Baqaj üçün əlavə ödəniş istənildi, yolda qaldı - VİDEO
Lənkərandan Bakıya gəlmək istəyən Balakən rayon sakini Nazlı Əbəçiyeva avtovağzalda düşdüyü vəziyyətdən narazı qalıb. Bilet aldıqdan sonra avtobus sürücüsü əlindəki yüklərə görə Nazlı Əbəçiyevadan əlavə ödəniş istəyib. Avtosfer.az-ın məlumatına görə, Nazlı Əbəçiyeva deyir ki, ödəniş edə bilmədiyinə görə paytaxta gələ bilməyib.
Bu məsələ avtobusla hərəkət zamanı yüklərin hansı tariflərlə daşınmasını gündəmə gətirir.
Məsələ ilə bağlı açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova qeyd edib ki, "Avtomobil nəqliyyati ilə sərnişin və baqaj daşınnması Qaydalari"na əsasən sərnişin özü ilə çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqi ödənilmədən aparmaq hüququna malikdir.
Müntəzəm avtobus marşrutlarında sərnişinin müəyyən edilmiş tariflər əsasında daşıma haqqını ödəməklə hər birinin çəkisi 60 kq-dan çox olmayan 2 ədəd baqajın baqaj bölmələrində, baqaj bölmələri olmadıqda isə avtobusun salonunda aparmasına icazə verilir. Baqaj bölmələrində əlavə yer olduqda, sərnisin daha çox sayda baqaj apara bilər. Ölçüləri və çəkisi göstərilən həddən artıq olan baqaj isə qəbul edilmir. Daşınmasına icazə verilən hər baqaj yeri üçün ödəniş mövcud tariflərə əsasən müəyyən edilir. Baqaj təhvil verilərkən baqaj qəbzində bu barədə qeyd olmalıdır.
Konkret tariflərə gəlincə isə, Nuridə Allahyarova vurğulayıb ki, avtobus marşrutlarında daşınan baqaj yüklərinin tarif qiymətləri müəssisə tərəfindən təsdiq edilmiş və ya müqavilə əsasinda razılaşdırılmış tariflərlə müəyyən olunur.