Banner

Ekspert Bakıdakı tıxacın səbəbini AÇIQLADI: "İstəyirlər ki, camaatın əsəbləri korlansın..."

Yazarlar 11 Aprel 2023 18:47 Oxunub 1532
Ekspert Bakıdakı tıxacın səbəbini AÇIQLADI:  "İstəyirlər ki, camaatın əsəbləri korlansın..."
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlum olduğu kimi, Bakının tıxac problemi hələ də həll olunmamaqdadır. İstər şəhərin mərkəzi küçələrində, istərsə də digər küçələrdə günün hər saatında addımbaşı tıxacla üzləşirsən. Xüsusilə də Bakı-Sumqayıt yolundakı tıxac artıq hər kəsin əsəblərini tarıma çəkib. 

Qeyd edək ki, keçən il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair işçi müşavirə keçirilib. Tapşırığa əsasən tıxac problemi ilə bağlı Tədbirlər planı hazırlanıb. Lakin hələ də ciddi işlər görülmür.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, konkret işlər ona görə görülmür ki, aidiyyəti qurumlar işləri yarımçıq saxlamağı üstün tuturlar.

Onun sözlərinə görə, aidiyyəti qurumların belə bir yanaşması var:

"Bütün işləri yarımçıq qoymağa çalışırlar ki, iki ay, üç ay, beş ildən sonra təzədən bir layihə verilsin. Nəsə yeni bir iş görsünlər. Bakı-Sumqayıt yolu ilə bağlı problem keçmiş Nəqliyyat Nazirliyinin dövründə əslində həll oluna bilərdi. Amma təəssüflər olsun ki, onlar bunu etmədilər, edə bilmədilər. Belə olan halda indiki problemlər yaşandı. Yəni "Şamaxinka" dairəsində, "20 Yanvar"da yaratdıqları problem bu gün Bakı-Sumqayıt yolunda dəhşətli tıxaca səbəb olur. Gətirib ona çıxarır ki, orada hərəkət tıxanır. Eyni problem üzü Sumqayıt istiqamətində, Xırdalan dairəsində yaşanır. Həmin dairəni iki ildən çox olar ki, genişləndirdilər və bu genişləndirmə zamanı yenə də yarımçıq bir iş saxladılar. Xırdalan dairəsindən sağa, yəni köməkçi yol vasitəsilə Xırdalana çıxan sürücülər üçün yenə də bir problem yaratdılar. Orada biz ilkin variantda təklif etmişdik ki, Koroğlu metrostansiyasının üzərindəki asma körpü modelini tətbiq eləsinlər. Bu təklifi də təəssüflər olsun, nəzərə almadılar. Öz bildiklərini elədilər. İndi orada problem yenə də qalır. Yəni Xırdalana getmək istəyənlər yenə həmin dairədə tıxacda olurlar. Saatlarla orada vaxt itirirlər. Söhbət nədən gedir? Söhbət "Ekologiya postu"na qədər uzanan tıxacdan gedir, orada kimlərinsə obyektini sökməmək üçün güzəştdən gedir. Bax, belə davranışlar nümayiş etdirdilər və nəticədə problem orda həll olunmamış qaldı".

E.Muradlının sözlərinə görə, indi yəqin gözləyirlər ki, nə vaxtsa dövlət tərəfindən pul ayrılacaq, aidiyyəti qurumlar da o işləri yenə təzədən görəsi olacaqlar.

"Bax, belə-belə işi uzadırlar. Yəni bunların məqsədi ancaq odur ki, camaatın əsəbləri korlansın, tıxac, problem yaransın və nəticədə bunlar iş görsün, pul qazansınlar" -  deyə ekspert vurğuladı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh