“Azərsu”nun qarşısında “20 Yanvar” “faciəsi”: xaos, çığır-bağır, tıxac...
Metronun “20 Yanvar” stansiyasının ətrafı düzəlmir ki, düzəlmir. Yenə tıxac, yenə basabas, hər gün nəqliyyatın xaosu, avtobus dayanacaqlarını və yolun iki zolağını zəbt edən taksilər dəhşətli bir mənzərə yaradıb. Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət “Azərsu” ASC-nin binasının qarşısındakı dözülməz vəziyyətdən gedir. Metronun digər çıxışlarında nisbətən səliqə-sahman yaradılsa da, Vərəm Dispanserinə doğru çıxışda rüsvayçılıqdır. Nə sərnişinlər dayanacaqda avtobus gözləyə bilir, nə avtobuslar dayanacağa yaxınlaşa...
“Taksi sürücülərinin əlindən cana doymuşuq. Onları buradan niyə uzaqlaşdırmırlar? Arabir yol polisi gəlib ”təmizləmə" işi aparır, yarım saat sonra yenə taksilər iki zolaq yolu bağlayırlar. Elə bil ki, dədəsinin həyətində maşın saxlayıb. Yolu zəbt edib, nəqliyyatın hərəkətini dondurub, heç vecinə deyil. Yəqin kimlərisə razı salırlar. Bəs Nəqliyyat Agentliyi hara baxır? Niyə burada dayanma-durmanı qadağan etmir, kamera quraşdırmır?" deyə, gündəlik bu yoldan istifadə edən sürücülərdən biri bizimlə söhbətində şikayətlənir.
Onun sözlərinə görə, köhnə avtovağzalın ərazisi illərdir istifadəsiz qalıb və boş meydançanı taksilərin dayanacaq yerinə çevirmək olar: “Bu taksilərin hamısını ora yığsınlar, kim ”Sədərək"ə, kim Hövsana gedir, gəlib oradan taksiyə minsin. Həm nizam-intizam yaranır, həm də bu yol açılar, tıxaclarda canımız qurtarar. Necə ki, “Koroğlu” metrosu tərəfdə vəziyyət xeyli yaxşılaşıb, avtobusların dayanacağı ayrıdır, taksilər metronun qabağında ancaq axşamlar saxlaya bilirlər. Niyə “Azərsu”nun qabağında bir tədbir görmürlər? Vallah, bezmişik, nə qədər əsəbiləşmək olar?
Yolun hər iki tərəfindən hərəkət zolaqları dayanacaq kimi istifadə olunur. Əslində burada maşın saxlamaq qadağandır. Adi sürücü avtomobilini saxlasa, dərhal yol polis əməkdaşı xəbərdarlıq edəcək. Taksi şoferləri isə hərəkət zolağının iki hissəsini şəxsi dayanacağı, öz həyəti kimi istifadə edir və onlara “gözün üstə qaşın var” deyilmir.
“Bunların hamısı Lökbatana, ”Sədərək", “Binə” bazarlarına müştəri daşıyırlar. Belə rüsvayçılıq olar? Siqnal verirsən, yoldan keçmir, maşını çəkmir ki, yolumu gedim. Hər gün eyni məşəqqətdir. Cənab nazirdən xahiş edirik, bu taksilər üçün ayrıca yer təşkil olunsun. Necə ki, “Neftçilər”ə işləyən taksilər yoldan çıxarılıblar. Kim onlara icazə verib ki, hərəkət zolaqlarını kəsib dayansınlar? Bu yoldan məmurlar da istifadə edirlər, ən çox maşın olan nöqtələrdən biridir. Belə özbaşınalığa yol vermək olmaz axı. Hər gün yox, hər saat burada tıxac, siqnal səsi, qışqırıq adi haldır. Başqa maşınlar saxlayanda dayanma-durma qaydasının pozulmasına görə cərimə yazılır. Bakı Nəqliyyat Agentliyinin müfəttişləri hara baxırlar?
Sanki kiməsə maraqlıdır ki, bu ərazidə xaos olsun. Biz demirik həmin şoferlər işsiz qalsınlar, sadəcə, onlara normal yer ayrılsın, nəqliyyatın hərəkəti öz axarına düşsün" deyə, sürücülər bildirirlər.
Üstəgəl, piyadaların da keçiddən istifadə etməməsi “20 Yanvar”da aləmi qarışdırıb. “Azərsu”nun qarşısındakı çığır-bağır, qışqırtı, deyəsən, kimlərinsə xoşuna gəlir.
Sürücülərin “Binə”yə", “Sədərək”ə müştəri qışqırıb çağırmasından qulaq tutulur. Taksi sürücüləri isə deyirlər ki, onlar avtomobilləri burada saxlamağa görə yer pulu verirlər.
Sərnişinlər də, sürücülər də şikayətlənirlər ki, taksilərin və avtobusların zolaqları “işğal” etməsindən beziblər.
Taksilər isə razıdır ki, onlara münasib yer təşkil olunsun. Bu əlverişli məkan isə köhnə avtovağzaldır. Metrodan çıxan sərnişin “3-cü mikrorayon dairəsi”nə düşür və hara getmək istəyirsə taksiyə minir. Dünyanın bir çox ölkələrində taksi dayanacaqları var, hətta sistem qurulub, sürücülər növbəli şəkildə müştəri daşıyırlar. Ona görə də “Azərsu”nun qarşısını təmizləmək və nəqliyyatın intensiv hərəkətini bərpa eləmək çətin iş deyil...