Bakının yaşıl gödəkçəli soyğunçuları – Onlar sürücüləri “soyur”

Yazarlar 30 Aprel 2021 09:35 Oxunub 3670
Bakının yaşıl gödəkçəli soyğunçuları – Onlar sürücüləri “soyur”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda pulsuz dayanma-durma yeri tapmaq mümkün deyil

Artıq aktual problemə çevrilən "parkovşik"lər sürücüləri boğaza yığıb. Bu mövzu ötən gün Bakı Nəqliyyat Agentiyinin mətbuat konfransında bir daha dilə gətirildi. “Parkovşik" adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyatı yoxdur”. Bu sözləri Bakı Nəqliyyat Agentiyinin İdarə Heyətinin sədri Vüsal Kərimli söyləmişdi. O zaman suallar yenə cavabsız qalır - Bakı küçələrində hər addımbaşı qarşımıza çıxan yaşıl gödəkçəli bu insanlar kimdir? Nə dayananda, nə duranda heç bir köməyi olmadığı halda onlar niyə sürücülərdən pul tələb edir? Bakı Nəqliyyat Agentliyi (BNA) qadağa qoyduğu halda "bura mən baxıram"- deyərək alınan pullar kimlərin cibinə gedir?

Bu mövzu dəfələrlə yazılsa da, dəyişən bir şey yoxdur.

Az qalıb ki, evimizə girmək üçün də pul verək. Məhəllədə onlar, məktəb, bağça, mağaza qarşısında, yol kənarında, sahil boyunca, hər yerdə onlar; yaşıl gödəkçəli "parkovşik"lər.

Artıq iş o yerə çatıb ki, 20-30 qəpiyə ağız büzürlər. Sən maşını saxlayanda harada olduğu bilinməsə də, yerindən tərpənən kimi başının üstündə peyda olan yaşıl gödəkçəli bu soyğunçular pul almadan səni buraxmır. Hətta bəzən pul verməyən sürücülərə hədə-qorxu da gəlirlər – “maşına nəsə olsa mənlik deyil”, - deyirlər. Bu sözdən sonra narahat olan sürücülər onlara məcburən 1 manat ödəməli olur.

Avtomobil sürücülərinin çörəyi də başqalarından baha başa gəlir, çünki 50 qəpilik çörək üçün marketin qarşısında maşından endinsə 20 qəpik də (ən azı) dayanmaya görə “parkovşik”ə ödəməli olursan.

Sıxlıq çoxdursa qiymət də qalxır. Misal üçün "Tarqovı" də parklama qiymətləri 2 manatdan başlayır. Qiymətin səbəbini soruşanda isə "burada maşın saxlmağa icazə yoxdur" cavabı verilir. Yəni, minnət qoyub pul alırlar və qiyməti də ikiqat qaldırırlar.

Məsələnin həllini kim tapacaq, sual doğurur. Çünki BNA-nın sədri deyir ki,- “Bu, bizim dövrdə yaranmayıb, əvvəlki dövrlərdən bizə miras qalıb. Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarları var”. Görəsən kimdir onlar? Bu özbaşnalığa nə zaman son qoyulacaq?!

Bu işlərdə ən çox adı hallananlardan biri də "Asa Parking"adlı bir şirkətdir. Bu şirkət sürücülərin cibinə girir. Hətta bəzi parklama yerlərində ödəniş üçün qəbz belə verilir. Yəni onlar sürücüləri bir qədər səliqəli şəkildə “soyur”. Bu şirkətin fəaliyyəti barədə BNA heç bir məsuliyyəti öz üzərinə götürmür.

Agentliyin mətbuat katibi Mais Ağayev bildirir ki, bu məsələ ilə bağlı dəfələrlə açıqlama verilib və hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub. Görünür, müraciət olunan qurumların əməkdaşları qanunsuz olaraq kiməsə pul verməyi özlərinə sığışdırır. Axı onlar da bu şəhərdə yaşayır və hər gün maşından istifadə edirlər. Ola bilməz ki, hansısa yaşıl gödəkçəli adam onlardan da müxtəlif üsullarla pul almayıb. Elə isə niyə hərəkətə keçmirlər? Axı kimsə birindən 100 manat qanunsuz pul alanda həbs edilir. Lakin Bakıda hər gün “Asa Parking” adlı şirkət və bununkimilər insanlardan qanunsuz yolla minlərlə manat pul yığsa da, onlara “gözün üstdə qaşın var” deyən yoxdur.

Bakı Nəqliyyat Agentliyi dəfələrlə Bakıda parklama yerlərinin ödənişsiz, sürücülərdən pul alınmasının isə qanunsuz olması ilə bağlı açıqlama da yayıb. Hər halda xəbər yayılsa da, ya oxuyan olmayıb, ya da ciddiyə alan.

Vüsal Kərimli mətbuat konfransında ümid verici fikirlər də səsləndirdi. O, bildirdi ki, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti həyata keçirəcəklər.. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək. "Parkovşik" məsələsi qalmayacaq.

Güman edirik ki, bu iş artıq öz həllini qısa zamanda tapacaq, əks halda parklama pulu maşının benzin xərclərini də üstələyərək artacaq. Çünki özbaşnalıq qarşısı alınmadıqca sürətlə yayılan bir xəstəliyə çevrilir.

 

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh