Azərbaycan nəqliyyatı barədə xoş olmayan fikirlər təkzib olundu

Yazarlar 9 İyul 2019 21:26 Oxunub 1847
Azərbaycan nəqliyyatı barədə xoş olmayan fikirlər təkzib olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məlumatda piyadaların etinasız davranışı barədə də xəbərdarlıq verilir

"Əgər taksiyə minmək istəsəniz, təhlükəsizliyiniz üçün məsləhət görürük ki, yalnız işarələnmiş taksilərdən istifadə edəsiniz". Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Azərbaycana səyahətlə bağlı bir müddət öncə dərc etdiyi tövsiyyə xarakterli məlumatda deyilir.  Məlumata görə, Azərbaycanda baş verən yol nəqliyyat hadisələrində ölənlərin sayı yüksəkdir və bu rəqəm hər il artır. Bakıda isə avtomobil idarə etməyin təhlükəli olduğu qeyd olunur.

"Avtomobilin ehtiyatsız idarə edilməsi geniş yayılmış haldır. Bir çox sürücü yol hərəkəti qaydalarına, siqnallara, yol zolaqlarına, piyadalara və ya digər sürücülərə məhəl qoymur. Sürücülər çox hallarda avtomobillərini yüksək sürətlə idarə edir, qəzalar tez-tez baş verir və onların ciddi fəsadları olur" – açıqlamada bildirilir.

Bundan başqa qeyd olunur ki, yol-nəqliyyat sisteminin bəzi hissələrində tikinti keyfiyyəti aşağıdır və işıqlandırılma zəif təşkil olunub.

Dövlət Departamentinin dərc etdiyi məlumatda ictimai nəqliyyatdan da söz açılır: "Bakı Metrosu nəqliyyat kimi sərfəli bir seçimdir. Sistem boyu bütün platformaların təhlükəsizlik kameraları ilə izlənməsi çox yaxşı təşkil olunub. Hər stansiyada polis bölmələri var və stansiyalara girişdə çantalar yoxlanıla bilər".

Məlumatın dərc olunduğu tarix (2018-ci ilin dekabrı - red.) heç də yeni olmasa da, orada dəyişikliklərin edilməməsi və ümumiyyətlə tövsiyyənin bu günədək qurumun saytında saxlanılması onun hələ də ünvanlandığı auditoriya üçün aktual olmasının göstəricisidir.

Bu gün səhər saatlarında Masallıda baş verən 8 nəfərin ölümü ilə nəticələnmiş ağır avtomobil qəzası bizi bu tövsiyyəni bir daha gözdən keçirməyə məcbur etdi.

ABŞ Dövlət Departamentinin Azərbaycana səyahətlə bağlı dərc etdiyi tövsiyyə xarakterli məlumata Azərbaycanda yol hərəkətinə məsul qurumların münasibətini öyrəndik. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Azərbaycanda son illər baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldığını söyləyib.

K.Əliyev bildirib ki, baş verən yol nəqliyyat hadisələrinin sayında 2012-ci ildən etibarən nəzərəçarpacaq azalma müşahidə olunur: “2012-ci ildə ölkə ərazində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 1168 nəfər həlak olmuşdusa, müasir xüsusi texniki vasitələrin tətbiqi və yol infrastrukturunun yenidən qurulması nəticəsində tən il yol qəzalarında həlak olanların sayı 722 olub. Bu isə nəqliyyat sayının ilbəil artması fonunda əvvəlki illərlə müqayisədə 446 ölüm sayının azalması deməkdir”.

K.Əliyev həmçinin Azərbaycan nümayəndələrinin də daxil olduğu Avropa Komissiyasının Yol Təhlükəsizliyi üzrə Şərq Tərəfdaşlığı üzrə Nəqliyyat Panelində iştirak edən Şərqi Avropa ölkələri ilə müqayisədə Azərbaycanda yol təhlükəsizliyinin daha yaxşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan yol təhlükəsizliyi ilə bağlı yerləşdiyi regionda ön sıralarda, digər Avropa ölkələri ilə müqayisədə isə orta səviyyədə dayanır. Bunu həm Ümumdünya Səhiyyə Təşkilatının, həm də Avropa Komissiyasının məlumatları da təsdiqləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh