Avtobus problemi: Bir gündə iki qəza, 46 yaralı, 1 ölü...

Yazarlar 23 Fevral 2019 19:18 Oxunub 1315
Avtobus problemi: Bir gündə iki qəza, 46 yaralı, 1 ölü...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sumqayıtda baş verən qəzada sürücü sürəti düzgün seçsəydi, faciə bu həddə olmazdı”

Avtobus parkı yenilənməli, xüsusi kateqoriyaya məxsus sürücülər seçilməli, sürücülər il ərzində bir neçə dəfə təlimlərə cəlb edilməli, sürücülərin iş saatına xüsusi diqqət ayrılmalı, onların istirahəti diqqətdə saxlanılmalıdır. Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı iki gün ərzində Sumqayıtda və Sabirabadda sərnişin avtobuslarında insan ölümü ilə nəticələnən qəzalar və tez-tez baş verən bu tip hadisələrin səbəbləri barədə danışarkən deyib. E.Muradlı bildirib ki, Sumqayıtda baş verən qəzada sürücü sürəti düzgün seçsəydi, faciə bu həddə olmazdı: “Sumqayıtda baş verən avtobus qəzasının ilkin səbəbləri açıqlandı ki, sürücü qəzadan yayınmaq istəyərkən idarəetməni itirib. Hadisənin video görüntülərindən də məlum olur ki, avtobusun sürəti yüksək olub. Yəni o sürət avtobus üçün çox yüksəkdir. Elə bu səbəbdən sürücü maneəni hiss edəndə avtobusu qaçıra bilməyib və tikiliyə dəyib. Görüntülərdən də aydın olur ki, sürət hansı həddədir. Əgər sürücü sürəti sərnişin avtobusuna uyğun seçsəydi, nəticə belə olmaya bilərdi. Bu görüntüyə əsasən demək olar ki, sərnişin avtobuslarının sürücülərinin peşəkarlığına xüsusi diqqət ayırmaq lazımdır. Xüsusilə məhəllədaxili, şəhəriçi, sıxlıq olan yollarda işləyən daşıyıcıların sürücülərinə uzunmüddətli təlimlər keçilməlidir. Elə yollarda piyada çox olur. Sürət düzgün seçilməli, sürücünün ayıq-sayıqlığı olmalı, hər hansısa qəza situasiyasında maneədən yayınmağı bacarmalıdır. Bir-iki ay sürücülərə təlim keçməklə iş bitmir”.

E.Muradlı bildirib ki, bölgələrarası marşrutların sürücüləri kifayət qədər təcrübəlidir. Lakin həmin sürücülər istirahətsiz və köməkçisiz işlədiyi üçün problemlər yaranır: “Bu gün əsas problem təkcə şəhərdaxili yollarda deyil. Bölgələrarası işləyən avtobuslarda problem daha çoxdur. Düzdür, belə sürücülər daha təcrübəlidir. Ancaq çox vaxt olur ki, gün ərzində iki dəfə reysə çıxmalı olurlar. Bu zaman onların yanında köməkçi sürücü olmalıdır. Ancaq bu da olmur. Bölgələrarası işləyən marşrutlarda baş verən qəzaların əsas səbəbi də məhz tək, köməkçisiz, fasilə vermədən, bəzən gün ərzində iki dəfə reysə çıxmaqdır. Belə olanda sürücünün yolda yuxulaması da normaldır, mənzil başına çatması üçün sürət həddini aşması da. Bu da təbii olaraq istənilən qəza üçün zəmindir”.

Ekspert son olaraq bildirib ki, istənilən halda belə qəzaların, xoşagəlməz halların, sərnişin-sürücü probleminin, anidən avtobuslarda alışma-yanma hallarının aradan qaldırılması üçün avtobus parkı yenilənməli, sürücülər il ərzində bir neçə dəfə təlimlərə cəlb edilməli, sürücülərin iş saatına xüsusi diqqət ayrılmalı, onların istirahəti diqqətdə saxlanılmalıdır.

Qeyd edək ki, iki gün ərzində Azərbaycanda baş verən avtobus qəzaları nəticəsində 46 nəfər yaralanıb, 1 nəfər isə dünyasını dəyişib. Belə ki, fevralın 21-də Sumqayıt şəhərində Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Nəticədə 42 nəfər yaralanıb, onlardan 19 nəfəri xəstəxanaya yerləşdirilib. Fevralın 22-də isə Sabirabad rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb. Hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib. “Ford” markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb.

22 fevralda həmçinin Qara Qarayev prosoektində hərəkətdə olan avtobusun motorxanası anidən yanmağa başlayıb. Hadisə zamanı avtobusda sərnişin olsa da, hamısı avtobusdan düşürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh