Reklam

Azərbaycanın təhlükəli avtomobil parkı - Necə xilas olaq?

Yazarlar 13 May 2019 17:01 Oxunub 2765
Azərbaycanın təhlükəli avtomobil parkı - Necə xilas olaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq avtomobil parkımızın 80 faizini köhnəlmiş avtomobillər təşkil edir

Bu məqaləmi Mark Tvenin bir aforizmi ilə başlamaq istərdim: “Dünyada üç növ yalan var – adi yalan, ağ yalan və stastistika”. Əslində Mark Tvenin sözlərində müəyyən qədər həqiqət olsa da, statistika gündəlik həyatımızda vacib rol oynayan elmi nəzəriyyələrdən biridir. Təsdüfi deyildir ki, iqtisad yönümlü ali təhsil müəssisələrində bütov stastistika kafedraları fəaliyyət göstərir.

Statistika iqtisadiyyatımızın barometridir desək, yanılmarıq. Statistik məlumatlar çox məqamlardan xəbər verir – elə götürək bizim fəaliyyət göstərdiyimiz avtomobil sektorunu. Başlayaq 2014-cü ildən. Həmin il ölkəmizə 57615 ədəd minik avtomobili idxal edilib. 2015-ci ildə bu rəqəm iki dəfə azalaraq 23765 edib. 2016-cı ili avtomobil sektoru üçün bərbad keçən illərdən biri kimi qəbul etmək olar – 5746 ədəd. 2017-ci ildə idxal rəqəmi artaraq 11610 qalxıb. Nəhayət, 2018-ci ildə bu rəqəm 26147 yüksəlib. Deyə bilərsiniz ki, idxalın artım dinamikası var və bu çox sevindirici haldır. Bəli, avtomobillərin idxalı artıb, amma bu aysberqin görünən tərəfidir. 

Əldə etdiyimiz məlumata əsasən, 2017-ci ildə ölkəmizdə fəaliyyət göstərən rəsmi dilerlər tərəfindən 7100 ədəd, 2018-ci ildə isə 9741 ədəd yeni avtomobil satılıb. Yəni 2017-ci ildə idxal edilən minik avtomobillərinin ümumi sayında yeni avtomobillərin xüsusi çəkisi 61% təşkil edirdisə, keçən il bu rəqəm 37% olub. Bu isə, yeni avtomobillərə olan tələbatın iki dəfə azaldığından xəbər verir.

Eyni zamanda, bu rəqəm ölkəmizə Avropada qəbul edilmiş yeni ekoloji standartlara cavab verməyən və istismarı qadağan edilmiş köhnə avtomobillərin idxalının artmasından xəbər verir. Sirr deyildir ki, Avropa ittifaqının nəzarət orqanları ekoloji standart və normaları getdikcə sərtləşdirmək niyyətindədirlər. Bu isə, öz növbəsində bu normalara cavab verməyən avtomobillərə olan vergilərin yüksəldiyindən xəbər verir. Üstəlik, köhnəlmiş avtomobillərin saxlanılması xərcləri də artır. Bu halda avropalılar belə avtomobillərdən yaxa qurtarmaq üçün onları ucuz qiymətə satırlar. Nəticədə, köhnəlmiş və ekologiyaya ciddi ziyan vuran nəqliyyat vasitələri avtomobil tacirləri tərəfindən ölkəmizə daşınır.

Bu avtomobillərin ekologiyamıza vurduğu ziyanın gələcəkdə millətimizin genofondu üçün nə qədər təhlükəli oduğunu söyləmək yersizdir – bunun acı nəticələri artan onkoloji xəstəliklər və insanların sağlamlığına vurulan ziyandır. Xəstə insanın iş qabiliyyətini itirməsi iqtisadiyyatımıza daha ciddi ziyan vurur və sağlam olmayan nəslin böyüməsinə səbəb olur. Hesab edirəm ki, ölkəmizdə qəbul edilən ekoloji standartların sərtləşdirilməsi gərəkdir. Artıq Euro 5 və Euro 6 standartları üzərində düşünmək və hətta yaxın perspektivdə onların tətbiqinə nail olmaq gərəkdir.

Digər tərəfdən işlənmiş uzun müddət istismar edilmiş avtomobillərin idxalının artması avtomobil parkının kəskin köhnəlməsi deməkdir. Hazırda ölkəmizdə olan avtomobil parkında 10 ilə qədər yaşı olan avtomobillərin xüsusi çəkisi 80% təşkil edir. Bu isə yavaş-yavaş ölkəmizin Avropanın və ABŞ-ın avtomobil məzarlığına çevrildiyindən xəbər verir. 

