Reklam

Avtoqəza faciələri: doğmalarını ağlatmaq istəmirsənsə...

Yazarlar 16 Fevral 2019 00:11 Oxunub 5167
Avtoqəza faciələri: doğmalarını ağlatmaq istəmirsənsə...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl edək ki, doğmalarımız gözü yaşlı qalmasın, qalmasın!!!

Dünən qəzalar oldu, bir həftə əvvəl də oldu. Ölüm baş verdi. Cansız bədəni göndərilən hər bir ailənin həyatında faciə və həyətində dərin hüzn mərasimləri təşkil olunub. Onlar bir-birinə ölən doğmalarının xatirələrini danışır, ovunmur. Təskinlik vermək üçün sözlər də aciz qalıb.

Avtoqəzalar, yol terroru - Hər il yüzlərlə insanın faciəsi, onlarla insanın ölümü, maddi ziyanlar cəmiyyəti təhdid edir. İldən-ilə avtoqəzaların sayında azalmaların olmasına baxmayaraq, yenə də təlafat var, ziyan var. Dövlət bu sahədə əməli tədbirlərini davam etdirir, ildən-ilə müxtəlif vasitələrlə hadisələrin azaldılmasına çalışır. Nə qədər qınansa da, nə qədər müzakirə olunsa da, dövlətin əsas məqsədi ona yönəlib ki, insanlar təhlükəsiz yaşasın... Əgər, bunu istəməsə, deməz - 2018-ci ildə Azərbaycanın avtomobil yollarında 1817 yol-nəqliyyat hadisəsi baş verib. Zərərçəkənlərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olub. Onlardan 722 nəfər ölüb, 1711 nəfər yaralanıb.

 

İctimai təhlükəli əməli cəzasız qalan adam, ya ölümə gedir, ya da öldürməyə...

 

Ekspertlər hesablayır ki, orta hesabla 150-200 uşaq, ya atasız, yaxud anasız qalıb, ən  yaxşı halda isə şikəst olub, digərləri isə həbsxana yolu gözləyir. Və ən ağrılısı, ən dəhşətlisi odur ki, o, balalar yetim qalıb, ata, ana himayəsindən məhrum olub. Bütün qəzaların başlıca səbəbi sürət həddinin aşılmasıdır, ehtiyyatsızlıqdır, yolda mənəm-mənəmlikdir. Vəziyyəti təhlil etdikdə aydın olur ki, dövlətin bütün tədbirlərinə ramən qəzalar baş verir. Niyə baş verir? Sadə cavabı odur ki, “Yol polisi yoxdur, görmür, sürüm...”. Bilir ki, görsə, müşahidə etsə, dayandıracaq, cəzalandıracaqdır. Baxmayaraq ki, bəzi ekspertlər yol polisinin profilaktik tədbirlərini başqa şəkildə şərh edir. Deyir ki, bu qədər cərimə olmaz. Niyə olmaz? Hüquq fəlsəfəsi bunun sadə izahını verir: ictimai təhlükəli əməli cəzasız qalan insan, ya ölümə gedir, ya da öldürməyə...

Məgər dövlət hər bir sürücünün yanına, hər bir yolayrıcına nümayəndə qoymalıdır? Yox! Yox! Yenə də yox…

Yol polisi haqlı olaraq, müntəzəm statistikanı yayır ki, ay sürücü, ay piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir: “Yol qaydalarına əməl edin, əks təqdirdə...”

 

Ölənlər, öldürülənlər - atadır, əmidir, dayıdır, babadır

 

Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yəni, istirahət günü də, harasa tələsir. Onu da əlavə edir ki, yol-nəqliyyat hadisələrinin 90 faizi yaşayış məntəqələrində baş verib. Və insan nə qədər etinasız, nə qədər məsuliyyətsiz olmalıdır ki, yaşayış yerlərində bu qəzalara səbəb olur. Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,1 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Axı, insan şüurlu varlıqdır. Niyə insan bu qədər cəmiyyətə qarşı açıq hörmətsizliyə, biganəliyə özünü səfərbər edir? Hardadır bu sualların cavabı?

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,5 faizini, yaralananların isə 74,1 faizini kişilər təşkil edib. Yəni, bu insanlar, atadır, əmidir, dayıdır, babadır. Yaxşı deyək ki, özünü düşünmür, bəs ailəsi, bəs doğmaları?

Hələ bu azmış kimi ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya xəsarətlə nəticələnən 49 qəza baş verib. Nəticədə 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib. Nə olub? Nədir bu? Bu qəsdin adı nədir?

Dirilər bilsin – ölənlər onsuz da yoxdur ki, sual verib soruşaq...

Analar, bacılar məzar başında ağı deyib təskinlik tapa bilmədiyi faciədir avtoqəza ölümləri...

 

Elşad HACIZADƏ

ŞƏRH YAZ
Ad

E-mail

Şərh