Avtomobili “parkovşik”ə verən sürücünün başına görün nələr gəldi - DYP-dən ŞİKAYƏT - FOTO
Tanınmış jurnalist Səfər Əlişarlı sosial şəbəkə hesabında şikayətini əks etdirən status paylaşıb. Avtosfer.az xəbər verir ki, o, yazdığı statusda iyulun 31-də Yasamal rayonu ərazisində “Qələbə dairəsin”də Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını və avtomobilinin haqsız yerə cərimə meydançasına aparıldığını iddia edir.
Meydançaya gedən sürücü saxlanılmanın səbəbini öyrənəndə isə təəccüb keçirir.
Belə ki, şikayətçinin sözlərinə görə, qış aylarında avtomobilini dayanacaqda park edərək açarları “parkovşik”ə etibar edib. Məlum olub ki, parkinq nəzarətçisi Həsənov Vüqar Əhməd oğlu əmanətə xəyanət edərək vətəndaşın maşınını sürüb. Bu azmış kimi, qaydanı pozaraq 100 manat dəyərində cərimə olunub.
Cərimədən xəbərsiz olan avtomobil sahibi məbləğin artaraq 149 manat oluğunu yol polisi onu saxlayanda öyrənib.
Yol polisi əməkdaşları ilə mübahisə edən Səfər Əlişarlı narazılığını bildirdikdə - “cərimə ödənməlidir, istəyirsənsə, get Həsəni, Vüqarı, Əhmədi tap onlara ödətdir. İstəmirsən, özün ödə” cavabını alıb.
Sonda vətəndaş aidiyyatı qurumlara müraciət edərək işləmədiyi qayda pozuntusuna görə niyə cərimə ödəmək məcburiyyətində olduğunu soruşur.
Alışarlı “Bəlkə bilərəkdən müddətin keçməsini gözləyən polis əməkdaşları məbləğin artmasını gözləyib?” fikrini də bildirib.
Sürücü Səfər Alışarlı vaxtında məlumat verilməməsindən və yol polisinin onu narahat etdiyindən gileylənib. O bildirib ki, Yasamal DYPŞ-də 150 manat ödəyəndən sonra cərimə meydançasına gedib və orada ondan qanunsuz olaraq 5 manat alandan sonra maşını buraxıblar.
Şikayətçinin yazdıqlarını olduğu kimi təqdim edirik.
Nərminə Əli