Ekoloji ziyandan başqa, köhnəlmiş avtomobillər ölkəyə iqtisadi ziyan da vurur. Köhnəlmiş avtomobillərin sayının artması ehtiyat hissələrinə olan tələbatı da artırır, çünki işlənmiş avtomobillərin əksər hissələri artıq fiziki cəhətdən aşınmış olur və mütəmadi olaraq yenilənmə tələb edirlər. Ehtiyat hissələrinin alınması isə, valyuta resurslarının xaricə axmasına rəvac verir. Məlum məsələdir ki, ölkəmizdə avtomobil hissələrinin istehsalı ilə məşğul olan müəssisələr yoxdur, müvafiq olaraq, bu hissələr xaricdən idxal olunur. 

Digər bir məsələ təhlükəsizlik ilə bağlıdır. Ölkəmizə idxal edilən avtomobillərin arasında texniki cəhətdən nasaz, çürümüş və istismar müddətini başa vurmuş, mənəvi cəhətdən köhnəlmiş avtomobillər də kifayət qədərdir. Hətta, onların arasında qəzaya düşmüş iki avtomobildən yığılan, elektronikası və təhlükəsizlik sistemləri çalışmayan suda batmış avtomobillərin olduğu da istisna edilmır: bu yaxınlarda dörd nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasını misan çəkmək olar - həmin qəzadakı avtomobil zərbədən iki yerə bölünmüşdür. Yollarda baş verən hadisələrin səbəbi olan sürücü xətaları azmış kimi, bir də buna texniki nasazlıq üzündən baş verəcək hadisələrin əlavə edilməsi, qəzalar zamanı həlak olanların onsuz da ürəkaçan olmayan statistikanı daha da pisləşdirə bilər. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşma lazımdır. Köhnə avtomobillərin cəlbediliciyini təmin edən faktorlar aradan qaldırılmalı və istismar müddətini başa vurmuş avtomobillərin küçələrimizdən yığışdırılması üçün utilizasiya proqramı qəbulu məsələsinə baxılmalıdır.

Bu amillər ölkəmizdə fəaliyyət göstərən rəsmi dilerlərin normal təsərrüfat fəaliyyəti ilə məşğul olmasına əngəllər törədən amillərdəndir. Birincisi, rəsmi diler mərkəzləri iri sərmayələr yatıraraq avtoistehsalçıların (beynəlxalq) standartlarına cavab verən şou-rum və servislər tikir və minlərlə insanı iş yeri ilə təmin edirlər. Diler mərkəzlərində çalışan mütəxəssislər daim xarici ölkələrdə treninqlərdə iştirak edərək ixtisas və peşəkarlıqlarını yüksəldirlər. Yəni, rəsmi dilerlər insan resurlarına da sərmayə qoyaraq ölkəni yüksək ixtisaslı mütəxəssislər ilə təmin edir, həmçinin sivil və dünya standartlarına cavab verən avtomobil sektorunun yaradılmasına çalışırlar. Bundan başqa, rəsmi diler istehsalçının zəmanət verdiyi və ən müasir təhlükəsizlik sistemləri ilə təchiz edilmiş təhlükəsiz avtomobilləri idxal edirlər. Nəhayət, dilerlər iqtisadiyyatımızın təsərrüfat subyekti kimi ödədikləri müxtəlif vergilər sayəsində dövlət büdcəsinin formalaşmasında iştirak edirlər.

İkinci əl avtomobilləri ilə məşğul olan tacirlər isə, bunların heç birini etmir, yalnız gömrük rüsumunun ödənilməsi ilə kifayətlənirlər. Son zamanlar, hətta gömrük rüsumlarından qaçmaq yolları da kəşf edilib. Xarici ölkədən etibarnamə ilə alınıb gətirilən avtomobillərin sahibləri artıq bu məsələyə də əlac tapıblar.

Yeni avtomobillərin idxalının zəifləməsinin səbəblərindən birinin də, avtomobillərin manat ekvivalentində olan qiymətlərinin kəsin artmasıdır. Üstəlik, bahalı kredit də yeni avtomobillərin satışlarına mane olan amillərdən biridir. Hər iki amil də rəsmi dilerlərin işini çətinləşdirir. Bundan başqa, bu yaxınlarda artırılmış aksiz vergisi də avtomobillərin qiymətinin artmasına və nəticədə yeni avtomobillərə olan yanaşmanın dəyişməsinə səbəb olub.

Bir sözlə, avtomobil parkının və avtomobil sektorunun sağlamlaşdırılması üçün təcili tədbirlərin görülməsi vacibdir. Əks halda, bir müddətdən sonra ölkəmizin yollarında metal qırıntısına çevrilmiş  sınıq-salxaq avtomobillərə tez-tez rast gəlməli olacağıq. 


Ruslan Musayev

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh