Küçələrdən oğurlanan milyonlar, qanunsuz sərnişin daşımaları, ölüm qəzaları - ARAŞDIRMA
Bakıda qanunsuz avtovağzallar fəaliyyət göstərir. Təsəvvür edirsinizmi, dünyanın ən gözəl şəhərlərindən olan Bakıda belə çirkin işlər görülür.
Bu qanunsuzluq dünyanın gözünü oxşayan baş şəhərimizi də hərtərəfli çirkləndirir. Bunu qəbul etməyənlərin menyusuna: “Lökbatan” dairəsinə, “20 Yanvar” dairəsinə, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığına, “Neftçilər” metrostansiyasının ətrafına gedin, görəcəksiniz. Görəcəksiniz ki, həmin ərazilərdə qışqırtıdan qulaq, zir-zibildən göz, üfunətdən burun tutulur. Bakını görməyə gələn əcnəbi turist bu mənzərəni görüb düşünmədən geri dönəcək.
Bəs, kimlərdir qanunsuzluğa rəvac verənlər, özbaşnalıqları dəstəkləyənlər?... Hə, müvafiq qurumlar deyə bilərlər ki, məsələdən xəbərsizdirlər. Amma bu gün Bakıda bir stəkan günəbaxan tumunu kim icazəsiz sata bilər? Dövr də Hacıbala Abutalıbov dövrü deyil!
Məsələ burasındadır ki, toxunduğumuz məsələ tək qanunsuzluqlarla müşahidə olunmur. Qanusuz avtovağzallar yalnız vergidənyayınma, gigyena və epidemioloji qaydalara tərs mütənasibliyi ilə ortada deyil. Burada ən həyəcanlı və qorxulu məqam insan itkisi ilə bağlıdır. Məsələni çox şişitdiyimizi zənn etməyin, real mənzərə bundan da ağırdır.
Qanunsuz daşımalar, ölüm qəzaları...
İllərdir davam edən qanlı problemlə bağlı modern.az-a danışan nəqliyyat üzrə ekspert, jurnalist Elməddin Muradlı bu sahədə narahatlıqların bitib-tükənmədiyini deyir:
“Bunlardan biri də sərnişindaşımanın qanuni həllini tapmamasıdır. Burada həm sərnişindaşıma ilə məşğul olan qurumların, cavbdeh şəxslərin, həm də vətəndaşların günahı var. Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər daha “çox çalışıb”, daha “çox qazanmaq” istəyirlər. Buna görə də tez-tez reysə çıxırlar. Sərnişinlər isə mənzil başına daha tez çatmaq üçün belə daşımalara müraciət edirlər.
Baxırlar ki, rayonlara gedən mikroavtobus daha tez dolur və daha tez yola düşür, avtovağzaldan bilet alıb normal olaraq səyahət etmək əvəzinə, o cür sürücülərin xidmətindən istifadəyə üstünlük verirlər.
İnsanların yanaşması ilə götürsək, bunun guya onlara vaxt itirməmək baxımından xeyri var. Amma bunun ağır fəsadlarını dəfələrlə görmüşük. Rayonlararası sərnişin daşıyan və qəzaya düşən mikroavtobusların böyük əksəriyyəti qanunsuz sərnişindaşıma ilə məşğul olanların idarəetməsində olur. Hadisələrin səbəbləri araşdırılarkən, dəfələrlə öz təsdiqini tapıb ki, həmin sürücülər avtovağzaldan kənar hərəkət edirlər və onların nə özü, nə də avtomabili müayinədən keçir.
Beləliklə, həm nəzarətsiz, təhlükəli bir sistem, həm də dövlətin vergisindən yayınma halları baş verir. O sürücülər vergi ödəmir, qazancları özlərinə qalır. Başqa məsələ ki, “qazanc” sürücülərə çatmır. Amma bilet alıb avtovağzaldan yola çıxanda, dövlətin qoymuş olduğu qayda-qanun bərqarar olur. Eyni zamanda, dövlət büdcəsin vergi daxil olur. İşin səmərəli tərəfi budur.
Bu gün avtovağzaldan kənar daha çox avtobus hərəkət edir, nəninki avtovağzal daxilində. Hazırda avtovağzalların ətrafı əsl bazarı xatırladır. Buna görə aidiyyatı qurumlar vaxtında hərəkətə keçib tədbir görməlidirlər. Niyə hansısa faciə baş verəndən sonra biz narahat olmalıyıq ki, bu avtobuslar necə və haradan yola çıxır?”.
Resydən kənar bütün daşımalar ləğv edilməlidir...
E.Muradlı qeyd edir ki, məsələ ilə bağlı aidiyyatı qurumların birgə fəaliyyət planı hazırlanmalıdır:
“Konkret olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və yol polisi bu istiqamətdə birgə tədbirlər planı hazırlamalı, avtovağzaldan kənar heç bir sərnişindaşıma fəaliyyətinə imkan verilməməlidir. Təbii ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti mülki təşkilatdır. Onların əməkdaşlarının polis kimi güc tətbiq etmək, saxlamaq, avtomobili cərimə meydançasına aparmaq səlahiyyətləri yoxdur. Amma polis dövlətin adından çıxış edir, çünki çiyinlərində dövlət atributlarını daşıyır, onların səlahiyyətləri daha genişdir.
