Reklam

Bozdağın qoynundakı Mingəçevir trolleybusu - FOTO

Yazarlar 9 Fevral 2022 08:21 Oxunub 3044
Bozdağın qoynundakı Mingəçevir trolleybusu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanın sənaye şəhərində ekoloji təmiz nəqliyyat

Ötən əsrin ortalarında təməli qoyulan Mingəçevirdə böyük sənaye müəssisələri olsa da, bura daha çox energetiklər şəhəri kimi tanınıb. Əlbəttə ki, bu tam təbii idi. Keçmiş SSRİ-nin ən böyük SES-lərindən biri burada qərar tutmuşdu. Lakin şəhərdə Yol Təmiri Maşınları  Zavodu (xalq arasında DORMAŞ (yeri gəlmişkən, bu zavodda məşhur Minqeçaurest markalı traktorlar istehsal edilib)), kabel zavodu, toxuculuq fabriki kimi sanballı müəssisələr də vardı. 
Lakin əhalinin sayına görə Mingəçevir Gəncə və Sumqayıtdan geri qalırdı. Şəhərdə nəqliyyat sistemi inkişaf edirdi. Mingəçevir Qafqazın ən böyük enerji istehsalçısı olsa da, şəhərə elektrik nəqliyyatı çox gec gəlib çıxdı.
Avtosfer.az xəbər verir ki, keçmiş SSRİ-də yalnız əhalisi yüz mindən çox olan şəhərlərdə trolleybus nəqliyyatının işə salınmasına icazə verilirdi. Lakin ittifaqın bir neçə şəhərində bu qaydadan kənara çıxıldı. Mİngəçevir də bu sırada idi. Şəhərin yüz mininci sakini dünyaya gəldikdə artıq SSRİ yox idi (2008-ci ilin siyahıyaalmasına görə şəhərin 118 000 sakini var). 

Beləliklə, Azərbaycanın ən gənc trolleybus şəbəkəsi bu şəhərdə yenidənqurma zamanı işə salındı. 19 mart 1989-cu ildə sınaq hərəkətləri başladı. Trolleybuslar müntəzəm sərnişindaşıma üçün xəttə 15 apreldə çıxdı. Gənc olmasına baxmayaraq Mingəçevir trolleybus şəbəkəsi Azərbaycanda ən dəqiq elektrik nəqliyyat sisteminə çevrildi. Burada kontakt xəttinə, maşın və avadanlıqlara müntəzəm qulluq edilməsi sayəsində sistem çox gözəl işləyirdi. İlk illərdə heç bir nəqliyyat trolleybusla ayaqlaşa bilmirdi. 1992-ci ilə olan məlumata görə, şəhərdə 19 ədəd “ZİU-9” trolleybus işləyirdi. 

Marşrutlar

1.    Bağçılıq təsərrüfatı – Azərbaycan DRES qəsəbəsi
2.    Varvara – Depo – Varvara 
3.    Dormaş – Depo 

Cədvəldən göründüyü kimi, trolleybus xətləri sənaye zonası ilə yaşayış məntəqələrini  əlaqələndirən əsas nəqliyyat olub, Kürün 2 sahilini birləşdirirdi. Xəttin ümumi uzunluğu 2000-ci ildə 34 km idi.

Qara günlər

Azərbaycandakı bütün tramvay-trolleybus sistemləri kimi, 21-ci əsr bu şəhərdə də “buynuzlu nəqliyyat”ın tarixinə qara hərflərlə yazıldı. Müstəqillikdən sonra başlayan geriləmə ölkənin ən yaxşı işləyən trolleybus təsərrüfatını da vurdu. Bütün maşın və avadanlıqlar köhnəlmişdi. Trolleybusdan əsasən yük (o cümlədən ev quşları) daşımaq üçün istifadə edilirdi. Bakı və Sumqayıtdan sonra 2005-ci ilin dekabrında burda da trolleybuslar xətdən yığışdırıldı. 2006-cı ilin aprelində isə trolleybus nəqliyyatı bir müəssisə olaraq ləğv edildi. 17 yaşında ləğv edilən Mingəçevir trolleybusu isə tarixə Azərbaycanın gənc elektrik nəqliyyatı sistemi kimi düşdü. Trolleybuslar isə təxminən 2 il Kürün sahilindəki qarajda baxımsız vəziyyətdə qaldı, sonradan doğranaraq metaləritmə müəssisələrinə göndərildi. 

Hazırda Mingəçevir trolleybusundan heç bir nişanə qalmayıb – arxiv fotolarından başqa.  

Son söz yerinə 

Mingəçevirdə trolleybusun ləğvi ilə Azərbaycan keçmiş SSRİ-də yerüstü elektrikli şəhər nəqliyyatını tam ləğv edən ilk ölkə oldu. Bundan sonra nəqliyyat sektoru (metrodan başqa) özəlləşdi, səssiz və ekoloji təmiz nəqliyyatın yerini narahat və təhlükəli mikroavtobuslar tutdu.   

Əziz oxucu. Sizcə energetiklər şəhərinə elektrik nəqliyyatı yaraşmırmı?

P.S. Bu yazını hazırlayarkən rus mənbələrindən istifadə etdik. Rusiyada Azərbaycandakı elektrik nəqliyyatına dair kitab nəşr olunsa da, ana dilimizdə bu mövzuya dair heç bir məndə yoxdur (Bakı tramvayı barədə bir-birinin təkrarı olan materialları çıxmaqla). Ən yeni Azərbaycan tarixini araşdıranların bu mövzuya müraciət etməsi yerinə düşər.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh