Azərbaycanda yol hərəkətinin təşkili niyə bərbad haldadır? - Məşhur blogger Türkiyədən yazdı
Türkiyənin yolları ilə avtomobil sürərkən düşünürdüm ki, qayıdan kimi bir dənə ənənəvi olaraq uzun uzadı post yazacam yerli yol hərəkəti haqda. Siz də deyinə-deyinə oxuyacaqsınız ki, yenə də üzdü ürəyimizi, amma nə edək, oxumalıyıq sona qədər, aqsaqqal kişidir, görək nə deyir.
Deyəcəyim isə çox söz var idi, həsəd hissi boğurdu məni, qiymətlər bizi boğan kimi, əsəbləşirdim ki, axı nəyə görə bizdə belə deyil?
Məntiqli yol nişanları, məntiqlə işləyən svetoforlar, məntiqlə qurulmuş yol hərəkəti, hər şey aydın, hər şey anlaşılan, hər şey elə qurulub ki, sürücü və piyada özlərini rahat hiss etsinlər və s. və s. və s., üstündən də bir dənə yağlı ilaxır.
Bir fikir deşirdi beynimi ki, axı bizim nə günahımız var ki, ölkəmizdə yol hərəkətinin təşkili belə bərbad vəziyətdədir?
İstər şəhərarası yollar olsun, istər Bakı şəhəri, axı "zaçem", axı "paçımu" o əjdahadan bizdə yoxdur?
Yol polisinin ştatı gündən-günə artır, yol hərəkətinə cavabdeh qurumların sayı artır, amma vəziyət düzəlmir ki, düzəlmir.
Yol qəzalarının da sayı artır, ölənlərin də. Həmişə də günahkar bizik, sürücülər və piyadalar.
Bizi təqsirkar etmək üçün növbəyə düzülürlər qurumlar və qurumların rəhbərləri, mikrofon üstündə dava gedir ki, ver bir-iki kəlmə də mən döşəyim camaata.
Hamı günahkardır, bircə bunlardan başqa. Bəli, bizim həm piyada, həm də sürücülük mədəniyətimiz çox aşağıdır, özüm daxil olmaqla pozuruq qaydaları, amma yalnız budurmu səbəb?
Çox düşündüm bu haqda, gecələr yatmadım, yemək yemədim, su içmədim, başımı o divara vurdum, sonra bu divara vurdum, sonra qalan saçlarımı yoldum və təzəcə tumanı başıma çəkib yenidən "Axı nədir səbəb?" sualını vermək istəyirdim ki, birdən səmalardan mənə cavab gəldi.
Çox sadə bir cavab.
Səbəb ondadır ki, oralarda yol hərəkəti elə təşkil olunub ki, hər şey anlaşılan olsun və siz qaydaları pozmayasınız.
Bizdə isə Bakı daxil olmaqla bütün ölkə üzrə yol hərəkəti belə təşkil olunub ki, sizi çaşdırsın və siz mümkün qədər çox qaydaları pozub bol-bol cərimə verəsiniz.
Bu qədər sadə...
Azər Qərib,
Azərbaycan Turizm Blogerləri Assosiasiyası
İdarə Heyətinin sədri