Ona görə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu sahədəki qanunsuzluqları aşkarlayıb, yol polisinə ötürməlidir. Yol polisi də ciddi nəzarət mexanizmi qurmalıdır. Məsələn, götürək Bakı Beynəlxalq Avtovağzalını. Avtovağzal qalıb bir yanda, qanunsuz daşımalarla məşğul olanlar perrona gəlib “yola düşürük, maşın dolub, son bir yer!” çağırışını edərək, insanları aldadırlar. Bu cür hallar aradan qaldırılmalıdır.
Bu cür sərnişindaşıma fəaliyyəti heç kimə uğur və xeyir gətirmir. Rayonlarda avtovağzallar boş qalıb. Təsəvvür edin ki, dövlət nə qədər vəsait ayırır, avtovağzal tikir, amma ora gedən olmur.
Hesab edirəm ki, bu işdə sərnişinlər dövlətə böyük dəstək ola bilərlər. Artıq pul ödəmədən avtovağzaldan getməyə üstünlük versələr, daha çox vətəndaş mövqeyi sərgiləyərlər.
Birincisi, avtovağzaldan avtovağzala hərəkət zamanı qiymətlər daha ucuzdur. Şəxsi avtomobillərdə qiymətlər daha bahadır. Ona görə də elə sistem qurulmalıdır ki, saat dəqiqliyilə işləsin. Bütün reyslər və səfərlər qanunu şəkildə həyata keçirilsin. İnsanların təhlükəsizliyi təmin edilsin.
Təsəvvür edin, insan axşam evində yeyir-içir yatır, tezdən saat 5-də durub gəlir avtovağzalın ətrafından sərnişin yığıb rayona daşıyır. Rayona çatır, yarım saat, bir saat ərzində yatmadan, normal dincəlmədən geriyə sərnişin daşıyır. Bunlar çox ağır yol qəzaları ilə nəticələnir.
Avtovağzaldan kənar bütün reyslər ləğv edilməlidir. Belə olduğu halda, sərnişinlərin sığortası qanuni qüvvədə olur, sürücülərin tibbi müayinəsi keçirilir, onların istirahət və iş rejimi müəyyənləşir.
Qanunsuz daşıma ilə məşğul olanlar istədiyi vaxt dincəlir, yola çıxır, onlara heç bir nəzarət mexanizmi yoxdur. İki il əvvəl baş verən bir qəza araşdırılarkən bəlli olmuşdu ki, sürücü səhər 5-də Bakıya daxil olub, saat 6-da yenidən sərnişin yığıb rayona gedirmiş.
Qanunsuz sərnişin daşıyanlar pandemiya vaxtı kifayət qədər işlədi. O vaxt avtovağzal işləmirdi, tələbat var idi, işləyirdilər, qazanırdılar. Amma bu gün avtovağzal işləyirsə, dövlətin qoyduğu qayda-qanuna riayət etmək lazımdır. Bu işdə yol polisi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə səmərəli fəaliyyət ortaya qoymalıdır”.
Qanunsuz sərnişindaşımların yeri hamıya bəllidir...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib ki, təmsil etdiyi qurumun nə cəza vermək, nə də onların qarşısını almaq üçün xüsusi tədbirlər həyata keçirmək səlahiyyəti var: “Bizim üçün də ən ağırılı yerdir, çünki qeyri-qanuni daşımalar olduğu müddətdə qanuni daşımalara sərnişin axını artmır. Yəni qanunsuz daşımalarda sərnişin artdıqca, qanuni daşımalarda sərnişin azalır. İstənilən halda, bütün bunların qarşısının alınması səlahiyyətimizdə olmasa da, tərəfimizdən bununla bağlı aidiyyatı üzrə məlumat verilir.
Qeyri-qanuni daşımaların yerləri də bəllidir. Bunun üçün xüsusi əməliyyat keçirilməsinə gərək yoxdur. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin önü bütünlüklə qeyri-qanuni daşıma ocağıdır. Bu da hamıya bəllidir”.
Polis nəzarət edə bilmir...
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Modern.az-a deyib ki, sərt karantin rejimində rayonlararası sərnişindaşımanın qadağan olunduğu dövrdə qanunsuz sərnişindaşımalara nəzarət mümkün idi: “Biz bununla bağlı reydlər keçirir, nəticələri barədə ictimaiyyətə məlumat verirdik. Amma sərnişindaşımanın bərpa olunduğu bir vaxtda biz hansı avtobusun hansı xəttə çıxdığına, hansı istiqamətdə hərəkət edəcəyinə, qanuni, yaxud qanunsuz olmasına nəzarət edə bilmərik. Bununla müvafiq qurum məşğul olur”.
P.S. Problemin olduğu rəsmi və qeyri-rəsmi şəkildə etiraf olunur. Ancaq problemin həlli yolları hələ dumanlı görünür. Dumanlı yollarda isə avtomobil qəzaları, insan ölümləri qaçılmazdır. Məntiqlə bu işlə məşğul olanlar ya işlərini bacarmırlar, ya da bilərəkdən qanunsuzluğa, insan ölümlərinə şərait yaradırlar.
Mövzuya qayıdacağıq...