Bakıda moped xaosu bitəcəkmi: Polis işə qarışmasa faciələr qaçılmazdır
"Mopedlərin, velosipedlərin hərəkəti "Yol hərəkəti" haqqında qanunla tənzimlənir". Bu sözləri Qaynarinfo-a yol nəqliyyatı eksperti Elməddin Muradlı moped, velosiped və motosikletlərin yol hərəkəti qaydasını pozub, bir çox qəzalara səbəb olmasına münasibət bildirərkən deyib.
Ekspert şərhində bu nəqliyyat vasitələri üçün tətbiq olunan qaydalar, sürücülük vəsiqəsi və nömrə nişanının şərt olub-olmaması məsələlərinə aydınlıq gətirib: "Hər bir halda velosipedçilər üçün ayrıca zolaq olmalıdır. Moped və motosiklet sürənlər də hərəkət iştirakçısıdır. Yəni, onların idarə etdikləri nəqliyyat növüdür və ona uyğun da yol hərərəkəti qaydaları tətbiq olunur. Onlar da bu qaydalar çərçivəsində hərəkət etməlidir. Ancaq təəssüflər olsun ki, bizdə moped üçün sürücülük vəsiqəsi tələb olunmur. Çünki 50 kub.sm-dən aşağı mühərriki olan nəqliyyat vasitələri üçün vəsiqə tələb olunmur. Ona görə də imkanı olan da, olmayan da ondan alır və kobud qayda pozuntusuna yol verərək idarə edirlər. Yəni, velosipedi idarə edirlərsə, bunu da təxminəm o cür idarə edirlər. Son vaxtlar yol hərəkəti qaydalarını pozan velosipedçilərin sayı qədər, elə motosikletçi, moped sürücüsü də var".
"Bəs yol polisi bu sürücülərlə bağlı hansısa tədbir görürmü?" sualına isə Elməddin Muradlı belə cavab verdi:
"Düzü, onlarla bağlı yol polisi hansı addımı atır, cəza tətbiri görür, qayda pozanları cəzalandırması ilə bağlı bir şey deyə bilmərək. Çünki bu barədə rəsmi məlumatım yoxdur. Olsa da, düşünürəm ki, nadir hallarda və çox cüzi bir rəqəm ola bilər. Amma demək olar, ötən il 13 velosipedçi yol qəzası zamanı həlak olub. Motosikletçilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələri də az deyil. Motosikletçilər deyəndə moped sürənləri də biz həmin qrupa aid edirik. Onlar xüsusən işıqforun qırmızı işığında qaydaları pozurlar, yol ayrıcını düzgün keçmirlər, piyadalar üçün təhlükə yaradırlar. Bir çox spesifik qaydalar var ki, onlar bunu kobud şəkildə pozurlar və ağır qəzaların da qurbanına çevrilirlər. Bizim elə avtosfer.az saytında yayımladığımız bir neçə qəza videosunda da açıq-aşkar görünür ki, onlar necə təhlükə yaradırlar, qırmızı işığı saymırlar, yol ayrıcını düzgün keçmirlər, piyada zolağında hərəkət edən piyadaların üstünə sürürlər. O baxımdan düşünürəm ki, bunlarla bağlı ciddi maarifləndirici iş görülməlidir, yol polisi onlara qarşı da müəyyən tədbirlər görməlidir. Düzdür, indi mopedlərin üzərində dövlət qeydiyyat nişanları olmur, mühərrikin həcminə görə bu nəzərə alınır, amma motosikletlərin üzərində var. Bununla bağlı ciddi tətbir görülməlidir. Moped və velosiped sürücüləri də digərləri kimi qanunla məsuliyyətə cəlb olunmalıdır və beləcə onlar artıq öz məsuliyyətini dərk etmiş olacaqlar. Belə özləri də bilirlər ki, indi onlara qarşı hər hansı tədbir görülmür, görülə də bilmir, ona görə də çox rahat şəkildə təhlükəli hərəkətlər edirlər".
Qeyd edək ki, son zamanlar moped, velosiped və motosikletlərin Bakı küçələrində sayı durmadan artmaqdadır. Xüsusilə də, paytaxtda fəaliyyət göstərən kafe və restoranların moped, velosipeddən istifadə edən kuryerləri yol hərəkəti qaydalarını mütəmadi olaraq kobud şəkildə pozaraq öz ölümləri ilə nəticələnən qəzalara səbəb olurlar.