Bakı yollarındakı problemlər nə vaxt aradan qaldırılacaq? - ARAŞDIRMA
Bakıda yeni magistral yolların təmiri və salınması mütəmadi olaraq həyata keçirilir. Bu yollar əksər vaxt göz oxşayır, xüsusilə şəhərimizə gələn turistlər yolların gözəlliyinə heyran qalırlar. Ancaq azacıq yağışın yağması ilə çoxsaylı problemlər üzə çıxır. Bəzi yollar yenicə təmirdən çıxsalar da, onlarda çökmələr, çatlar və bu kimi müxtəlif problemlər müşahidə olunur. Bakucity.az bu gün paytaxt yollarının problemlərinin əsas səbəblərini öyrənməyə çalışıb. Materialı oxuculara təqdim edirik.
Ən əsas problemlərdən biri: yeraltı sular
Saytımıza açıqlamasında “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli oxşar problemlərin iri şəhərlər üçün xarakterik olduğunu bildirib:
“Bakı yollarının əsas problemlərindən biri yeraltı suların üzə çıxmasıdır. Şəhərimizdə yeraltı sular yerin səthinə yaxındır və bu da yolların dağılmasına gətirib çıxarır. Bu suların axını dəyişəndə isə problemlər yalnız avtomobil yollarında deyil, digər yerlərdə də yarana bilər”.
Mətbuat katibi Babək prospektindəki yolun çökməsi ilə bağlı açıqlamasında bildirib ki, həmin ərazidə bərpa işləri yenidən aparılıb:
“Məsələ bundadır ki, o ərazi 80-ci illərdə neft tullantılarının yığıldığı yer olub. Bu da prospekt yolunun bəzi hissələrində iki-üç kvadrat metr asfalt örtüyünün deformasiyasına səbəb olub və bu təkcə avtomobil yolunda deyil, başqa yerlərdə də baş verib. Amma bəzi şəxslərin iddia etdiyi kimi, hadisə yolun keyfiyyətsiz təmiri nəticəsində baş verməyib".
A.Nəcəflinin sözlərinə görə, Avtomobil Yolları Dövlət Agentliyinin heyəti ərazidə yenidən əsaslı təmir işləri aparıb, hazırda ərazidə heç bir problem yoxdur:
“Əlbəttə, bu eyni problemin bir də olmayacağı demək deyil. Çünki hər hansı bir yolda, xüsusilə də böyük şəhərlərin yollarında hər zaman belə problemlər olur. Bütün kommunikasiya xətləri birbaşa avtomobil yollarından, prospektlər və küçələrdən keçir. Buna görədə hər hansı bir qəza, həmçinin sızıntı olanda ilk növbədə yollara mənfi təsir göstərir.
Xoşbəxtlikdən Bakıda digər böyük şəhərlərdə olduğu kimi, kommunikasiya xəttləri ilə bağlı belə böyükmiqyaslı qəzalar yoxdur. Ancaq təəssüf ki, bundan heç kim sığortalanmayıb. Digər ölkələrdə insanlar eyni problemlərə sakitliklə reaksiya verirlər. Bizdə isə hər şey üçün dövlət strukturlarını günahlandırmaq adət halını alıb. Bunu da yalnız o adamlar edə bilər ki, onlar ölkədə yolların necə salınmasından xəbərsizdirlər”, - deyə Nəcəfli vurğulayıb.
Kanalizasiya problemlərinin paytaxt yollarına mənfi təsiri
A.Nəcəfli bildirib ki, Avtomobil Yolları Dövlət Agentliyi bu problemin aradan qaldırılması üçün müəyyən tədbirlər görür:
“2016-cı ildən 2018-ci ilə qədər bu problemlərlə üzləşən ərazilərdə təxminən 10,000 km yeni kommunikasiya sistemləri quraşdırılıb. Məsələ burasındadır ki, bu problemi tamamilə aradan qaldırmaq üçün yolun salınacağı yerdə xüsusi yağış toplayıcısı quraşdırılmalıdır ki, sıx çöküntülər zamanı bütün sular yollardan yığılsın".
Mövcud problemlərdən növbətisi də şəhər ətrafında yaxşı yolların olmamasıdır. Mətbuat xidmətinin rəhbəri bildirir ki, bu məsələ mərhələli şəkildə həll ediləcək:
“Hal-hazırda qəsəbə yollarının təmirinə diqqət yetiririk. Məsələn, Sulutəpə qəsəbəsinin çox pis vəziyyətdə olan əsas küçəsindəki yol təmir olunur. Binə qəsəbəsində də yolların bərpası planlaşdırılır. Burada təxminən 20 km sahəni söküb yenidən salmaq lazımdır. Hövsanda isə təxminən 7 km məsafədə təmir işlərinə ehtiyac var.
Yolun təmiri üçün avadanlıq xaricdən gətirilir
A.Nəcəfli söhbət zamanı yolların təmiri və salınmasında istifadə olunan xüsusi texnikaların Azərbaycanda istehsal olunmadığını deyib: “Yollarımızın keyfiyyəti bütün müasir və beynəlxalq standartlara cavab verir. Çünki yolların salınması üçün avadanlıqları xaricdən alırıq, ölkədə bu cür texnikalar istehsal edilmir. Ötən il bu cür maşınların təxminən 220 ədədi idxal edilib. Bu avadanlıqların 270 ədədi isə bu il gətiriləcək", - deyə Nəcəfli bildirib.
Rəsmi açıqlamasında deyib ki, bu istiqamətdə hələ çox işlər görülməlidir, bu da mərhələli şəkildə həyata keçiriləcək. O, paytaxtımızda yolların keyfiyyəti ilə bağlı problemlərin hər il bir az daha azalacağını deyib.
Bakucity.az