Bakının parkinq dərdi: Şəhəri maşın bazarına çevirən sürücülər - FOTO - VİDEO

Yazarlar 4 Oktyabr 2021 14:16 Oxunub 626
Bakının parkinq dərdi: Şəhəri maşın bazarına çevirən sürücülər  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının parkinq dərdi bitmək bilmir. Belə ki, paytaxtın Nizami rayonu ərazisində, daha dəqiq desək “Xalqlar Dostluğu” metrosundan çıxanda insan özünü maşın bazarında hiss edir.

Piyadaların belə çətinliklə hərəkət etdiyi ərazidə avtomobillərin qanunsuz saxlanılması işləri daha da çətinləşdirir.

Ərazidə yaşayan sakinlərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Onun sözlərinə görə, metronun çıxışı nəqliyyat vasitələri üçün dayanacaq halına gəlib:

“Bu qanunsuz dayanacaqda avtomobillərin park edilməsi üçün qanunsuz ödənişlər də alınır. Metrodan çıxan şəxslər avtomobillərə görə yan-yana yol gedə bilmir. Ümumiyyətlə, Nizami rayonu ərazisindəki metro çıxışları bu səbəbdən çox acınacaqlı vəziyyətdədir”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. Agentlikdən Oxu.Az-a cavab olaraq bildirildi ki, dəfələrlə nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edilib:

“Aidiyyəti üzrə ərazidə xidmət aparan əməkdaşlarımız tərəfindən parkinq üçün ayrılmayan yerlərdə avtomobillərin qanunsuz parkinq edilməsi səbəbindən protokol tərtib edilib”.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, sürücülər avtomobillərini istədikləri yerdə saxlaya bilməzlər:

“Sürücülərin üzərinə çox böyük məsuliyyət düşür. Onlar tək özlərini deyil, başqa sürücüləri də düşünməlidir. Nə qədər yol polisi əməkdaşı ərazidə xidmət aparmalıdır və inzibati tənbeh tətbiq etməlidir ki, bunların qarşısı alınsın? Azərbaycanda dünyanın altı inkişaf etmiş ölkəsində tətbiq edilən “I-Patrul” xidməti tətbiq edilir. Hətta bu gün də yol polisinin xidməti ərazisi 5-7 km aralığında olduğu halda 13-18 km aralığında əraziyə nəzarət edir. İnzibati tənbeh tədbirləri ilə yanaşı profilaktik tədbirlər də aparır. Lakin bütün bunlara rəğmən bu cür qanunsuz parkinq edən sürücülər görülən işlərə kölgə salır. Hesab edirəm ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi yol polisi əməkdaşlarının xidməti ilə əlaqəlidirsə, digər hərəkət iştirakçıları da öz məsuliyyətini dərk etməlidir. Bu və ya buna bənzər faktların azalması üçün avtomobil sürücülərinin nəzərinə çatdırıram ki, yol hərəkəti zamanı şəxsi mənafelərini qanunlardan üstün tutmasınlar”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh