"Bolt" sürücüləri nəyə etiraz edir: "Bunlar sadə taksi sürücüləridir"
Bir neçə gün əvvəl “Bolt” taksi şirkətinin sürücüləri şirkətlə bağlı etiraz aksiyası keçiriblər. Sürücülər “Bolt” şirkətində qiymətlərin ucuz olmasından şikayət edərək qiymətlərin artıırlmasını tələb ediblər. Öncə onu qeyd edək ki, “Bolt” taksi şirkətinə qarşı sürücülər tərəfindən zaman-zaman aksiyalar keçirilib. Amma taksi şirkətlərinin fəaliyyət istiqaməti elədir ki, bu gün şirkəti 10 nəfər tərk edərsə, bir neçə gün sonra 20 yeni sürücü şirkətə cəlb edilir. Yəni bu etiraz aksiyaları hər zaman nəticəsiz qalır. Yəni nə şirkətə “gözün üstə qaşın var” deyən tapılır, nə də sürücülərin halına yanan.
Xatırladaq ki, “Bolt” dünyanın 45-dən çox ölkəsində fəaliyyət göstərir və ölkəmizə aid yerli şirkət deyil. Azərbaycanda fəaliyyət göstərən, azərbaycanlı sürücüləri sözün əsl mənasında qul kimi işlədən və bunun onların əməyi üzərindən qazanc əldə edən bir şirkətdir. Azərbaycanda müvafiq qurumlar isə, bu şirkətin özbaşınalığına göz yumur.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sürücülər haqlı olaraq etiraz edirlər. Çünki Bolt şirkəti uzun müddətdir ki, taksi sürücüləri arasında ciddi narazılıqlara səbəb olan addımlar atır. Ekspertin fikrincə, faizlərin düzgün hesablanmaması, qiymətləri ucuzlaşdırmaq və digər neqativ hallar sürücülər arasında narazılıqara səbəb olur. Elməddin Muradlı hesab edir ki, bu şirkətlərə dövlət sərt üzünü göstərməlidir.
Elməddin Muradlı
“Onlara başa salmaq lazımdır ki, “sən Azərbaycanda yaşayıb, Azərbaycanda işləyirsən və Azərbaycan qanunlarını saymırsan”. Sürücülərin vaxt normasından artıq işlədildiyi halda əməyinin qarşılığının yetərincə verilməməsi və digər məsələlər öz həllini tapmalıdır”,- deyən Muradlı aksiyanın hərhansı bir nəticə verəcəyinə də inanmır.
Ekspert təklif edir ki, sürücülər kütləvi şəkildə imtina edib işləməməlidir. Başqa sürücülərin bu şirkətə qoşulmaması üçün kampaniyalar aparılmalıdır.
“Bunlar sadə taksi sürücüləridir. Onların nə qədər vaxtı var ki, bütün gün qazanc əldə etmədən “Bolt”la mübarizə aparsınlar. "Bolt"-un cavabını dövlət verməlidir”,- deyən ekspert hesab edir ki, dövlət qurumları bu vəziyyətin qarşısında susqunluq nümayiş etdirirlər. Azərbaycanda hansısa əcnəbi şirkətin azərbaycanlıları qul kimi çalışdırmasına dövlət qurumları göz yummamalıdır...
P.S. Dövlətin müvafiq qurumlarının da bu sürücülərin istismarına göz yumması başa düşülən hal deyil. Bir xarici şirkət gəlib sənin ölkəndə, sənin vətəndaşını istismar edir, sən də susursan?! Acınacaqlı vəziyyətdir...