Reklam

Avtomobilin nömrəsini itirmək istəməyənlərin nəzərinə – Bunlara əməl edin

Yazarlar 23 Dekabr 2020 16:30 Oxunub 20902
Avtomobilin nömrəsini itirmək istəməyənlərin nəzərinə – Bunlara əməl edin
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar sürücülər tərəfindən avtomobilin qeydiyyat nişanının itirilməsi ilə bağlı Avtosfer.az saytına çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər arasında qeydiyyat nişanının axtarılması ilə bağlı elanlar və qeydiyyat nişanının bərpası ilə bağlı suallar yer alır. Lakin nəzərə almaq lazımdır ki, itirilmiş qeydiyyat nişanı həmişə vaxtında tapılmır və yaxud da tapılan zaman sahibinə qaytarılmır. Ona görə də sürücülər məcbur olub yeni qeydiyyat nişanları alırlar.

Bəs qeydiyyat nişanları nə üçün itir?

Qeyd edək ki, oğurluq halları istisna olmaqla qeydiyyat nişanının itməsi birbaşa sürücülərin səhlənkarlığı nəticəsində baş verir. Səhlənkarlıq isə ondan ibarətdir ki, sürücülər qeydiyyat nişanında və avtomobilin bamperində dəliyin açılmaması üçün nömrəni ikitərəfli xüsusi yapışqanla və ya açılıb-bağlanan plastik çərçivələrə qoyaraq avtomobilə təhkim edirlər. Bu yapışqanlar və plastik çərçivələr təbii ki, ömürlük olmur. Bir müddətdən sonra yapışqanlar keyfiyyətini itirərək qopur (əsasən yağışlı havalarda daha çox baş verir), plastik çərçivələrin açılıb-bağlanan yeri isə keyfiyyətini itirərək qırılır. Bu zaman qeydiyyat nişanı düşüb itir. Nömrənin itməsi halları yağışlı havalarda daha çox baş verir. Sürətli yollarda yağışın və küləyin təsiri, kiçik gölməçələrdən sıçrayan suyun təzyiqi nömrəni asanlıqla qoparda bilər. 

Gölməçəyə düşən maşınların nömrələri də yapışqanın islanması səbəbindən qopur. Dəfələrlə olub ki, gölməçə quruyandan sonra oradan bir neçə dövlət nömrə nişanı tapılıb.

Bütün bunların nəticəsində sürücünün həm pulu gedir, həm də vaxtı. Hətta itən nömrələrin içində xüsusi rəqəm və hərf kombinasiyasından ibarət olan bahalı qeydiyyat nişanları da olur. Bu zaman sürücünün daha çox xərcə düşməsi qaçılmaz olur. Məlum məsələdir ki, həmin nömrənin dublikatı çıxarılmır və beləcə, xərclənın pul batır.

Odur ki, qeydiyyat nişanının itməməsi üçün onu avtomobilin ön və arxa hissəsinə “şurupla” bərkitmək lazımdır. Bunun üçün isə cəmi 1 manat pul lazım olur. Hesablayaq görək 1 manatlıq xərc çoxdur, yoxsa nömrə itdikdən sonra sürücünün başına gələcək hadisələr?

Bildiririk ki, sürücü qeydiyyat nişanının itməsi ilə bağlı öncə ərazi aidiyyəti üzrə polis idarəsinə müraciət edərək oradan arayış almalı və həmin arayışla birgə qeydiyyatda olduğu yerin qeydiyyat-imtahan şöbəsinə yaxınlaşaraq avtomobilə yeni nömrə almalıdır. Bunun üçün isə 22 manat qeydiyyat nişanına görə, 25 manat isə qeydiyyat şəhadətnaməsinə görə dövlət rüsumu ödəməlidir.

Bəzən sürücü itimiş nömrənin əvəzinə yeni nömrə almaq istəyərkən DYP tərəfindən onlara “get 1 aydan sonra gələrsən” tipli məlumat verilir. Qeyd edək ki, 1 ay məsələsi qanunvericiliyə ziddir. Əslində sürücü DYP-yə yaxınlaşan zaman 30 dəqiqə ərzində yeni nömrə verilməli, itmiş nömrə isə nə vaxt tapılarsa öncə həmin sürücüyə təklif olunmalıdır.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh