Bu qurumlar yolları işıqlandırmır; qəzalar çoxalır, oğrular meydan sulayır

Yazarlar 17 Noyabr 2021 22:36 Oxunub 1404
Bu qurumlar yolları işıqlandırmır; qəzalar çoxalır, oğrular meydan sulayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Azərişıq" və "Azəravtoyol" səhlənkarlıq edir, küçələrdə narkomanlar meydan sulayır

Uzun müddətdir aktual olan mövzulardan biri də küçələrdə, xüsusilə də avtomobil yollarında işıqların yanmamasıdır. Belə ki, küçələr və yollar qaranlıq olduğu üçün qəzalar baş verir, oğurluqlar çoxalır. Bir sözlə, vətəndaşlar təhlükə altında qalır.

Bəs bu halın yaranmasında günahkar kimdir?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Bakıvaxtı.az-a danışıb: "Yolların işıqlandırılması ilə bağlı iki ildən artıqdır ki, prezident İlham Əliyev tərəfindən göstəriş verilib. Aidiyyatı qurumlar nədənsə verilən tapşırığı doğru-düzgün icra etmirlər. Təəssüflər olsun ki, qaranlıq olan əhəmiyyətli, məhəllədaxili yollarımız çoxdur. Küçələrin, yolların qaranlıq olması çox böyük fəsadlara, yol-nəqliyyat hadisələrinə, xüsusən piyadaların vurulmasına gətirib çıxarır. Azərbaycanda vətəndaşlar tünd geyimlərdən çox istifadə etdiyi üçün qaranlıqda görünməz olurlar. Elə bu səbəbdən də piyadaların avtomobillər tərəfindən vurulması halları baş verir. Digər yol-nəqliyyat hadisələri də daha çox günün qaranlıq vaxtlarında baş verir. Bu yaxınlarda bir günlük statiskaya baxmışdım, bir gün ərzində beş piyada ölmüşdü. Beş piyadanın üçü günün qaranlıq vaxtında vurulmuşdu. Yəni həmin piyadalar günün qaranlıq vaxtlarında yol-nəqliyyat hadisəsinin qurbanı olmuşdular. Bu özü də bir siqnaldır. Amma, təəssüflər olsun, yerli icra orqanları, “Azərişıq”, “Azəravtoyol” bu işlərə səhlənkar yanaşır. Özüm də bir neçə dəfə işıqlı yollardan istifadə etmişəm, qaranlığa daxil olanda avtomatik görmə məhdudiyyəti yaranır. Xüsusən yağışlı və qarlı havalarda bu daha çox fəsadlar yaradır. Bəzi sürücülər maşının ön hissəsinə daha çox işıqlandırsın deyə əlavə avadanlıqlar, işıq cihazları quraşdırırlar. Özləri üçün yaxşı şərait yaradırlar, ancaq başqalarının gözünü qamaşdırırlar. Bu da yol-nəqliyyat hadisələrinə gətirib çıxarır. Ölkə başçısının verdiyi tapşırıq ondan ibarətdir ki, bütün məhəllədaxili yollar və küçələr işıqlandırılsın. Qaranlıq küçələrin başqa bir fəsadı da odur ki, tez-tez oğurluq halları baş verir. Məsələn, Bakının bir çox yerlərində şəxsi qarajlar yoxdur, avtomobilləri küçələrdə, binaların həyətində park edirlər. Nəticədə, avtomobillər, evlər qarət olunur, küçələrdə nakormanlar meydan sulayır. Amma işıqlandırma olanda belə neqativ hallara yol vermirlər. Çünki hər yerdən aydın şəkildə görünür və oğrular da özlərini yığışdırmış olurlar. İndi seçim etmək lazımdır bizə ağır yol-nəqliyyat hadisələrində həyatını itirən insanlar, oğurluq nəticəsində maddi ziyana düşən insanlar lazımdır yoxsa işıqlandırıb bir az pul xərcləmək lazımdır. Bunu özlərində ayırd edib seçsələr, düzgün bir mövqeyə gəlib çıxa bilərlər". 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh