Banner

Elektromobil doldurma məntəqələri çatışmazlığı necə həll ediləcək? - Ekspertdən TƏKLİF

Yazarlar 17 Aprel 2023 19:24 Oxunub 1946
Elektromobil doldurma məntəqələri çatışmazlığı necə həll ediləcək? - Ekspertdən TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycana tam elektrik avtomobillərin idxalı 6 dəfəyə yaxın artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin ilk rübündə (yanvar-mart) Azərbaycana 408 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.

Ötən ilin eyni dövründə isə 70 ədəd idxal edilmişdi. Onu da əlavə edək ki, 2023-cü ilin ilk rübündə ölkəmizə 3047 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal edilib. 2022-ci ilin ilk 3 ayında isə bu rəqəm 140 idi.

Görünən odur ki, benzinin qiymətinin sürətlə bahalaşması insanları elektromobillərə yönəldib. Lakin sözügedən avtomobillərin enerji ilə təmin olunması məsələsində bir az çətinliklərin olması da sürücüləri narahat edir. 

Ümumiyyətlə, elektromobilləri harada enerji ilə təmin etmək olar? Bunun üçün sadəcə yüksək gərginlikli elektrik şəbəkəsi lazımdır? Gələcəkdə xüsusi elektromobil doldurma məntəqələri yaradıla bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında bildirib ki, elektrik mühərrikli avtomobillərə bütün dünyada təlabat var:

“Artıq Avropa İttifaqı da belə bir qərar qəbul edib ki, 2035-ci ildə Avropada dizel, benzin və digər mühərrikli avtomobillər istehsal olunmayacaq.

Yəni istehsal edib, başqalarına sata bilərlər, amma özləri sürməyəcəklər. Bu isə o deməkdir ki, artıq 12 ildən sonra Avropada hər kəs elektrikli avtomobil idarə edəcək. Düzdür, onlar bunu ətraf mühiti qorumaq üçün etmir. Artıq Avropada enerji problemi yaşandığı üçün vəziyyətdən çıxış yolunu bunda görürlər. Azərbaycan da Avropanın və dünyanın bir parçasıdır. Bizim ölkəmiz də inkişafa doğru müəyyən addımlar atmalıdır və atır da. Bizim qarşıya qoyduğumuz hədəfə necə çatmağımız məsələsi bir az problemlidir. Çünki Azərbaycanda kifayət qədər elektrik doldurma məntəqələri yoxdur.

Demək olar ki, bunlar sadəcə paytaxtın mərkəz küçələrində olur. Kənara çıxdıqda isə bunu görmürük. Məsələn, avtomobillə Gəncəyə getsəniz orada elektromobil doldurma məntəqəsi olmadığı üçün həmin maşını evakuatorun üzərində geri qaytaracaqsınız. Bu, çox ayıb bir şeydir, yaxud da avtomobili saatlarla adi elektrik şəbəkəsinə qoşmaq məcburiyyətində qalırsınız. Bu da düzgün yanaşma deyil. Ona görə də bütün bölgələr üzrə bu məsələyə ciddi yanaşılmalıdır. Belə olan halda, müəyyən məsələlərin həllinə nail olmaq mümkündür”.

Ekspert bununla bağlı dövlət proqramı olduğunu da xatırladıb: “Bu gün ortada 2019-2023-cü illəri əhatə edən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı” var. Bu, 2018-ci ilin dekabr ayında təsdiqlənib və artıq müddəti bitir. Bəs bu illər ərzində hansı işlər görülüb? Yalnız boş vədlər və düşüncələr deyilib. Mən başqa heç nə görməmişəm və bu istiqamətdə də hansısa ciddi addım atılmır. Sadəcə, elektrik avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı müəyyən güzəştlər oldu. Yaxşı, güzəşt tətbiq olunursa bəs elektromobil doldurma məntəqələri niyə günü-gündən azalır? Nə üçün elektrik avtomobillərinə gömrük rüsumları və əlavə dəyər vergisi ilə bağlı güzəştlər olur, amma həmin avtomobilin ehtiyat hissələri heç bir güzəşt tətbiq olunmur? O qədər boşluqlar buraxırlar ki, insanlar elektrik avtomobilləri alsalar da, ondan istifadəni hələ nizamlaya bilmirlər”.

Elməddin Muradlı qeyd edib ki, elektrik avtomobilləri ilə hər yerə getmək mümkün olmalıdır: “Elektrik avtomobilləri yalnız Bakıda sürmək üçün nəzərdə tutulmayıb, biz onunla hər yerə gedə bilməliyik. Bunun üçün isə şərait yaradılmalıdır. Elə etmək lazımdır ki, bütün otellər və restoranlar elektromobil doldurma məntəqəsi yaratsın. Yəni müştərilər ora elektromobillə gedəndə küçələrdə qalmasın. Həmçinin, istirahət mərkəzləri və digər obyektlər də bunu təmin etməlidir. Dövlətin bu istiqamətdə ciddi yanaşmaları olmalıdır. Amma bizdə ortaya o boyda dövlət proqramı qoyulsa da, yanaşma sıfır vəziyyətindədir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh