
Bu adam qəhrəman deyil - Qanunu saymayanlar oyun qurub, sizə nə olub?

Bu adamı qəhrəmana çevirmək lazım deyil, kiminsə yazığı gəlib kömək edirsə o başqa məsələ. Amma bunu qəhrəman etməyin, sonra çıxıb başınızda oturacaq. İnsanların həyatı ilə oynayan, xəsarətlə nəticələnmiş ağır qəza törədən, qanunsuz yolla taksi sürücüsü kimi işə çıxan biri qəhrəman ola bilməz. Oğlu deyir, bu adam neçə ildir xəstədir, özü deyir, 9 ildir olmurdu, o gün birdən tutdu. Gəlini deyir, tez-tez qıcolması tuturdu. Adamlar cəmiyyəti barmağına dolayıb pul yığmaqla məşğuldur.
Əminəm ki, bu işdə kimlərsə məhz dövlətə, AYNA-ya qarşı oyun oynayır. Sanki mesaj verirlər ki, taksi ilə bağlı qayda-qanunu saymayan hər kəsi qəhrəmana çevirə bilərik. Konkret olaraq deyirəm ki, bu adam taksi sürücüsü deyil, olmayıb da. Sistemdə qeydiyyatı olmayan şəxs taksi sürücüsü sayılmır. Taksi parkı bunu kiminsə yerinə xəttə buraxıb və belə bir qəza baş verib. İndi kimsə sosial şəbəkələrdə oyun qurub yardım kampaniyası keçirir, bunu qəhrəman kimi təqdim etməyə çalışır. Kömək başqa, şou başqa. Yığışdırmaq lazımdır bu oyunları.
Bizim qəhrəmanlarımız bəllidir, şəxsən mənə Anar Nəcəfov kimi qəhrəman lazım deyil, insanların həyatını təhlükəyə atan, qanunları pozan biri qəhrəman ola bilməz.
Bunu reklam edənlərə demək istəyirəm ki, biraz səbr etsinlər, Nizami rayon Polis İdarəsində açılan cinayət işi üzrə istintaq bitən kimi çoxunuz peşiman olacaqsınız. Küyə getməyən!
Çox güman ki, bu işin arxasında hansısa taksi parkının, bəlkə də taksi şirkətlərinin marağı var. Atılan addımlar bir daha təsdiq edir ki, bu çirkin oyunu quranlar var. Yoxsa belə sistemli reklamı, piar kampaniyasını qurmaq elə də asan deyil. 4 günə 4 min manat yığılırsa, deməli, işi düzüb-qoşanlar var. Çox istərdim ki, polis bu çirkin oyunu quranları mütləq araşdırsın. Əminəm ki, Anar və onun ailəsi bu oyunu quranlarla tanışdır...
Elməddin Muradlı