
Cərimə, faiz, kreditlər və vaxtsız iş rejimi... – Taksi sürücüləri problemlərindən danışdı

Taksi sürücüləri arasında narazılıq baş qaldırır. Sərnişinlər onlardan şikayətçi olduğu kimi, onların da sayıb-tükənməz problemləri toplanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah” mövzu ilə əlaqədar bir neçə taksi sürücüsü ilə həmsöhbət olub.
Məcburiyyətdən taksi fəaliyyəti ilə məşğul olduğunu deyən Elman Abdullayev son vaxtlar gəlirlərin kəskin azalmasından gileylənir:
“Başqa sahədə iş tapa bilmədiyim üçün taksi sürürəm. Yorucu və əziyyətli işdi. Çoxları qıraqdan baxıb deyir ki, bəs daş daşımırsız, qaya qaldırmırsız. Mən deyim, sən say. Maşının öz xərcləri, yanacaq pulu, yeməyi-içməyi. Dedilər, buraxılış ili 8 ildən yuxarı maşınlara lisenziya verməyəcəklər. Gedib təzə maşın aldım. Özü də lizinqlə. Qazandığımı demək olar ki, kreditə verirəm. Elə gün olur ki, 15 saat işləyirəm. Hətta 20 saat işlədiyim gün olub. Əvvəllər taksidə çörəkpulu var idi, son 1 ildi o da yoxdur”.
Sürücü Turxan Vəkilov isə bildirib ki, taksi fəaliyyətində yaşadığı ən böyük problem cərimələrlə bağlıdır:
“Bəzi sürücülər taksinin adını bədnam çıxarıb. Burada şirkətlər də günahkardır. Kimi gəldi işə götürürlər. Sürücülük vəsiqəsi olsun, bəsdir. Yol hərəkət qaydaları da imkan vermir ki, işləyək. Haradasa saxlayıb müştəri götürürsən cərimə, müştəri düşürürsən cərimə. Biz, yetimlər qazanmayaq? Gərək qanunsuz adam daşıyaq?”
Təxminən 10 ildən çoxdur ki, taksi sürücüsü işləyən Murad Gözəlov şirkətlərin 25 faiz tarifinə görə “manatlıq” taksiyə keçdiyini dilə gətirib:
“Dəqiq vaxt yadıma gəlmir, amma hardasa 6 ay əvvəl idi. Taksi sürücüləri şirkətlərə hər gedişdə qazandığı pulun 17 faizini ödəyirdi. Sonra elədilər 25 faiz. Təsəvvür elə, mən 10 manatlıq gedişdə 2 manat 50 qəpik şirkətə verirəm. Onun üstünə gəl maşının xərclərini, yanacağın pulunu. “Mənəm-mənəm” deyən sürücüsənsə ən az həftədə 1 dəfə də cərimə gəlir. Vur, çıx, böl. Ortada bir şey yoxdu. İndi “20 Yanvar”dan Sumqayıta adam aparıram. Bu şirkətlə işləməkdən daha sərfəlidi. Bilirsən ki, bir toçkadan götürüb, o birisinə aparırsan”.