Bakıdan sonra digər iri şəhərlərdə də avtobus zolaqları çəkiləcək - DANX-dan yenilik - VİDEO
Paytaxtdan sonra digər iri şəhərlərdə də avtobus zolaqları çəkiləcək. Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib. Onun sözlərinə görə, Bakıdan sonra iri şəhərlərin zərurət olan küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Qeyd edək ki, bu, ''Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Xidmətin rəisi Həbib Həsənov onu da bildirib ki, həmin xətlərdə hərəkət edəcək avtobuslar da yenilənəcək. Hətta ekspress avtobusların alınması məsələsi də gündəmdədir.
Həbib Həsənov, son 10 ildə ölkə ərazisində 17 avtovağzalın tam yenidən qurularaq sərnişinlərin istifadəsinə verildiyini açıqlayıb. O, həmçinin əlavə edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat və nizamlı hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri həyata keçirilir, Qafqazın ən böyük nəqliyyat qovşağı layihəsi reallaşdırılır. Hazırda Gəncə Beynəlxalq Avtovağzalı və paytaxtın Qaradağ rayonunda Cənub avtovağzalı da daxil olmaqla, Naftalan və Neftçalada yeni avtovağzalların bərpa və tikinti işləri tamamlanmaq üzrədir. Bununla da ölkə ərazisində avtovağzalların sayı 62-ə çatıb.
Bütün bu işlər çərçivəsində şəhərlərarası sərnişindaşımada dispetçer mərkəzinin yaradılması, habelə vahid bilet, onlayn satışı sisteminin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Bu işlərin görülməsi üçün xarici müəxəssislər cəlb edilib. Əsas məqsəd rayonlarda da bilet satışını onlayın sistemə keçirmək və "Bakıkart"a inteqrasiya etməkdir.