Əlinin qucağından Vəlinin qucağına və ya sahəvi saytlara kor baxanlar
MEDİA-nın İnkişafı Agentliyi saytların və qəzetlərin siyahısını açıqlayıb. Qalib olan bütün həmkarlarımı təbrik edirəm. Düzdür, aralarında üzünü 23 illik jurnalist fəaliyyətim boyunca bir dəfə də açmadığım qəzetlər və saytlar da var. Amma hər bir halda oradan maaş alan həmkarların xətrinə "xeyirli olsun" deyirəm. Amma mediaya bu cür yanaşmaq düzgün deyil. İstər MEDİA Agentliyi olsun, istər ondan yuxarıdakı qurum. Sahəvi saytları kənarda qoymaq düzgün deyil. Bütün dünyada sahəvi saytlar, qəzetlər, TV-lər trendə çevrilib. Amma bizdə bəzi sovet düşüncəli adamlar hesab edir ki, ancaq siyasətdən, hansısa müğənninin dalının şişməsindən, hansısa müğənninin ərinə çəp baxmasından yazan saytlar maliyyə yardımı ala bilər.
Ölkədə yol terroru baş verir, hər gün yollarda ölüm var. Prezident tərəfindən imzalanan Dövlət Proqramı var, Baş nazir tərəfindən yol hərəkəti təhlükəsizliyinə dair sərəncam var, baş nazirin müvaini bu yaxınlarda Hibrid və elektromobillərlə bağlı Yol xəritəsi imzalayıb. Amma sizin o pul ayırdığınız mediada bu işlərə çox az yer ayrılır, bəzilərinin isə heç xəbəri də yoxdur.
Sosial çarxlar yox, ciddi təbliğat yox. Gərək birinizin balası yol qəzasında ölsün, yaralansın, şikəst olsun, sonra deyəsiz ki, bəli, təbliğat lazımdır?
Mən Avtosfer.az saytının rəhbəri kimi konkret bir sahə ilə məşğul oluram - yol hərəkəti qaydaları, nəqliyyat sahəsi, avtomobil sektoru. Bəziləri kimi hərşeyşünas olmaq istəmirəm. Sən kimsən axı "sahəvi saytlara pul düşmür" deyirsən?
Bu nə qaydadır ki, ancaq ictimai-siyası və idman saytları nəzərə alınır? Ölkədə iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, diaspora və digər sahələrlə peşəkar şəkildə məşğul olan saytlar var. Niyə onlar kənarda qalmalıdır? Konkret bir sahə üzrə işləyən, peşəkarlaşan media sizə lazım deyil? Avtosfer.az saytında hər gün elə yazılar yayılır ki, ölkədə gündəm olur, TV-lər, saytlar reaksiya verir, hamı maraqlanır, hamı fikir bildirir. Digər sahəvi saytlarda da elədir. Ədəbiyyat, mədəniyyət sahəsi üzrə olan saytlar bu sahənin adamları arasında sevilir. Niyə imkan vermirsiz ki, inkişaf etsinlər?
Başqa vaxt dünya təcrübəsindən danışırsınız. Amma beyniniz sovet təcrübəsində qalıb. Dünyada sahəvi saytlar bir yana, artıq sahəvi radio və TV kanallar fəaliyyət göstərir. Heyvanlar aləmi, balıqçılar kanalı, moda kanalı, şou kanalı və daha nələr-nələr. Sənsə deyirsən ki, yox, hamı mütləq ictimai-siyasi hadisələrdən yazmalıdır. Yazan kimi də zəng edəcəksiz ki, onu yazmayın, bunu silin və sair...
Qərar verəndə vicdanla verin, ədalətli olun. Sizə sağlam cəmiyyət lazımdır? Peşəkar sürücü yetişdirən, dövlətin nəqliyyat siyasətini dəstəkləyən, təbliğ edən, mədəniyyətə, ədəbiyyata, iqtisadiyyata peşəkar yanaşan saytlar lazımdır, yoxsa ancaq tezis yazanlar?
Başa düşürəm, tezissiz alınmır, dünyanın hər yerində var. Amma daha bu qədər də olmaz axı. Mən o sahəvi sayt deyib kənarda saxladığınız saytların monitorinqini aparacam, 6 ay ərzində sizə sübut edəcəm ki, onlar daha çox fayda verir, nəinki sizin o "müqəddəs siyahınızdakı" bəzi yararsız saytlar.
Əlinin qucağından düşüb Vəlinin qucağında oturanlara bel bağlamayın! Əmin olun ki, bir gün sizin də şəklinizi Toliklə birlikdə paylaşıb biabır edəcəklər. Necə ki, vaxtilə "Əli müəllim" deyib yanında quyruq bulayanlar Əli Həsənov vəzifədən gedəndən sonra bunu etdilər.
Elməddin Muradlı