müvafiq müqavilələrin, qanunvericiliyin tələbləri nəzərə alınmaqla ayrıca qiymətləndirilməlidir. Borcalanın ailə üzvləri də yalnız qohumluq münasibətinə görə onun kredit borcuna görə avtomatik məsuliyyət daşımırlar. Belə məsuliyyət zaminlik, birgə borcalanlıq və ya digər qanuni əsaslar olduqda yaranır”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












