”Demokratiya, yoxsa telekanallarda əxlaqsızlıq!” - Rafael Cəbrayılov yazır
Bəşəriyyətin tarixi sanki demokratiya uğrunda mübarizənin tarixidir. Çünki, bəşəriyyətin mövcudluğunun ən böyük nailiyyəti demokratiyanin hazırkı səviyyəsinin əldə olunmasıdır. Bu ona görə böyük nailiyyətdir ki, bütün mühüm və fundamental insan hüquqları məhz, demokratiyanın mövcudluğundan qaynaqlanır. Denokratiya insanın özünütesdiqi və insan hüquqlarının genişlənməsi ücün nə qədər geniş imkanlar açırsa, ondan sui-istifadə də bir o qədər böyük problemlər yaradır, milli-mənəvi dəyərlərin aşınmasına, dəyər olmayan davranış formalarının meydana çıxmasına səbəb olur.
Auditoriyası geniş olan fəaliyyət sahələrinin, o cümlədən telekanalların milli-mənəvi dəyərlərlə bağlı məsələlərə ciddi fikir vermələri vacibdir. Təəssüflə qeyd etmək istərdim ki, telekanallarımızın əksəriyyəti efirə verdikləri şou-proqramlarda milli-mənəvi dəyərlərə əhəmiyyət vermir, ikrah hissi doğuran, bayağı şou-proqramlarla efir məkanını “çirkləndirirlər”. Əksər hallarda bu proqramlar milli-mənəvi dəyərlərimizlə uzlaşmayan qeyri-etik davranış, jarqon ifadələr, söyüşlər, hətta, əxlaqsiz epizodları da özündə ehtiva edir. Aparıcıların danışıq qabiliyyətlərindən isə danışmağa dəyməz. Bütün bunlar insanların haqlı narazılıqlarına səbəb olur. Seçicilərimlə görüşlərdə, seçici məktublarında bu məsələlər mütəmadi qabardılır.
Düşünürəm ki, bu məsələnin cox ciddi müzakirəsinə ehtiyac var. Telekanallarımız milli-mənəvi dəyərlər müstəvisinə dəvət olunmalı, cəmiyyətə əxlaqsızlıq aşılayan şou-proqramların qarşısı qetiyyətlə alınmalıdır. Kiminsə əxlaqsızlığını müzakirə etmək istəmirik. Xalqın istəyi ondan ibarətdir ki, əxlaqsız şəxs öz əxlaqsız həyat tərzini efirə gətirməsin və əxlaqsızlığın təbliğinə çalışmasın.
Üzümü həmin telrkanalların rəhbərlərinə tutub deyirəm ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri ilə istədiyiniz kimi rəftar edə bilməzsiniz. “Efir əxlaqsızlığı”na son qoyun!
Rafael Cəbrayılov,
Milli Məclisin deputatı