Azərbaycanın zirzəmi, bunker problemi: Fövqəladə hal olsa, hara sığınaq? – AÇIQLAMA
“Hazırda Azərbaycanda bütün zirzəmilər ticarət obyekti, ofis və gecə klubu kimi fəaliyyət göstərir. Əgər sabah müharibə şəraiti və yaxud hər hansı bir fövqəladə hadisə olarsa, insanlar hara sığınacaqlar?” Bunu Bakupost.az-a Hərbi Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, çox ciddi bir məsələyə diqqət çəkərək aidiyyəti qurumların bu sahədəki işinə toxunub:
“Əvvəllər Mülki Müdafiə Qoşunlarının ən vacib vəzifələrindən biri regionlarda olan zirzəmiləri ciddi nəzarətdə saxlamaq, hər ay zirzəmilərdəki vəziyyətlə tanış olmaq və çatışmazlıqlar barədə aktlar tərtib edib müvafiq rayon icra hakimiyyətlərinə təqdim etmək idi.
Fövqəladə Hallar Nazirliyində fövqəladə hal olduğu halda nə etmələri barədə, əhalinin təxliyəsi, zirzəmilərə, sığınacaqlara yerləşdirilməsi barədə təlimatlar varmı? Əgər varsa, o halda niyə o təlimatlar əhaliyə çatdırılmır?”
Ölkəmizdə anbarlarda əhalinin sayına uyğun qaz əleyhinə avadanlıqlar varmı? Orta və ali məktəblərdə tədris proqramlarına bu kimi fövqəladə hallar üçün dərslər nəzərdə tutulubmu? Əhali öz yaşadığı əraziyə uyğun sığınacaqların yeri barədə məlumatlıdırmı? Əlbəttə yox.
Bütün suallar cavabsız qalır. Sığınacaqlarda hər bir şərait olmalıdır: istilik, havalandırma sistemi, hermetik qapılar və bir sözlə, uzunmüddətli yaşayış üçün hər şey.
Həmçinin, rayon icra hakimiyyətlərində mülki müdafiə məsələləri üzrə ştatlar mövcuddur, lakin onlar öz vəzifələrinin icrasından başqa, nə işlə desən, məşğuldurlar”.
Hərbi ekspert metroların vəziyyətinə də diqqət çəkib: “Deyirlər ki, metrolarımız, yeraltı dayanacaqlarımız var. Amma bunlar da mübahisəlidir. Çünki xarici dövlətlərdə binaların lahiyəsi tərtib edildikdə yeraltı dayanacaqların altında zirzəmilər hermetik qapılarla, uşaq otağından tutmuş tualet, həmçinin hər bir avadanlıqla təmin olunur. Bunlar bizdə varmı? Sadaladıqlarım, əhaliyə təlimat üçün çatdırılıbmı? Bu sahəyə cavabdeh şəxslər, bəlkə də bunları kağız üzərində aparırlar. Çox təəssüflər olsun ki, hələ də bu sahənin məsuliyyətini başa düşmürük. Bu gün Ukraynada olan hadisələr göstərir ki, biz bu məsələdə çox məsuliyyətli olmalı və xalqımızın təhlükəsizliyini hər zaman düşünməliyik”.