Avtobuslar alternativ yanacaq növlərindən istifadə edəcək - 2022-ci ildən
“2022-ci ildən sonra Bakıda alternativ yanacaq növləri ilə işləyən avtobuslar istifadə veriləcək”. Avtosfer.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabinetinin 73 saylı qərarı ilə Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərə dair tələblərini şərh edərkən deyib. O bildirib ki, baş nazir Novruz Məmmədov tərəfindən Bakı şəhərində qarajlar, ictimai nəqliyyat vasitələrinə dair tələblər də təsdiqlənib: “Bundan əlavə olaraq bizim göndərdiyimiz təkliflərdə artıq qəbul olunub. 2022-ci ildən sonra Bakı şəhərində ictimai nəqliyyatda istifadə olunacaq avtobuslar alternativ yanacaq növlərindən istifadəsi təşviq ediləcək. Yəni, 2022-ci ildən sonra Bakıda dizel deyil, sıxılmış təbii qaz, elektriklə işləyən avtobuslar istifadəyə veriləcək. Təbii ki, bu istiqamətdə də işlər aparılır”.
BNA rəhbəri bəyan edib ki, avtobusların alternativ yanacaq növlərindən istifadəsi üçün paytaxtda böyük infrastruktur işlər görüləcək: “Bu gün "BakuBus" şirkətinin avtobuslarının hərəkət etdiyi istiqamətlərdə sıxılmış qazdan istifadə üçün yanacaqdoldurma məntəqəsi var. Bakının digər ərazilərində də, sıxılmış qaz yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə də danışıqlar gedir. Eyni zamanda bizim qarajlarda da sıxılmış qazın avtobuslara vurulmasının tətbiqi nəzərdə tutulur. Bakıya gətiriləcək yeni 300 avtobusda sıxılmış qazla işləyəcək. Ümumilikdə bu nəqliyyat vasitəsinin ətraf mühitə verdiyi ziyanda az olacaq”.
V.Kərimli Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərə dair tələbləri həyata keçirilməsi üçün görüləcək digər işlərdən də danışıb: “Eyni zamanda biz parklanma siyasətini də tətbiq edirik. Bu gün qeyri-qanuni parklanmaya qarşı BNA tərəfindən tədbirlər görülür. Cəmiyyətimizin əksər hissəsi bu görülən işləri alqışlayır. Bu gün insanlar tərəfindən BNA-ya çoxlu müraciətlər daxil olur. Bakının 20 yanvar, 3-cü mikrorayon dairəsi, Memar Əcəmi istiqamətində qeyri-qanuni parklanma ilə bağlı tez-tez müraciətlər olur. Əlbəttə, bu istiqamətdə də ciddi tədbirlərimiz mərhələli şəkildə olacaq. Ümumilikdə nəqliyyat sistemi bir-birinə bağlıdır. Şəhər mərkəzinə nəqliyyat vasitələrinin xaotik girişi və parklanmanın tətbiqi aparılır. Bu şəhər mərkəzinə avtomobillərin kütləvi girişini məhdudlaşdıracaq. Həmçinin, görülən tətbirlər ətraf mühitin qorunmasına da gətirib çıxaracaq. Yeni yolların tikilməsi də bu istiqamətdə görülən işlərə yardımçı olacaq”. BNA sədri əlavə edib ki, yeni tələblərin icrası ilə əlaqədar proqramlarda hazırlanır: “Nazirlər Kabinetinin tələbləri Bakıda çoxdan həyata keçirilməli idi. Əfsuslar olsun ki, bu tələblərin icrası nədənsə gecikib. Cənab prezident tərəfindən bizim əsasnamə, nizamnaməmizdə də tapşırıq qoyulub ki, Bakı şəhərində daşıyıcılara, avtobus və taksi sürücülərinə, avtobus qarajlarına dair yeni tələblər hazırlansın. BNA-da bir il yarım ərzində müvafiq dövlət qurumları ilə birgə yeni qaydaları hazırlayıb, Nazirlər Kabinetinə təqdim etdi. Bizə yardımçı olan müvafiq dövlət qurumlarına da öz təşəkkürümüzü bildiririk. Yeni tələblərlə bağlı BNA müəyyən marifləndirmə işləri aparacaq. Artıq, biz avtobus və taksi şirkətləri ilə də görüş keçiririk. Məqsəd yeni tələblərin tətbiqini həyata keçirməkdir. Bilirsiz necədi? Hər sahədə yeni islahatlar ilk başlanğıcda biraz ağrılı keçir. El dili ilə desək, dərmanda acı olur, amma buna baxmayaraq sağaldır. Bunlar da eyni istiqamətdə atdığımız islahatlardır. Biz həmçinin hesab edirik ki, taksi sürücüləri də işlə təmin olunmalıdırlar. Hüquqi şirkətlərdən qeydiyyatdan keçməlidirlər. Sifarişlə işləyən taksi şirkətləri ilə də danışırıq ki, sürücülərinin hüquqlarını qorusunlar. Bu işdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də əməkdaşlığımız görsənir. Ümumilikdə Bakı Nəqliyyat Agentliyi demək olar ki, bütün dövlət qurumları ilə əməkdaşlığı nəticəsində vətəndaşa xidməti planlaşdırır. Yəni tək bir yönümlü deyil! Bizim sahə elədir ki, gördüyümüz hər bir iş əhalinin bütün təbəqələrinə xidməti nəzərdə tutur. Hər birimiz yollardan istifadə edirik. Çünki, yol hammımızındır. Yol konkret adamlara, şəxslərə aid deyil. Ona görə də birgə resursdan istifadənin müəyyən qaydaları olmalıdır. Bunu hər birimiz vətəndaş olaraq başa düşməliyik”. O, həmçinin paytaxt sakinlərini şəxsi nəqliyyat vasitələrindən deyil, avtobuslardan istifadə etməyi də tövsiyyə edib: “İnsanları nəqliyyat vasitələrindən az istifadəsi üçün ictimai nəqliyyata təşviq etmək lazımdır. BNA Ekalogiya Təbii Sərvətlər Nazirliyi və “İDEA” ilə birgə yeni layihə hazırlayır. “Hər ayın bir günü şəxsi nəqliyyat vasitələrindən imtina edib, ictimai nəqliyyatdan istifadə edək” aksiyası keçiriləcək. Əlbəttə, bu tədbirə dövlət qurumları, nazirliklər də qoşulmalıdır. Hər ayın bir günü dövlət qurumlarının əməkdaşları şəxsi nəqliyyat vasitələrindən deyil, avtobuslardan istifadə etsə daha yaxşı olar”.