Reklam

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları inkişaf edir - DANX

Yazarlar 28 İyun 2019 15:13 Oxunub 2586
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları inkişaf edir - DANX
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təlimi uğurla başa vuran sürücülər xüsusi beynəlxalq sertifikatlarla təmin ediləcək

Baku.-un bu dəfəki müsahibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovadır.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsas fəaliyyət istiqamətləri hansılardı?

- Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2011-ci il tarixli 472 saylı Fərmanı ilə təsdiq edilib. Qurum avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və dövlət sifarişinin formalaşdırılmasını təmin edir. Avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür və qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Hal-hazırda DANX elektron əmtəə nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı iş aparır. Bu barədə nə deyə bilərsiz?

- Qısaca onu deyə bilərəm ki, bu sistemin proqram təminatı üzərində əsaslı iş gedir. Elektron əmtəə nəqliyyat qaiməsi sistemi yük alan, yük göndərən və daşıyıcını vahid elektron məkanda birləşdirəcək. Ümumiləşdirərək qeyd edim ki, bu vahid elektron platformada sistemli nəzarət mexanizminin təkmilləşdirilməsinə şərait yadacaq. 

Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar hansı işlər görüldü?

- Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunan futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verdi. Həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə 27-31 may tarixlərində mövcud Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxıldı. 27-31 may tarixlərində regionlarımızdan Bakıya gələn və ölkənin turistik məkanlarına istirahət üçün üz tutan azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxıldı. Təxminən 680 turisti əhatə edən “From the capital to nature” layihəsi vasitəsilə Avroliqa ilə əlaqədar paytaxta gələn əcnəbilərin ölkəmizin turistik bölgələrinə gedə biləcəkləri marşrut xəttlərinin vaxtı və rəsmi tarifləri barədə məlumatlandırılması işi təşkil edildi. 

Qayda pozan sürücülər ilə bağlı xüsusi tədbir görmək səlahiyyəti nə DANX-da, nə də BNA-da mövcud deyil. Bununla bağlı qanunvericilikdə hər hansı tənzimləməyə dair dəyişikliklər gözlənilirmi?

- Nəqliyyatla bağlı siyasəti müəyyən edən və ilk sualınızla bağlı verdiyim cavabda da qeyd etdiyim kimi, bu sahədə hüquqi tənzimləməni həyata keçirən qurum olduğumuz üçün və qurum olaraq xidmətdə sahibkarlıq subyektləri ilə təmsil olunduğumuza görə bu məsələdə qurumun birbaşa iştirakı şərt deyil. Dolayısıyla biz dövlət strukturu qismində daşıyıcı şirkətin işəgötürən qismində xidmətə cəlb etdiyi sürücünü “cəzalandırmaq” səlahiyyətinə malik deyilik, o demək deyil ki, sürücü cəzasız qalır və ya qanunda boşluq var. Sürücünün xidmətdə yol verdiyi hər hansı xətaya, qayda pozuntusuna görə sürücü aidiyyatı qurum olaraq DYP və təbii ki, daşıyıcı önündə qaldırdığımız məsələyə müvafiq öz rəhbəri tərəfindən təyinatı üzrə cəzalandırılır. Burda ən narahat edici məqam həmin sürücülər üçün peşəkarlıq dərəcələrini artırmağa şərait yaradacaq təlim-tədris mərkəzlərində təşkil olunan kurslara cəlb olunmalarının məcburi qaydada olmamasıdır. Biz məhz bu məsələnin həllinə nail olmaq üçün tədbirlər planı hazırlayaraq müvafiq instansiyalar önündə problemi qoyduq. Bildiyiniz kimi “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da da qeyd olunub ki, tədris ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən sürücülərə münasibətdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Nəqliyyat Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində və Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində aparılır. Bundan əlavə Azərbaycanın ilk dövlət tabeli “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-də ictimai nəqliyyat (taksi də daxil), yük avtonəqliyyat vasitələri və xüsusi təyinatlı avtonəqliyyat vasitələrini idarə edən sürücülərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müdavimlər üçün xüsusi kursların təşkili təmin edilib. Beynəlxalq daşımalarda xidmət göstərən sürücülər üçün Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasında qoyulan tələblərə cavab verən tədris proqramı hazırlanıb və bu tələblərə cavab verən müasir fənn otaqlarının yaradılması istiqamətində də tədbirlər görülür. Gələcəkdə həmin mərkəzdə təlimi uğurla başa vuran sürücülər xüsusi beynəlxalq sertifikatlarla təmin ediləcək və artıq yuxarıda sadaladığım nəqliyyat vasitələrini idarə etmək üçün daşıyıcılar tərəfindən işə cəlb edilərkən rəqabət mühiti yaranacaq. 

Prioritetlər sırasında gələcəkdə Gəncə, Sumqayıt daxilində də sərnişindaşımaya nəzarət DANX-a həvalə oluna bilərmi?

- DANX öz təyinatı üzrə kifayət qədər geniş xidmət arealına malikdir və hər hansı struktur dəyişikliklərinə dair qərar səlahiyyətində deyil! Ölkənin bütün iri və lokal nəqliyyat xidməti qurumlarının əsas hədəfi ölkə başçısının vətəndaşların rahat, təhlükəsiz və komfortlu daşınmasının təmin olunmasına dair verdiyi tapşırığın icrasını təmin etməkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh