Dizellə işləyən avtomobillər qadağan olunur? – AÇIQLAMA
Ölkəmizdə avtomobillərin müəyyən hissəsi dizeldən istifadə edir. Dizel yanacağının ucuz olması sürücüləri daha çox cəlb edir. Lakin bu yanacaq növünün ekoloji cəhətdən zərərli olduğu iddia edilir. Bu isə dizeldən istifadə məsələsində təzadlı fikirlər meydana çıxarır.
Avtosfer.az xəbər verir ki. Bununla bağlı Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov Redaktor.az-a açıqlama verib.
O, bildirib ki, hazırda ekologiyaya mənfi təsir edən əsas problem dizel yanacağı deyil, istismar müddəti bitən nəqliyyat vasitələrinin işləməsidir: “Uzun müddət öncə nəqliyyatçılar dizelləşmə prosesinin daha sərfəli olduğunu və dizel yanacağından atılan zəhərli maddələrin ekologiyaya daha az ziyan vurduğunu bildirirdilər. Bir müddət öncə Almaniyada dizel mühərriklərinin istismarı qadağan ediləndən sonra, Azərbaycanda da bu məsələ aktuallaşmağa başladı. Lakin bu məsələ elmi cəhətdən dəqiqləşdirilməyib. Əslində, benzinlə işləyən karbürator mühərriklərində karbon qazının havaya atılan miqdarı dizellə işləyən mühərriklərə nisbətən daha çoxdur. Sadəcə dizel mühərriklərində müəyyən qədər tüstünün olması və işədüşmənin bir qədər çətin olması kimi mənfi cəhətlər var.
Ölkəmizdə 30-40 il öncədən qalmış karbürator mühərrikləri ilə işləyən nəqliyyat vasitələri var.
Bu nəqliyyat vasitələrində yanma prosesi natamam getdiyinə görə, havaya ekoloji cəhətdən zəhərli qazlar daha çox buraxılır. Bununla bağlı təmizləmə işləri həyata keçirilməli və standarta uyğun nəqliyyat vasitələrindən istifadə edilməlidir. İstismar xüsusiyyətləri nəzərə alınandan sonra, dizel yanacağı ilə bağlı qəti qərar vermək olar. Ölkəmizdə nəqliyyat vasitələrinin ekoloji təmizliyini və zərərli qazların faizini ölçən cihazlar yoxdur. Zərərli qazları çox buraxan nəqliyyat vasitələri xəttən çıxarılmalıdır. Bir şərtlə, əhaliyə çox ziyan dəyməsin.
Dizel yanacağını standartlara uyğunlaşdırmaq lazımdır.
Müasir dizel mühərrikləri var ki, onlardan uzun müddət istifadə etmək olar. Dizel yanacağının qadağan olunması və ya istifadəsinin məhdudlaşdırılması benzinin qiymətinə təsir edə bilər. Lakin baş verən bahalaşma uzun müddət davam edə bilməz. Çünki uzunmüddətli bahalaşma nəqliyyat strategiyasına mənfi təsir göstərər.
Sıxılmış təbii qaza maraq arta bilər.
Yüksək standartlara uyğun və təhlükəsizliyi təmin olunan qaz balonlarından istifadə edilməsi sərfəlidir. Bəzi ölkələrdə elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən nəqliyyat vasitələri var. Ümumiyyətlə, alternativ yanacaqlar yarandıqca dizel və benzinlə işləyən avtomobillərin sayı azalacaq. Bu, normal haldır”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür.