Bakının açılışını gözləyən avtovağzalı və yol kənarındakı xaos - FOTO
Azərbaycanda elə bir media qurumu tapılmaz ki, onun arxivində Beynəlxalq Avtovağzaldan azı bir material olmasın. Tanınmış saytların əməkdaşları demək olar hər ay bura baş çəkirlər. Avtosfer.az da buradakı problemlərdən dəfələrlə yazdığı üçün Beynəlxalq Avtovağzalı qoyuram bir kənara.
Sözüm Lökbatan qəsəbəsindəki avtovağzalla bağlıdır, daha doğrusu Lökbatan dairəsindəki. Karvansaray ticarət mərkəzinin qarşısında inşa edilmiş bu avtovağzal pandemiyadan əvvəl tikilib və cənub rayonlarına gedən avtobuslar üçün nəzərdə tutulmuşdu. O zaman deyirdilər ki, məqsəd Beynəlxalq Avtovağzalın işini yüngülləşdirməkdir. Çox gözəl fikir idi, amma.
Bu avtovağzalın, daha doğrusu Bakı Cənub Avtostansiyasının açılışı ləngidi, 2 il sonra araya pandemiya girdi. Amma heç nə rayona gedən mikroavtobusların stansiyanın 10 addımlığında, Lökbatan dairəsində toplaşnasına mane olmadı. Hər axşam saat 17.00-dan sonra ərazi keçilməz olur. Bəs bu sözügedən stansiya istismara verilsə Lökbatan dairəsindəki sıxlığı aradan qaldıracaqmı? Birmənalı şəkildə yox.
Çünki, bura yoldan kənarda layihələndirilib. Avtobusların stansiyaya girib-çıxması həm əlavə vaxt aparacaq, həm də Binə ticarət mərkəzi qarşısındakı svetoforda tıxac yaranacaq. Bununla da Lökbatan mübadilə mərkəzinə girib-çıxan avtobuslara, manevr edərək şəhərə qayıdan maşınlara və ticarət mərkəzinə girənlərə əlavə maneə və vaxt itkisi yaranacaq. Ən əsası, böyük avtobusların bu ərazidə, xüsusən də avtostansiyanın həyətində manevr etmək imkanı azdır.
Əslində stansiya magistralın üstündə, avtobusların indi toplaşdığı yerdə, Binə ticarət mərkəzinin sağında inşa edilsə çox gözəl olardı. Bu yolla mədəni xidmət təşkil etmək mümkün idi. Avtobuslar tıxac yaratmadan bura girib sərnişin götürərək yoluna davam edə bilərdi.
Bakı Cənub Avtostansiyası xoş niyyətlə tikilsə də, praktik deyil. Onun istismara verilməsi və avtobusların inzibati yolla bura cəlb edilməsi Lökbatanda əlavə nəqliyyat sıxlığı yaradacaq. Boş qalan bina isə göz dağıdır. Yeganə çarə binanın təyinatını dəyişib başqa məqsədlə istifadə etməkdir. Məsələn, BNA bu ərazidə şəhər nəqliyyatı muzeyi yaradaraq pul qazana bilər.
Təklif bizdən.
Vüqar Yaşaroğlu