“Audi”də qəzanı törədən o idi, sonradan ortaya başqa sürücü çıxdı - FOTO

Yazarlar 18 Yanvar 2021 15:24 Oxunub 4238
“Audi”də qəzanı törədən o idi, sonradan ortaya başqa sürücü çıxdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qəzaya düşən “Mercedes”in sürücüsü qarşı tərəfin idarə etdiyi “Audi”nin təmiri üçün 60 min manat ödənməsinə qərar verilməsindən narazıdır. Vətəndaş polisin apardığı araşdırmadan və nəticədən də razı deyil. Nəriman Hacıyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2019-cu ilin aprel ayında Binəqədi rayonu ərazisində idarə etdiyi 90 ND 064 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 10 PP 122 dövlət nömrə nişanlı “Audi” markalı avtomobil toqquşub. İlkin araşdırma nəticəsində qeyd edilib ki, qəzanın baş verməsinə səbəb Nəriman Hacıyevin yol hərəkəti qaydasını pozmasıdır. N.Hacıyev isə iddia edir ki, digər sürücü işıqforun qırmızı işığında keçib və qəzanın baş verməsinə səbəb olub. Şikayətçi deyir ki, hadisə baş verən ərazidə təhlükəsiz şəhər kamerası olsa da, o, kamera görüntülərini əldə edə bilməyib.

Ekspert isə Cəfərli Əsəd Vüqar oğlunun idarə etdiyi “Audi”yə 60 min manat zərər dəyməsi ilə bağlı rəy verib.

N.Hacıyevin sözlərinə görə, qəzanı törədən sürücü gənc və arıq bir oğlan olub, şikayətçinin iddiasına əsasən, sonradan ortaya başqa sürücü çıxıb: “Mən Azadlıq prospektində "Vorovski" adlanan dairədə Binəqədi istiqamətinə dönüb qayıtmaq istəyirdim. Yüksək sürətlə işıqforun qırmızı işığında keçən, piyada keçidinə məhəl qoymayan, "Audi A7" markalı maşın mənim maşınımı vurdu. Maşınım tam yararsız hala düşdü, başımdan xəsarət aldım. "Audi A7"dən düşən bir nəfər mənə yaxınlaşdı və digər şəxsi göstərib dedi ki, məndən soruşanda deyim ki, sükan arxasında bu adam idi. Halbuki sükan arxasında başqa şəxs idi. Sonradan hadisəni törədən şəxsin Əsəd Cəfərli olduğu göstərildi.

Mən xəstəxanada olduğum zaman, hadisə baş verdikdən bir gün sonra qərar qəbul edildi. Halbuki qanunvericiliyə uyğun olaraq araşdırma aparılmalı və qərar çıxarılarkən iştirakım təmin edilməli idi. Tez-tələsik qərar çıxarılması da bu işin birtərəfli aparılmasını sübuta yetirir. Həmçinin qərar mənə göndərilməyib. Qərarın surətini oktyabr 15-də almışam. Ümumiyyətlə, heç aprelin 30-da tərtib edilmiş protokolun surəti də mənə verilməyib. Heç bir qayda pozuntusuna yol verməmişəm, amma mən cərimələnmişəm.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin təhqiqatçısı mayor Faiq İsayev tərəfindən, nə də hazırkı şikayəti araşdıran birinci inistansiya məhkəməsi tərəfindən qeyd edilən müşahidə kamerasının görüntüləri əldə edilməyib. Görüntü olmadan izahatlara istinad edilməklə nəticədə yalnış qərar qəbul edilib. Hadisə yerinin müayinəsi aparılarkən və hadisə yerinin sxemi tərtib edilən zaman mənim iştirakım təmin edilməyib”.

Nəriman Hacıyevin qeydiyyatda olduğu ərazi üzrə Şəki Apelyasiya Məhkəməsi qərarı ləğv edərək yenidən baxılması üçün Şəki rayon məhkəməsinə göndərib.

Məlumata görə, “Audi A7” markalı lüks avtomobil “Fasad-F” MMC-nin balansındadır. Şirkətin qanuni təmsilçisi isə Cəfərov Fəxri Aydın oğlu “Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun əmisi oğludur. “Audi A7” markalı avtomobili idarə edən şəxs kimi göstərilən Cəfərli Əsəd Vüqar oğlu “Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun oğludur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh