11 şəhid verdiyimiz DÖYÜŞ - Talış-Suqovuşan istiqamətinə açılan YOL
482 yüksəkliyinin azad edilməsi zəfərə gedən yolun başlanğıcı idi
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də şimal-şərq istiqamətində uğurlu əks-hücum əməliyyatı həyata keçirdi. Bu istiqamətdə ən ağır döyüşlərdən biri Talış kəndin solundakı 482 yüksəkliyi uğrunda gedirdi. Döyüş meydanında ümumi rəhbərliyi N saylı hərbi hissənin kəşfiyyat rəisi, polkovnik-leytenant Bayram İbişov edirdi.
Saat 8.30-da 842 yüksəkliyinin azad edilməsi ilə bağlı “İrəli!” əmri verildi. Kəşfiyyat bölüyü tank bölüyünün dəstəyi ilə hücuma keçdi. Həmin istiqamətdə düşmənin möhkəmləndirilmiş iki mövqeyi vardı. Onlardan biri 842 yüksəkliyi, ikincisi də ondan təqribən 100 mert məsafədə yerləşirdi. Birinci mövqedə ermənilərin bir taqıma yaxın şəxsi heyəti, ikinci mövqedə isə 10 düşmən əsgəri vardı.
Ağır döyüşlər başladı. Bayram İbişovun rəhbərliyi ilə əsgərlərimiz 842 yüksəkliyinin yaxınlığındakı təpəliyə iki istiqamətdə hücum etdi. Hücuma keçən taqımlardan birinə kapitan Tamerlan Rəşidli, digərinə isə baş leytenant İsmət Hacıyev başçılıq edirdi.
“Düşmənin ciddi müqavimətinə baxmayaraq saat 9-da ermənilərin birinci mövqeyini ələ keçirdik. Döyüşdə 4 şəhid verdik. Baş leytenant İsmət Hacıyev və gizir İsaxan Qəniyev qəhrəmancasına həlak oldular”, - əməliyyatın rəhbəri Bayram İbişov deyir.
Düşmən mövqeyinin ələ keçirilməsi döyüşçülərimiz arasında böyük ruh yüksəkliyi yaratdı. Qarşıda 842 yüksəkliyi dururdu. Canlı qüvvəmiz düşmənin 27 ildi tikib möhkəmləndirdiyi istekamı-səngəri düşməndən azad etməli idi. Ermənilər möhkəm tikdikləri dodlardan, səngərlərdən əsgərlərimizə pulemyotlardan atəş açır, minaatanları isə susmurdu. Həm texnikaya, həm də şəxsi heyətə Kornet, Faqotdan (tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi) durmadan atəş açırdılar.
Onlar əmin idilər ki, illərdi möhkəmləndirdikləri müdafiə səddini ordumuz yara bilməyəcək. Üstəlik də əsgərlərimizin hücum etdiyi ərazi - düşmən mövqelərinin qarşısı minalanmış sahələr idi. Amma onlar döyüşə atılanların Vətən sevdalı şərəfli Azərbaycan əsgərləri, onlara rəhbərlik edən zabitin isə peşəkar kəşfiyyatçı olduğunu unudurdular. Azərbaycan əsgərləri ölümün gözünə dik baxaraq 842 yüksəkliyinə hücuma keçdilər.
Hücum istiqamətində çox güclü döyüş gedirdi. Bölüklərimiz yüksəkliyə doğru iki istiqamətdən - yan cinahlardan hücuma keçmişdilər. Kapitan Tamerlan Rəşidli hücum əməliyyatı zamanı erməni snayperi tərəfindən ayağından vuruldu, o yaralı olsa da, döyüş mövqeyini tərk etmədi, döyüşü əsgərləri ilə birlikdə davam etdirdi.
Bu döyüşdə tank bölüyü də yüksək peşəkarlıq göstərdi. Tankçi Ziya qüllədəki erməni kamerasını məhv etdi. Bir mərmi ilə qülləni ortasından vurdu.
Kamera ilə hərbiçilərimizin hərəkəti izlənilirdi, onların hücum istiqaməti güclü atəş altında saxlanılır, irəliləməsinin qarşısı alınmağa çalışılırdı.
842 yüksəkliyinin minalanmış sahəsində hücuma keçmiş 8 tankımızdan 5-i minaya düşdü, bir tankımızı isə düşmən vurdu. Buna baxmayaraq 2 tankla düşmən mövqeyinə ağır zərbələr endirildi. Çox dəhşətli səhnə idi, vəziyyət çox pis idi. Lakin Bayram İbişovun rəhbərliyi ilə yüksəkliyin düşməndən təmizlənməsi əməliyyatı davam edirdi. Bu döyüşdə kapitan Tamerlan Rəşidli QP-25 (qumbaratan) ilə erməni faqotunu vurdu, heyəti ilə birlikdə məhv etdi.
Bir neçə saatdan sonra düşmənin müdafiə xəttini əsgərlərimiz yara bildi, artıq texnikakalarımız da düşmən xəndəyində idi.
Bayram İbişov bu barədə danışır:
“Saat 11-də yüksəklik əsgərlərimiz tərəfindən götürüldü və ermənilərdən təmizləndi. Bu döyüşdə 11 şəhid verdik, 13 nəfər isə yaralımız vardı. Şəhid olanlar arasında İnqilab Qayıbov, Əjdər Dadaşov, Ayşət Əzizov, Qurban Cahangirov, Seymur Ələsgərov kimi igid, mərd Vətən oğulları vardı. Hər biri gözlərində ölüm qorxusu olmayan Azərbaycanın cəngavər oğulları idi. Qarabağ onlar üçün qeyrət, namus simvolu idi və o namus, o qeyrət uğrunda da canlarından keçdilər.
Ermənilər ağır itkilər versələr də, bir neçə dəfə əks-hücuma keçdilər, strateji əhəmiyyata malik yüksəkliyi geri almağa çalışdılar. Çünki bu yüksəkliyin itirilməsi 457 yüksəkliyinin müdafiəsini çətinləşdirir, Talış və Suqovuşan istiqamətində irəliləməyimizə imkan verirdi. Lakin bütün cəhdləri nəticəsiz qaldı, əsgərlərimiz əks hücumların qarşısını aldılar, düşmən çiddi itki verərək geri oturduldu.
Sonradan bu yüksəklikdən 457 yüksəkliyinin düşməndən azad edilməsi əməliyyatı idarə edildi.
Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəklikdən və əlverişli mövqelərdən hərəkətə keçən əsgərlərimiz əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirdilər.
Bayram İbişov öz kəşfiyyat qrupu ilə Talış-Suqovuşan istiqamətində yüksəkliklərin, yaşayış məntəqələrin azad edilməsində iştirak etdi.
(davamı var)
Pünhan Əfəndiyev