BNA-dan canımız qurtarır, evakuatorlar gəlir? – Yağışdan çıxıb, yağmura düşməyək
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi Bakı Nəqliyyat Agentliyinın tabeliyindən alınaraq Daxili İşlər Nazirliyinə verildi. Hazırda son akkordlarını yaşayan yeni sistem köhnələrək yerini yenidən köhnəyə verir. Yəni, illər əvvəl olduğu kimi, dayanma-durma və parklanmaya görə cəriməni yol polisi yazacaq.
Çoxları xatırlayır ki, illər öncə BNA yaranmazdan qabaq evakuatorlar işləyirdi. Maşınlar cəmi 30 saniyə ərzində evakuasiya olunur və cərimə meydançasına aparılırdı. Bu da haqlı narazılığa səbəb olurdu. Belə desək, yol polisinin yazdığı dayanma-durma ilə bağlı tədbirlər “ağır olduğu” üçün yeni sistem formalaşdırıldı. Amma az müddət sonra insanlar əvvəlki duruma şükr etməyə başladılar. Ucdantutma cərimlər, 2 dəqiqə dayanmaqla qanunda nəzərdə tutulmadığı halda kamera vasitəsilə cərimələnərək 20 manat ödəmək ciddi problemə çevrilib. Yarandığı vaxtdan bu günə qədər paytaxtda parkinq problemini həll etməyə cəhd etsə də BNA buna nail ola bilmədi. Səbəbi isə çox sadədir. Şəhərdə maşın saxlamağa yer qalmayıb. Səkilər belə obyektlər tərəfindən zəbt olunub. Bir sözlə, bu problem yenə cərimənin ümidinə qaldı və insalar cərimə qorxusundan maşını saxlaya bilmirdi. İctimai nəqliyyat sahəsində də ciddi problemlər olduğu üçün bundan da istifadə etmək mümkün deyil. Bakı təkcə şəhərin mərkəzindən ibarət deyi axı?
İndi yenidən köhnə-təzə sistemə qayıdırıq. Mümkündür ki, evakuatorlar yenidən fəaliyyətə başlasın. Düzdür, bu da narazılıqdır, amma...
Yol polisi cərimə etməzdən əvvəl xəbərdarlıq edir, ən azından mikrofonla bir neçə dəfə “maşını götür” deyir. O adamlara cərimə yazır ki, yumşaq desək, hədəfə tuş gəlirlər. İndi yenidən köhnə-təzə siztem işə düşəndə bir sıra dəyişikliklər olunsa yəqin ki, ciddi problemlər də olmayacaq.
Məlumdur ki, parkinq yeri yoxdur və bu sürücü maşını hardasa saxlamalıdır. Ona görə də ciddi maneə olmayan yerlərdə parkinqə icazə verilməlidir. Həmçinin, o maşınlar evakuasiya olunmalıdır ki, həqiqətən problem yaradır.
Xəbərdarlıq məsələsi isə gündəmdə daim qalmalıdır. Qısacası, yol polisi insanları, insanlar da yol polisini yola verməlidir. Beləcə, qarşılıqlı anlaşma şəraitində hər şey normal olacaq. Zaman-zaman şahidi olacağıq ki, artıq insanlar qadağan olunmuş yerdə saatlarla deyil 3-4 dəqiqə saxlayır. Polis də bu 3-4 dəqiqəyə görə sürücüyə yumşaq desək, “göz yumur”. Nəticə etibarilə ciddi problemlər yaranmır. Axı vətəndaşı narazı salmaq kimə və nəyə lazımdır? Nəzərə almaq lazımdır ki, yol polisi axşam saat 8-9-dan sonra heç kimə cərimə yazmırdı və şəhərdə elə də ciddi problem yaşanmırdı. Amma BNA gecə saat 12-də də kamera ilə qanunsuz cərimə yazırdı və bu gün də yazmaqda davam edir.
Orxan Əli
Avtosfer.az saytının redaktoru