Bakıda parkinq probleminin həlli: Ekspertdən təkliflər - FOTO
Bakıda bir sıra yollarda hərəkətin iflic vəziyyətinə düşməsinin müxtəlif səbəbləri var. İşıqforların qeyri-dəqiq paylanması, yol kənarlarında avtomobillərin qeyri-qanuni parklanması xüsusilə də bir sıra obyektlərin, o cümlədən şadlıq saraylarının qarşısında daha çox müşahidə olunur. Bu da öz növbəsində, paytaxt yollarında avtomobillərin hərəkətini çətinləşdirir, tıxaclara səbəb olur.
Bütün bunlar təbii olaraq şəhər sakinlərinin də haqlı narazılığına səbəb olur. Vəziyyət o yerə çatıb ki, yol kənarlarında özünə yer tapa bilməyən sürücülər avtomobillərini piyada keçidlərinin üzərində, bəzən də səkilərdə saxlayırlar.
Bəs, görəsən, bu problemin həlli üçün aidiyyəti qurumlar hansı tədbirləri görür? Avtomobil sürücülərinə xəbərdarlıq edilirmi? Xəbərdarlığa məhəl qoymayan sürücülərin bu qanunsuz hərəkətinin qarşısı necə alınacaq? Bu halların aradan qaldırılması üçün nəzarət-müşahidə kameralarından daha səmərəli istifadə etmək olmazmı?
Məsələ ilə bağlı Oxu.Az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu gün şəhərin nəqliyyatı, infrastruktur düzgün qurulmadığı üçün bu və digər problemlərlə qarşılaşırıq:
“Avropa ölkələrinə nəzər salsaq görərik ki, aidiyyəti qurumlar avtomobil alan şəxslərdən icarə müqaviləsi haqqında bildiriş tələb edir. Bunu tələb etməkdə məqsəd sürücülərin nəqliyyat vasitələrini icazəsiz yerlərdə deyil, müqavilədə qeyd olunan ərazidə saxlamasıdır. Təəssüf ki, bizdə bu qayda yoxdur. Ölkədə maşınların sayına nəzarət edən heç bir qurum yoxdur. Əlinə pul düşən hər kəs maşın alır. Bunu da başa düşmək olar. Çünki ölkədə sərnişindaşıma sektorunda kifayət qədər boşluq var. Sərnişinlərin normal şəraitdə daşınması üçün kifayət qədər nəqliyyat vasitəsi yoxdur”.
Onun sözlərinə görə, mövcud problemin əsas səbəbi ölkədə alternativ nəqliyyatın olmamasıdır:
“Yol infrastrukturunda köklü dəyişiklik aparılmalıdır. İlk növbədə, şəhərin aktiv istiqamətləri nəzərə alınmaqla, parklanma yerləri salınmalıdır. Hətta deyərdim ki, şəhərin mərkəzində parklanma qadağan edilsin. Şəhər kənarından mərkəzə doğru, radius boyunca parklanmanın qiymətləri artan ardıcıllıqla təyin edilsin. Avtomobillərin sayı həddən artıq çoxdur. Digər tərəfdən, ictimai nəqliyyatımız gün ərzində bu qədər insanı şəhərin mərkəzinə gətirə biləcək potensiala sahib deyil. Problemin kökü budur ki, ölkədə alternativ nəqliyyat vasitəsi yoxdur. Müasir sərnişindaşımada inkişaf olmasa, bu problem yaxın gələcəkdə daha qabarıq fomada nəzərə çarpacaq”.
Parklanma sistemindəki problemi aidiyyəti orqanların öz sahələrinə lazımi diqqət ayırmaması ilə əlaqələndirən ekspert qeyd edib ki, nəzarət artırılmalıdır:
“Parklanmanın necə nizamlanması hələ də dəqiqləşdirilməyib. Yol kənarında avtomobil saxlamaq qanunsuz hərəkətdir. Avtomobilinizi yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarış əsasında, sizə aid olan inzibati sərhədlərdə saxlaya bilərsiniz. Digər bütün hallar qanunsuzdur.
Şadlıq saraylarında toy olan gün yollarda vəziyyət daha da bərbad olur. Çünki əksər şadlıq saraylarının parkinq yerləri yoxdur. Şadlıq sarayı işlədən şəxslər çox yaxşı qazanc götürürlər. Zəhmət çəksinlər, yeraltı və ya yerüstü ərazi alsınlar, parkinq sahəsi ayırsınlar.
Belə olsa, axşam saat 6-dan sonra şadlıq saraylarının çoxluq təşkil etdiyi küçələrdə nəqliyyatın hərəkəti iflic olmaz. Onlara ciddi şəkildə xəbərdarlıq edilməlidir.
Xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə cərimə və ya başqa tədbirlər görülməlidir. Bu, həm də yeni tikilən çoxmərtəbəli binalara aiddir. Binada olan mənzil sayına müvafiq olaraq parkinq yerləri nəzərə alınmalıdır. Təəssüf ki, əksər hallarda bu məqamlar da nəzərə alınmır”.