Reklam

BNA yolda məcburi qaydada təkər dəyişdirən sürücünü də cərimələyir - Hüquqşünasdan İTTİHAMLAR

Yazarlar 29 Mart 2022 14:49 Oxunub 1142
BNA yolda məcburi qaydada təkər dəyişdirən sürücünü də cərimələyir - Hüquqşünasdan İTTİHAMLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“BNA fəaliyyətini düzgün qura bilmir və ictimaiyyətdə qurumla bağlı narazılıqlar artır”

Bakı Nəqliyyat Agentliyi təkər dəyişən sürücüləri belə cərimələyir. Sürücüləri yerli-yersiz cərimə etmələri azmış kimi, indi də təkər dəyişməyə görə cərimələyir. Məsələ ondadır ki, Bakıda avtomobilinin təkərini dəyişən sürücüyə dayanma-durma qaydasını pozduğu üçün cərimə yazılıb. Sosial şəbəkə hesabında ona tərtib edilən protokolun fotosunu paylaşan sürücü qeyd edib ki, avtomobilinin qabaq təkərində nasazlıq yarandığından nəqliyyat vasitəsini Xətai rayonu, Xocalı prospektində yolun sağ tərəfində saxlayıb, qəza dayanma işıq siqnalını qoşaraq təkəri dəyişib. Lakin bu zaman Bakı Nəqliyyat Agentliyi tərəfindən ona 20 manat məbləğində elektron cərimə tərtib edilib. Halbuki, "Yol hərəkəti haqqında" Qanunun 55-ci maddəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda sürücü qəza işıq siqnalını yandırmalı və ya müvafiq nişanı quraşdırmalıdır. Bunlardan birinin tətbiq edilməsi cərimənin yazılmaması üçün kifayət edir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu ilin 7 fevralında “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Qurumun təkər dəyişən sürücüləri cərimələməsi nə dərəcədə doğrudur? Qurum əvvəlki səlahiyyətlərindən məhrum edildiyi halda, belə özbaşınalıqlar nə deməkdir?

“Sürücünün təkər dəyişdiyinə görə cərimələnməsi düppədüz qanun pozuntusudur”

Məsələyə münasibət bildirən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, bu, BNA-nın növbəti qanunsuzluğudur: “Əvvəla, mən hər zaman eyni vəzifəni həyata keçirən iki qurumun əleyhinə olmuşam. Zatən Daxili İşlər Nazirliyi bu sahədə peşəkar fəaliyyətlə məşğul idi. Yol və küçə hərəkəti ilə bağlı tədbirlərin tənzimlənməsində bir təcrübəsi var idi. Sonradan hansısa səbəbdən BNA-ya yol hərəkətinin tənzimlənməsi ilə bağlı səlahiyyətlər verildi. Ancaq qurum bu sahədə özünü doğrultmadı. Nəticədə eyni vəzifənin yerinə yetirilməsində ziddiyətlər yarandı. Ancaq ölkə prezidentinin qərarı ilə bəzi vəzifələr BNA-nın əlindən alındı, amma müəyyən səlahiyyətlər sözügedən qurumda qalır. Buna rəğmən, BNA fəaliyyətini düzgün qura bilmir və ictimaiyyətdə qurumla bağlı narazılıqlar artır. Ciddi əsas olmadan sürücülər cərimələnir. Bu da sosial narazılıqlara səbəb olur. Sürücünün təkər dəyişdiyinə görə cərimələnməsi düppədüz qanun pozuntusudur. Bu, "Yol hərəkəti haqqında" Qanunun 55-ci maddəsinin bilərəkdən pozulmasıdır. BNA-nın bu hərəkəti tamamilə yersiz və qaydalara ziddir. Hesab edirəm ki, sürücü bu qanunsuzluğa görə məhkəməyə müraciət etməlidir. Təzminat tələbi ilə çıxış etməlidir”.

Bir sözlə, hüquqşünas hesab edir ki, BNA-nın sözügedən özbaşınalıqlarına son qoyulmalıdır.

Bakixeber.com

ŞƏRH YAZ
Ad

E-mail

Şərh