Bakıda tıxac yaradan bahalı məktəblər - "Modern Təhsil Kompleksi", "Oxford school", "İdrak" liseyi və "Landau School"
Bakıda tikilən özəl orta məktəblərin, liseylərin əksəriyyəti tıxac mənbəyidir. Məsələn, Əliyar Əliyev küçəsindəki "Modern Təhsil Kompleksi" və Ziya Bünyadov prospektindəki "İdrak" liseyi, Badamdardakı "Oxford school", Bayıl qəsəbəsindəki "Landau School".
Bunlar təhsildən çox pul qazanmağı düşündükləri üçün tikintini biznes obyekti kimi qəbul edirlər. Məsələn, məktəb tikildi, hasarlandı vəssalam. Ətrafda parklanma üçün yer olmalıdır söhbəti onları maraqlandırmır. Bunlara başa salmaq lazımdır ki, torpaq alıb məktəb tikəndə parklanmanı da nəzərə almaq lazımdır. Bunu onlar etmirsə Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi tələb etməlidir. Bu həm də qanunun tələbidir. Amma bu liseylərin sahibləri sanki bunu bilmir və illiyi 5-10 min manata şagird oxutduqları halda minlərlə insana problem yaradırlar. Məsələn, Bayıldakı Landau məktəbini tikənlər biraz da ağıllı düşünsəydi ətrafda yerləşən bir neçə evi alıb yerində parkinq yarada bilərdilər. Amma etmirlər. Onlar ancaq ciblərini güdür, valideynlər nə əziyyət çəkirsə onlara maraqlı deyil. Valideynlər özləri əziyyət çəkməklə yanaşı orada yaşayanları, oradan keçənləri daha böyük əziyyətə salırlar. Belə olmaz. Qanun hamı üçün bərabərdir. Landau School dövlət qurumlarını aldadır ki, bizim şagirdlər avtobuslar gedib gəlir, ona görə sıxlıq olmayacaq. Amma elə deyil. Bu cür bahalı liseylərdə uşaq oxudanların əksəriyyəti uşağını avtobusa etibar etmir, pulu var, ayrıca sürücü tutur, ya da özü aparıb-gətirir. Nəticədə ərazidə tıxac yaranır.
"Oxford school"a görə tıxacın bir ece Milli Məclisin qarşısında yaranır, o biri ucu Badamdar qəsəbəsinə gedib çıxır. Bunu hamı bilir, hər kəs də görür. Amma...
Ona görə də, DYP və BNA-ya səslənirəm. Belə məktəbləri nəzarətə götürmək və qarşılarında sərt tələblər qoymaq lazımdır. Qoy zəhmət çəkib qazandıqları pullardan biraz xərcləyib parklanma üçün şərait yaratsınlar. Başqalarının yolunu kəsib ciblərini doldurmasınlar.
P.S. Mən təhsilin əleyhinə deyiləm, özbaşınalığın, başqalarının yolunu kəsib öz rahatlığını düşünənlərin, yollarda hərəkəti iflic edənlərin əleyhinəyəm!
Elməddin Muradlı